"Sumqayıt"ın məşqçisi iddialı danışdı: "Avroliqaya vəsiqə qazana bilərik, niyə də yox?"

"Yerli futbolçulardan möhkəm yapışmaq lazımdı"

 

“Sumqayıt”ın qapıçılarla işləyən məşqçisi Etibar Tarıverdiyevin Sportal.az saytına müsahibəsi

 

“Neftçi”, “Xəzər Lənkəran”, “Kəpəz” kimi klublarımız qış təlim-məşq toplanışını ölkədə keçirsə də “Sumqayıt” Antalyaya üz tutdu. Bu toplanış sizin üçün nə qədər səmərəli oldu?

Bu toplanış bizim üçün hərtərəfli səmərəli oldu. Antalyada 4 yoxlama matçı keçirdik ki, bu oyunların hər birində güclü rəqiblərlə qarşılaşdıq. Əminəm ki, çempionatın qalan hissəsində bu toplanışın bəhrəsini görəcəyik.

 

Qış transfer dönəmində “Sumqayıt” ölkə futbolunda bir neçə tanınmış simanı heyətinə qatdı. Onların içində millinin qapıçısı Səlahət Ağayev də var. Onun keçidi ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.

“Sumqayıt” Səlahət üçün yad komanda deyil. Çünki Ağayev “İnter”ə elə “Sumqayıt”dan getmişdi. Onun potensialına burada hər kəs bələddi və Səlahətə inamımız çox böyükdü. “Sumqayıt” kimi açıq futbol oynayan komandaların öz qapısı önündə də hər zaman təhlükəli məqamlar yaranır. Belədə qapıçıların üzərinə böyük yük düşür. Bu baxımdan komandada Səlahət kimi qapıçının olması bizim üçün çox vacibdi.

 

Səlahət Ağayevin komandaya gəlişi o demək deyilmi gənc Tərlan Əhmədli əsas heyətdə yerini itirdi?

Səlahət daha təcrübəli qapıçıdı. Amma bu o demək deyil ki, Tərlan oynamayacaq. Futbol rəqabəti sevir. Onu da deyim ki, Tərlan Əhmədliyə olan ümidlərimiz böyükdü. Əlimdən gələni edirəm ki, futbolumuz üçün yaxşı qapıçılar yetişdirim. “Sumqayıt”da bu işə çox əmək sərf edirik. Əgər klubumuzda olan gənc qapıçılarla fərdi şəkildə düzgün iş aparsaq, qarşıdakı illərdə yaxşı qapıçılar üzə çıxara biləcəyik.

 

Premyer Liqanın ilk hissəsində “Sumqayıt” qapısında ən çox qol görən (28 top) komanda oldu. Bunu qapıçılarınızın təcrübəsizliyi ilə əlaqələndirmək lazımdı?

Arxada qalan iki dövrədə “Sumqayıt”ın qapısını 21 yaşlı gənclər qoruyub. Bizdən başqa Premyer Liqada heç kim 1994-cü il təvəllüdlü qapıçılara bu qədər etimad göstərməyib. Ona görə də səhvləri normal sayırıq. Futbolçu səhv edə-edə düzgün oynamağı öyrənir. Qapıçı elə bir mövqedir ki, bu uşaqlar oynamasa, onları futbolumuz üçün qazana bilməyəcəyik. Özü də qapıçı qola son əngəl olduğu üçün adətən bütün səhvləri qapıçılarda görürlər. Ancaq bizdə həmişə təhlillər zamanı hücumun haradan, kimin səhvindən başlandığına diqqət yetirilir.

 

Bəzi ölkələrin çempionatlarında əcnəbi qapıçıların gətirilməsinə qadağa qoyulub. Yəni, qapını mütləq yerli qorumalıdır ki, bu mövqedə milli üçün problem olmasın. Bizdə də eyni qaydanı tətbiq etmək nə qədər doğru olar?

Belə bir qərar vermək üçün ölkədə bütün Premyer Liqa klublarında çıxış edəcək sayda səviyyəli qapıçıların olması gərəkdi. Bizdə isə bu sahədə axsama var. Digər tərəfdən avrokuboklarda çıxış eləyən klublarımızı da nəzərə almalıyıq ki, əcnəbi qapıçıların onlara xeyri az dəymir. Ancaq zamanla belə bir limit tətbiq olunsa, yaxşı olar. Bunun üçün akademiyalarda qapıçılarla daha yaxşı iş getməlidir ki, istedadlar üzə çıxsın və belə bir qayda tətbiq olunsun. Çünki bu gedişlə gələcəkdə millidə dayanmağa qapıçı tapmaya bilərik. Bu gün ölkə futbolunda böhrandı, daha səviyyəli legionerlər dəvət eləməyə imkan yoxdu. Ona görə də yerli futbolçulardan möhkəm yapışmaq lazımdı, ələlxüsus da qapıçılardan.

 

Bu mövsümün gedişi onu göstərir ki, “Sumqayıt” üçün Avroliqaya vəsiqə qazanmaq əlçatmaz deyil. Şanslarınızı necə dəyərləndirirsiz?

Bu tapşırığın öhdəsindən gəlsək, çox sevinərik. Belə baxanda, Avroliqaya vəsiqə qazana bilərik, niyə də yox?

Tarix: 27 Yanvar [11:38]
Oxunub: 644 dəfə
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29 Mart 2017
28  Mart 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio