"Xəzər Lənkəran" rəsmisi: "Ümid edirik ki, "Qəbələ" ilə matçda eyni səhvlər təkrarlanmaz"

13:10 - 22 Aprel 2016

"Bildiyim qədəri ilə, hər hansı araşdırma aparılmadı"
 
Ölkə kubokunun 1/4 final mərhələsinin cavab matçları çərçivəsində baş tutan "Neftçi" - "Xəzər Lənkəran" (2:0) matçının baş hakimi Rəhim Həsənovun idarəçiliyi cənub klubunu özündən çıxarmışdı. Məhz bu matçdan sonra Rəhim Həsənov ilk dəfə olaraq yenə cənub təmsilçisinin matçına, sabah baş tutacaq "Xəzər Lənkəran" - "Qəbələ" duelinə təyinat alıb. Bu təyinatla bağlı cənub təmsilçisinin  mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu öz fikirlərini Sportal.az-a açıqlayıb:
 
"Kubok oyunu artıq arxada qaldı və indi nəyisə dəyişmək onsuzda mümkün deyil. Ümid edirik ki, "Qəbələ" ilə matçda eyni səhvlər təkrarlanmaz. Buna görə hər hansı etiraza ehtiyac yoxdu".
 
Məhz "Neftçi" ilə baş tutan matçda "Xəzər Lənkəran"ın futbolçusu Orxan Səfiyaroğlu baş hakim Rəhim Həsənovun onu təhqir etməsi ilə bağlı mətbuata açıqlama vermişdi. "Qəbələ" ilə oyunda Rəhim Həsənov bu futbolçuya qarşı xüsusi prinsip aparacaq? sualına klub rəsmisi belə cavab verib.
 
"Bunu o vaxt aydınlaşdırmaq lazım idi. Bildiyim qədəri ilə, hər hansı araşdırma aparılmadı. Amma Rəhim Həsənovu qərəzdə ittiham etmək istəməzdik. Gənc və perspektivli hakimdir. Ümid edirik ki, bir daha o səhvlər yaşanmaz".

Xəbər xətti