General olmaq istəməyən əsgər

10:15 - 21 Fevral 2016

"Menşe"lər "Neftçi"si

 

Sadıq Sadıqov pis öyrətmişdi "ağ-qara"ların azarkeşlərini. Onun prezidentliyi dövründə “Neftçi” ya həmişə çempionluq üçün mübarizə aparırdı, ya da ən pis halda ölkə kubokuna qarmaq atırdı. Hanı indi o vaxtlar? Bugünkü “Neftçi”nin başında daha general dayanmır, əsgərlərin ümidinə qalıb ölkənin ən köklü klubu...

 

“Neftçi” ötən gün “Qarabağ”a uduzdu. Yox, yazımın mövzusu bu məğlubiyyət deyil. Onsuz da hamı qəbullanıb ki, son illərin bir nömrəsi “Qarabağ”dı. Belə baxanda, “Neftçi” bu mövsüm “Qarabağ”ı məğlub da edib. Yəni, “Qarabağ”la son oyunu qoyaq bir kənara. “Neftçi”nin Müşahidə Şurasında əyləşənlər bu klubu hansı kökə saldıqlarının fərqinə varmırlarmı? Bu “Neftçi” daha çox ortababa bənzəyir, nəinki çempionluğa oynayana. Təsadüfü deyil ki, “Neftçi” dünya futbol liqalarında ən çox “menşe” oynayan klubların siyahısına düşüb. Həmin siyahıda ölkəmizdən bir də AZAL var. AZAL-ı başa düşdük, bəs, ölkənin ən köklü klubuna nə olub?

 

Digər tərəfdən “Neftçi”ni kimin çalışdırdığına baxınca, bunu normal hal kimi qəbul etmək olar. Əsgər Abdullayev bu günə qədər harda olubsa, həmin komanda nə bir qoldan çox vurub, nə də bir qoldan çox buraxıb əksər hallarda. Əsgər müəllim həmişə komandalarını əsgər psixologiyası ilə çalışdırıb. “Neftçi”də də ənənəsinə sadiq qalır. Baş məşqçi postuna keçəndə, sələfi Samir Əliyevin təcrübəsizliyinə işarə vurmuşdu. Amma Samir Əliyev hər nə qədər təcrübəsiz olsa da, “Neftçi” onun rəhbərliyi altında daha baxımlı, daha cəsarətli futbol oynayırdı. Deyə bilərsiz ki əsas oyun yox, nəticədi. Axı, Əsgər Abdullayevin sönük futbolu ciddi nəticə də vermir. Turnir cədvəlindəki vəziyyətə baxsaz, fikirlərimin həqiqiliyinin şahidi ola bilərsiz. Heyətində Araz Abdullayev, Elşən Abdullayev, Rəhman Hacıyev, Aniete kimi yaradıcı futbolçular olan komandanı hər məşqçi bu hala sala bilməzdi, Əsgər Abdullayev bunu da elədi...

 

General olmaq istəmir, əsgər qalmağa üstünlük verir Abdullayev Əsgər. Amma onda günah yoxdu, günah onu ora təyin eləyənlərdədi. “Neftçi” bu oyunla çətin ki avrokuboklara vəsiqə qazansın. Bütün ümidlər ona bağlanıb ki, “İnter” cəzalansın, “Zirə”yə iştirak hüququ verilməsin və “Neftçi” hazıra nazir ölkəmizi Avropada təmsil etsin. Bu klubu bu günə hər rəhbər sala bilməzdi, bunu da Çingiz Abdullayev elədi...

 

Orxan

Xəbər xətti