Uşaq futbolu və sağlamlıq YAZI

17:14 - 28 Aprel 2016

Klublar gənc futbolçuların sağlamlığının qeydinə necə qalırlar?
 
Son bir neçə ildə uşaq futbolunda nəzərəçarpacaq irəliləyişlər müşahidə olunur. Kütləvilik artıb, yeni futbol məktəbləri və akademiyalar açılıb, uşaq futbolunda bir çox infrastrukturlar yenilənib, futbol bir fənn kimi orta məktəb proqramına salınıb, uşaqlar arasında keçirilən birinciliklərin sayı artıb və s. Amma futbolun bu sahəsi hələ də çatışmazlıqlardan da xali deyil. Məsələn, məşqlər və oyunların əksəriyyəti hələ də süni örtüklü meydanlarda keçirilir, birinciliklərin sayı artsa da, keçirilməsində nöqsanlar var, bir çox futbol məktəblərində və akademiyalarda təlim-tərbiyə, nizam-intizam aşağı səviyyədədir, ixtisaslı məşqçi-pedaqoqlar çatışmır, təhsil və sağlamlıq arxa plana keçib... Bu sayımızda sadalanan problemlərdən biri - uşaqların sağlamlığından bəhs edəcəyik.
 
Uşaqlar futbol məktəblərinə və akademiyalara qəbul edilərkən valideynlərdən tələb olunan sənədlərdən biri də uşağın sağlamlığı haqqında tibbi arayışdır. Valideynlər adətən bu arayışı övladının qeydiyyatda olduğu sahə poliklinikasından alırlar. Sözün həqiqi mənasında alırlar. Yəni, sahə həkiminə “hörmət" edərək, özlərini əziyyətə salmırlar və övladlarının sonradan məşq prosesində üzləşə biləcəkləri fiziki problemlərə biganə yanaşırlar. Bu da ilk növbədə elə valideynlərin savadsızlığından və məsələyə qeyri-ciddi münasibətindən irəli gəlir. Pulla arayış əldə edərək övladını sağlam kimi göstərən valideyn ilk növbədə özünü, daha sonra isə klubu aldatmış olur. Problemdən yeganə çıxış yolu klubların özlərinin uşaqları tibbi baxışdan keçirmələridir. 
2 il əvvəl bu mövzuda araşdırma aparmış və o vaxt mövcud olmuş problemləri qabartmağa və həlli yollarını göstərməyə çalışmışdıq. Aradan keçən müddətdə bu sahədə vəziyyətin necəliyini və daha əvvəl sadalanan problemlərin həllini tapıb-tapmadığını öyrənmək üçün yenidən bu mövzuya müraciət etdik. İnsafən, geridə qalan 2 ildə uşaq futbol məktəblərinə və akademiyalarına sahib olun klublarımızın bu sahədəki işini alqışlamağa dəyər. Aşağı yaş qrupları arasında keçirilən birinciliklərdə iştirak edən demək olar ki, bütün komandaların futbolçuları hər il 1-2 dəfə tibbi baxışdan keçirilir. Bu da gənc futbolçuların həm sağlamlığı, həm də mümkün faciələrin qarşısının alınması baxımından əhəmiyyətlidir.
 
5-6 il əvvələ kimi bu sahədə vəziyyət acınacaqlı idi. Uşaqların sağlamlığı arxa plana keçmişdi. Klubların əksəriyyəti prosedur qaydalara görə sahə poliklinikaları tərəfindən verilən arayışla kifayətlənirdilər. Həmin arayışlar da çox vaxt yuxarıda qeyd etdiyimiz kimi, pulla alınırdı. Klublar isə uşaqları tibbi baxışdan keçirməyə maraqlı deyildilər. Nəticədə uşaqlar futbolla məşğul olarkən orqanizmlərində fəsadlar daha da dərinləşirdi. Bəs, hansı klub futbolçuları hansı formada tibbi baxışdan keçirir? Bu haqda bir qədər sonra. İndi isə...
 
Sağlamlıq deyəndə, nələrə diqqət yetirilməlidir?
 
Uşağın sağlamlığı ilə bağlı hər bir məqama. Futbolla məşğul olmaq istəyən hər bir uşaq təpədən dırnağa kimi sağlam olmalıdır. Buna əmin olmaq üçün hər bir uşaqdan qanın ümumi analizi götürülməli, kardioloq, pulmanoloq, travmatoloq, terapevt, otarinolorinqoloq və digər mütəxəssislər tərəfindən yoxlanılmalıdır. Tibbi baxışdan keçən uşaqları həkimlərin müayinəsinin nəticələrinə görə 3 hissəyə bölmək olar: 1. Futbolla məşğul olmağa tam yararlı olanlar 2. Fiziki durumlarında sonradan müalicə vasitəsilə aradan qaldırılması mümkün olan müəyyən çatışmazlıqlar aşkar edilən uşaqlar 3. Futbolla məşğul olmağa yarasız uşaqlar.
Birinci bölümlə bağlı vəziyyət aydındır. İkinci bölümə hansı uşaqlar aid edilə bilər? Məsələn, qurd və ya dəri xəstəliklərindən əziyyət çəkən uşaqlar. Bildiyimiz kimi bu xəstəliklərin bir çoxu keçici olduğundan digər uşaqların da yoluxma ehtimalı böyükdür. Digər tərəfdən qurd xəstəlikləri orqanizdə mənfi fəsadlar törədə bilər ki, bu da müalicə olunmadığı təqdirdə uşağın inkişafına və sağlamlığına təhlükə yaradır. Yaxud revmokardit (revmatizmlə bağlı ürək ritminin pozulması), bəzi oynaq xəstəlikləri, burun çəpərinin əyriliyi, xroniki tonzillit (badamcıqların iltihabı), göz xəstəlikləri və s. Sadalananlar keçici olmasalar da, uşaqlarda bu xəstəliklər aşkar edildikdə mütləq müalicə kursu keçməlidirlər və tam sağalmamış futbolla məşğul olmaları məsləhət deyil. Nəyahət, 3-cü qrupa daxil olan uşaqlar. Anadangəlmə ürək qüsuru, bəzi şiş xəstəlikləri, psixi və əqli çatışmazlıqları olan uşaqlar və s. 
 
Paytaxt klublarında uşaqlara necə “baxırlar”?
 
Son bir neçə ildə irəliləyiş göz önündədir. Klublar ildə azı 1 dəfə uşaqları tibbi baxışdan keçirirlər. Bəs, hansı səviyyədə? Əvvəlcə, AFFA-nın bayrağı altında keçirilən birinciliklərdə təmsil olunan Premyer Liqa klublarının futbol məktəblərindəki vəziyyətlə tanış olaq. Başlayaq, Premyer Liqada lider olan “Qarabağ"dan. Klubun Futbol Akademiyasında 9 yaşdan 19 yaşa kimi futbol komandalarının futbolçuları ildə 2 dəfə - mövsümün əvvəlində və ortasında 8-ci km qəsəbəsində yerləşən İdman Dispanserində tibbi baxışdan keçirlər. Sağlamlığında problem olan uşaqlar klubun hesabına müalicə olunurlar. Bu proses oyun və məşq zamanı zədələnən futbolçulara da aiddir. Ağır zədələr olduğu halda uşaqlar klubun hesabına ixtisaslaşdırılmış klinikalarda müalicə və bərpa kursu keçirlər. Xırda zədələrlə isə akademiyada uşaqların sağlamlığına nəzarət edən 4 həkim məşğul olur.
Tərkibində 10 yaş qrupu olan “Zirə"də də vəziyyət ürəkaçandır. 5 nəfərdən ibarət həkim heyəti uşaqların sağlamlığına cavabdehdir. Gənc futbolçular ildə 2 dəfə klubun həkim personalının nəzarəti altında “Mediland Hospital"da tibbi yoxlanışdan keçirlər. Uşaqların zədələrinin müayinəsi və bərpası prosesi də ehtiyac olduğu halda bu hospitalda aparılır. 
 
Cari mövsümün əvvəlində düşdüyü maliyyə çətinliyi üzündən “İnter" gənc futbolçularını tibbi baxışdan keçirə bilməmişdi. Doğrudur, hər bir uşağın valideyni övladının sağlam olması ilə bağlı tələb olunan arayışı kluba təqdim etmişdi. Amma bununla iş bitmirdi. Futbol məktəbinin uğurları ilə həmişə öyünə bilən “İnter"in halına ancaq acımaq qalırdı. Tibbi baxış bir yana, uşaqları adi toplarla təmin edə bilməyən klubda indi vəziyyət qənaətbəxşdir. Dekabrda klubun rəhbərliyinin dəyişməsindən sonra uşaqlara yenidən diqqət ayrılmağa başlandı. Qış fasiləsində bütün yaş qrupları üzrə komandaların üzvləri birnəfər kimi İdman Dispanserində tibbi baxışdan keçdilər. Buna kimi isə uşaqlar futbol məktəbinin həkim personalının və valideynlərin ümidinə qalmışdılar. Yeri gəlmişkən, “İnter"in həkimlərinin fədakarlığına ancaq alqış düşür. Onlar 8 aya yaxın müddətdə məvacib almadan daxili imkanlar hesabına uşaqların sağlamlıqlarına nəzarət edə bildilər. 
Paytaxtı təmsil edən digər klublarda - “Neftçi", AZAL və “Rəvan"da da bu sahədə vəziyyət ürəkaçandır. Hər 3 klubun gənc futbolçuları ildə 2 dəfə İdman Dispanserdə tibbi yoxlanışdan keçirlər. Zədələnən futbolçuların müalicəsi klubların hesabına aparılır. Adıçəkilən bu 3 klubda yeganə fərq həkim personalının sayında və “Rəvan"da 14 yaşlılardan ibarət komandanın olmamasındadır.
 
Bəs, Premyer Liqanın digər  klubları?
 
