Elvin Məmmədov: "Zirə"də mənim oynamağım üçün münasib şərait var"

00:19 - 29 Yanvar 2016

"Daha çox forma şansı əldə etmək istəyirəm"
 
Xəbər verdiyimiz kimi “Qarabağ” Elvin Məmmədovla yollarını ayırıb.
 
Sportal.az xəbər verir ki, millimizə də dəvət olunan yarımmüdafiəçi Ağdam klubundan ayrılan kimi, "Zirə"yə keçib.
 
O, bu keçidi ilə bağlı fikirlərini bölüşüb: “Antalya hazırlığı zamanı bu qərara gəldim. Çünki ötən mövsüm daha çox forma şansı əldə etmişdim. Ancaq bu il nadir hallarda meydana çıxırdım. Üstəlik təlim-məşq toplanışı zamanı öz mövqeyimdə oynadılmırdım və hiss edirdim ki, fasilədən sonra da əsas heyətə düşə bilməyəcəm. Təbii ki, bu amil mənim karyerama mənfi təsir göstərəcəkdi. Üstəlik milli komandaya da çağrılmaya bilərdim. Bu səbəbdən toplanışdan qayıtdıqdan sonra baş məşqçi Qurban Qurbanovla söhbət etdim. O da bildirdi ki, heyətdə futbolçu çoxdur. Ola bilər ki, mövsümün sonuna qədər sənə bir neçə oyunda şans verim və ya heç meydana buraxmayım. Bu səbəbdən razılığa gəldik ki, müqaviləyə son verək və hər kəslə halallaşaraq, “Qarabağ”la yollarımı ayırdım".
 
Məmmədov "Zirə"yə keçidinə də toxunub: “Zirə”nin məşqçisi Ayxan Abbasov mənimlə əlaqə saxladı və komandaya dəvət etdi. Karyeramı bu klubda davam etdirəcəm. Çünki burada mənim oynamağım üçün münasib şərait var. Daha çox forma şansı əldə etmək istəyirəm. İnanıram ki, bu qərarım düzgün addım olacaq və yeni komandama oyunumla uğur qazandıracam”. (CBC)

Xəbər xətti