Vaqif Sadıqov: "Gəncə futbolu düzgün yoldadır" MÜSAHİBƏ

"Gəncədə müasir tələblərə cavab verən stadion olmalıdır"

 

AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov kapazpfc.az saytına müsahibə verib.

 

Sportal.az sizi həmin müsahibə ilə tanış edir:

 

 

- Vaqif müəllim, başçılıq etdiyiniz Məşqçilər Komitəsi Gəncəyə səfər edib “Kəpəz” rəhbərliyi ilə görüşdü. İstərdim ilk öncə səfəriniz haqda danışaq.

 - Əvvəlcə onu deyim ki, bir ildən çox idi Gəncəyə yolum düşmürdü. Bütün ölkədə gedən inkişaf prosesi Nizami yurdunda da göz qabağındadır. Qürur hissi ilə qeyd edim ki, şəhəriniz tamamilə dəyişib. Bundan da yaxşı olacağına inanıram. O ki qaldı səfərimizə, layihə çərçivəsində klublarla görüşürük. Yaxşı gündə bəlkə də bu cür görüşlərə ehtiyac duyulmur. Amma biz istəyirik müasir futbol kimi Azərbaycan futbolu da addım-addım inkişaf etsin. Ona görə də klublarla görüşüb, onların problemləri ilə maraqlanırıq. Aparılan işlərlə tanış olub, lazım olan yerdə tövsiyyələrimizi veririk. Klubların təklifini dinləyib, AFFA rəhbərliyinə çatdırmağa çalışırıq. Müzakirələrlə problemlərin həlli yollarını tapırıq. Gəncə futbolu ilə bağlı həllini tapmış məsələlərdən biri “Gənc qapıçılar klubu”nun fəaliyyətinin bərpa olunmasıdır. Qərb səfəri öncəsi AFFA-nın baş katibi Elxan Məmmədov tərəfindən bizə bildirildi ki, martın 1-dən klub işini davam etdirməyə başlayacaq.

 

- “Kəpəz” klubunun rəhbərliyi ilə nəyi müzakirə etdiz?

- Öncə bir il əvvəl AFFA tərəfindən klubun elitaya qaytarılmasının çox düzgün addım olmasını bildirməliyəm. “Kəpəz”in çıxışı bunu təsdiq edir. Komandanın çoxlu sayda azarkeşi var. Ev oyunlarında 20 mindən çox tamaşaçı stadiona toplaşır. Güclü azarkeş dəstəyi göstərir ki, Gəncə böyük futbol üçün darıxıb. Şəhər futbolla yaşayır, bu, danılmazdır. Uğura gedən yol bir neçə amillərdən asılıdır. Ən vaciblərindən biri də ənənədir. Gəncə futbolunda da həmişə ənənə olub. Burada yetişən futbolçular ölkənin ən güclü klublarında, yığma komandalarda çıxış edib. “Kəpəz” Avropa Liqasına vəsiqənin bir addımlığındadır. Amma bunun üçün UEFA-nın lisenziya tələbləri var. Ən önəmlisi infrastrukturla bağlıdır. Biz bu məsələyə “Kəpəz” rəhbərliyi ilə söhbətdə toxunduq. Əgər komanda Avroliqaya vəsiqə qazansa, UEFA komandaya oyunlarını bu stadionda keçirməyə icazə verməyəcək. İndi həll edilməli ilk məsələ budur. Biz də çalışacağıq ki, AFFA və Gəncə şəhər rəhbərliyinin dəstəyi ilə bu problemi aradan qaldıraq. Hesab edirəm ki, Gəncədə müasir tələblərə cavab verən stadion olmalıdır. Ayrıca güclü, səviyyəli komanda olmalıdır və bu cür kollektiv artıq formalaşır. Müasir stadionu və güclü komandası olan Gəncə Avropada təmsil olunmaqla, sözünü deməyi bacarmalıdır. Gəncə futbolu, “Kəpəz” azarkeşi buna layiqdir. Hamımız birləşib tez bir zamanda bu məsələni həll etməliyik. Sevindirici odur ki, AFFA ilə yanaşı, klub və şəhər rəhbərliyi futbolun inkişafı üçün birgə çalışır.

 

- Vaqif müəllim, istərdim ki, bir qurum rəsmisi və peşəkar mütəxəssis kimi “Kəpəz”in cari mövsümdəki çıxışına qiymət verəsiz...

- “Kəpəz” yenidən çempionata qatılmaqla Premyer Liqaya rəng qatıb. Rəqabət daha da artıb. Klub rəhbərliyi və Müşahidə Şurasının üzvləri ilə birgə görüşdə komandanın baş məşqçisi Şahin Diniyev də iştirak edirdi. O, bizə bildirdi ki, yeni yaranmasına baxmayaraq klubun 8 üzvü ayrı-ayrı yaş qrupları üzrə yığma komandalara dəvət alıb. Bu, böyük uğurdur. Demək görülən işlər öz bəhrəsini verir. Seçilən yol düzdür. İlk addım düz olarsa, uğur olacaq. Hesab edirəm ki, Gəncə futbolu düzgün yoldadır. Premyer Lidada 5-6 klub eyni vaxtda Avroliqaya vəsiqə uğrunda mübarizə aparır, belə komandalardan biri də “Kəpəz”dir. Rəqabət olan yerdə futbol da inkişaf edəcək. Bundan da milli komanda qazanacaq. Ənənə, yaxşı idarəçilik olan yerdə peşəkarlar birləşib futbolun inkişafı ilə məşğuldursa, bu tezliklə öz bəhrəsini verəcək. “Kəpəz” Azərbaycan futboluna töhvə vermiş klubdur, gələcəkdə də bu belə olacaq.

Tarix: 2 Mart [19:00]
Oxunub: 288 dəfə
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Fevral 2017
23  Fevral 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio