"Turan Tovuz"un baş məşqçisi: "Əsas məqsədimiz ilk beşlikdə qərarlaşmaqdır" MÜSAHİBƏ

16:16 - 20 Fevral 2016

“Hazırlığımızı normal dəyərləndirərdim”

 

Artıq I Divizionda qış fasilə başa çatıb. Təlim-məşq toplaışlarını başa vuran komandalar ikinci dövrənin ilk turunda meydana çıxıbar. Hazırlığı Tovuzda həyata keçirən “Turan Tovuz” Gürcüstana səfər etməklə də yadda qalıb. Rustavidə yerli komanda ilə yoxlama görüşünə çıxan tovuzlular ikinci dövrəyə də qələbə ilə başlayıb.

 

Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Nizami Sadıqov klubun "facebook" səhifəsinə qış hazırlıq dövrü, transferlər və məqsədlər haqqdında danışıb.

 

- Bildiyiniz kimi təlim-məşq toplanışını Tovuzda həyata keçirdik. Yanvarın 10-dan sonra toplaşdıq və hazırlıqlara start verdik. Komandanı ikinci dövrəyə hazırlamaqla yanaşı heyəti komplektləşdirmək və axsadığımız mövqeləri gücləndirmək üçün seleksiya işlərini də həyata keçirdik. Bu arada 7 yoxlama görüşü də keçirdik. Sonuncu dəfə isə Gürcüstan təmsilçisi “Rustavi” ilə oyunda komandanı yoxlamaq imkanımız oldu. Ümumilikdə hazırlığımızı normal dəyərləndirərdim.

 

- Yoxlama oyunları sizdə hansı təəssürat yaratdı? Komandanı hazır saymaq olarmı?

- Bu oyunlarda nəticə elə də vacib deyil. Əsas çatışmazlıqlarımızı aşkarlamaq və onları aradan qaldırmaq üçün məşqlərimizi o yöndə qurmaq istəyirdik. Bununla yanaşı yeni futbolçuları da sınaqdan keçirdik. Deyərdim ki, müsbətə doğru çox dəyişiklik oldu.

 

- Komandaya yeni qoşulan futbolçular haqda nə deyə bilərsiniz?

- Qeyd etdiyim kimi bəzi mövqelərdə çatışmazlıqlar var idi ki, onları aradan qaldırmaq üçün bəzi futbolçuarı sınaqdan keçirdik. Uyğunlaşma prosesi də demək olar ki, arxada qalır. Komandaya tam adaptasiya olmaları üçün biraz zamana ehtiyac var. Ümid edirəm onlar komandaya kömək edə biləcəklər.

 

- Heyəti tam komplektləşdirə bilmisinizmi?

- Demək olar ki, bəli. Bəzi çatışmazlıqların üzərində məşqlərdə çalışıb aradan qaldırmağa çalışacağıq. Komandanı ikinci dövrəyə hazır saymaq olar.

 

- Artıq ikinci dövrəyə start verildi. İlk oyunda “Göyəzən”i məğlub etdiniz...

- Meydançanın vəziyyəti yaxşı olmadığından tam potensialı meydanda yanstmaq mümkün deyil Bununla belə qələbə ilə başlamağımız yaxşı oldu. Hətta daha böyük hesablı qələbə qazana bilərdik. Lakin bir-neçə qol epizodunu dəyərləndirə bilmədik.

 

- Komandanın qarşısına qoyulan məqsəd nədir?

- Əsas məqsədimiz mümkün qədər çox xal toplayıb ilk beşlikdə qərarlaşmaqdır. Bununla yanaşı gənc futbolçuları üzə çıxarıb onları komandamıza, futbolumuza qazandırmaq istəyirik. Artıq U-14, U-17 komandalarımızda çıxış edən bir-necə gənc və perspektivli uşaqları əsas heyətə cəlb emişik. Onları da diqqə mərkəzində saxlayıb, inkişaf etmələri üçün əlimizdən gələni edəcəyik.

Xəbər xətti