Tuyqun Nadirov: "Ən böyük problemlərimiz FİFA-nın çıxardığı qərarlarla bağlıdır"

15:09 - 19 Aprel 2016

"Əlimizdən gələni edirik ki, komandamız yaşasın"
 
Bu gün Klublar Komitəsinin növbəti iclası baş tutub.
 
Sportal.az xəbər verir ki, iclasdan sonra “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov jurnalistlər önündə çıxış edib.
 
O, “Xəzər Lənkəran”ın gələcək taleyindən danışıb:
 
“Elbrus Məmmədovun verdiyi açıqlama ilə tanışam. Biz klubumuzun gələcək taleyini müzakirə etmişik. Komandamız növbəti mövsüm iddialı olacaq. Heyətdə zəif və güclü futbolçular da var. Mövsümün sonunda hər şeylə bağlı qərar verəcəyik. Biz hər il iddialı başlayırıq və gələn il də eyni olacaq. Futbolçular qarşısında müəyyən öhdəliklərimiz var. Onların müəyyən hissəsini ödəmişik və qalanı da var. Vəziyyətimiz nisbətən yaxşılığa doğru gedir. Yayda problemlər tamamilə həll olunacaq. Ən böyük problemlərimiz FİFA-nın çıxardığı qərarlarla bağlıdır. Bu problemləri yoluna qoymalıyıq. İstəyirik ki, məsələlər həll olunsun və biz sanksiyalarla üz-üzə qalmayaq. ”
 
Klub rəsmisi komandada baş məşqçi dəyişikliyinin gözlənilmədiyini deyib:
 
“Baş məşqçi dəyişikliyi gündəmimizdə yoxdur. Heyəti gücləndirib bir neçə yeni futbolçu almalıyıq. Mais Mənsimov hər zaman klubun arxasındadır. Mübariz Mənsimov da klubla maraqlanır, hesabat alır. Onun hər şeydən xəbəri var. Belə məlumatlar var ki, guya “Palmali” Şirkətlər Qrupu “Xəzər Lənkəran”a sponsorluq eləmir, pul vermir. Bunlar əsassızdır. Hər şey yolundadır və başqa sponsorlarımız da var. Yeni sponsorlarla da müqavilə imzalanacaq. Adlarını deyəcəyik. Ümid edirəm ki, problemlərimiz bu ildə qalacaq”.
 
Nadirov komandanın birinci diviziona düşməməyə, əsas liqada qalmağa çalışdığını bildirib:
 
“Nə stadionumuz bankda girovdadır, nə də borcumuz var. Digər klublardan fərqlənirik. Əlimizdən gələni edirik ki, komandamız yaşasın. Çünki komanda aşağı liqaya getsə, sponsorlar maraqlanmaya bilər. “Nar Mobile” bizimlə əməkdaşlıqdan sonra satışda artım olduğunu bildirib”.
 
Vitse-prezident gənc yarımmüdafiəçi Elnur Cəfərovun İspaniyanın “Ovyedo” klubuna keçidindən də danışıb:
 
“Elnur bizim yetirməmizdir. İspaniyada oynasa, bizim üçün yaxşı olar. Azərbaycanda bəzi klublar onun üçün daha çox pul təklif edirdilər. Biz isə yetirməmizin İspaniyada çıxışının komandamız və Azərbaycan üçün daha məqsədəuyğun olduğunu bildirdik”.

Xəbər xətti