Hələ mövsüm başlamamışdan AFFA-nın Yarışların Keçirilməsi Departamenti əyaləti əmsil edən 2 klubun - “Qəbələ" və “Sumqayıt"ın 14 yaşına kimi bütün komandalarının paytaxt regionunda iştirakı ilə bağlı qərar verdi. Bu, təqdirəlayiq addım idi. Çünki, buna kimi həm Şimal-qərb və Qarabağ regionunda çıxış edən “Qəbələ", həm də Şimal regionunda oynayan “Sumqayıt"ın komandaları ciddi rəqabətlə qarşılaşmırdılar. Başqa sözlə, rəqiblərindən səviyyələrinə görə bir baş üstün idilər və rəqabət yox idi. Rəqabət olmayan yerdə də təbii ki, inkişaf mümkün deyil. Onların paytaxt regionuna keçirilmələri ilə həm bu bölgədə komandalar arasında mübarizə daha maraqlı xarakter aldı, həm də futbolçuların öz potensiallarının və bacarıqlarının tam olaraq ortaya qoymalarına şərait yarandı. Mövzudan çox uzaqlaşmayaq, hər 2 klubun akademiyasında uşaqların sağlamlığı ilə bağlı vəziyyət normaldır. “Qəbələ" Futbol Akademiyasınında 7-19 yaşlar arasında 12 komanda var. Akademiyanın bütün üzvləri ildə 1 dəfə, mövsümün əvvəlində Qəbələ şəhər Xəstəxanasında tibbi baxışdan keçirlər. Buna əsasən hər uşağa tibb vərəqi açılır ki, bu da uşağın daim nəzarətdə olması deməkdir. Oyun və məşq zamanı zədələnən futbolçular klubun hesabına Qəbələ şəhər Xəstəxanasında müayinə, ehtiyac olduğu halda isə müalicə olunurlar. Həmçinin, klub Gömrük və Acıbadem hospitalları ilə əməkdaşlıq edir. Allah eləməmiş, lazım gələrsə, digər spesifik klinikalara da müraciət edilir. Akademiyada çalışan 3 nəfərdən ibarət tibbi personal uşaqların sağlamlığını daim nəzarətdə saxlayır. 
“Sumqayıt"lı uşaqların “üz tutduğu" yer Sumqayıtdakı Tibbi-Bədən Tərbiyəsi Dispanseridir. Klubun Futbol Akademiyasında hər birində orta hesabla 20 uşaq olmaqla müxtəlif yaşlı 13 qrup var. Uşaqların sağlamlığına 2 həkim və 1 masajçı cavabdehdir. Zədəlilərin müalicəsi üçün akademiya lazımi avadanlıqlarla təchiz olunub, bərpa prosesi akademiya daxilində aparılır.
Premyer Liqada turnir cədvəlində autsayder mövqeyində qərarlaşmasına baxmayaraq, “Xəzər Lənkəran"ı bu sahədə əsl liderlərdən biri hesab etmək olar. Klubun akademiyasında Lənkəran və ətraf rayonlardan olan 200-dən çox futbolçu futbolla məşğul olur. Onların hamısı ildə 1 dəfə Lənkəran şəhər Müalicə Diaqnostika Mərkəzində tibbi baxışdan keçirlər. Bütün müalicə və əməliyyatların məsrəfi də təbii ki, klub tərəfindən ödənilir. Ağır zədələr Bakıdakı müxtəlif klinikalarda, xırda zədələr isə akademiyanın nəzdindəki tibb məntəqəsində müalicə olunur. Lənkəran klubunun digərləri ilə müqayisədə özəlliyi ondar ibarətdir ki, bütün yaş qruplarının hamısının özünün ayrıca həkimi və tibb işçisi var. 
Nəyahət, “Kəpəz"lə bağlı vəziyyət. Klubun nəzdində fəaliyyət göstərən futbol məktəbinin üzvləri ildə 2 dəfə olmaqla Gəncədəki Tibbi Dispanserdə yoxlanırlar. Uşaqlar ilboyu 2 həkimin nəzarətində olurlar. Futbolçular yüngül zədə aldıqları halda daxili hesaba müalicə kursu keçirlər. Ağır zədələnən futbolçular isə ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilir. Əlbəttə, klubun hesabına. 
 
“Əlincə", “Vətən" və zavallı “Bakı"
 
Müxtəlif yaşlı futbolçuların paytaxt birinciliyində bir neçə il əvvəl yaradılmış və hələlik ancaq uşaq futboluna diqqət ayıran “Əlincə" Futbol Klubunun, Təhsil Nazirliyinin nəzdində olan “Vətən" RİOEUG-nin, bir vaxtlar Premyer Liqanın “dadlı-duzlu" komandalarından olan “Bakı"nın və bir neçə digər uşaq futbol məktəblərinin təmsilçiləri də mübarizə aparırlar. “Əlincə"nin futbol məktəbi U-11, U-13 və U-16 komandalarından ibarət olsa da, respublikada bu sahədə fəaliyyət göstərən nümunəvi klublardan biridir. Klubun infrastrukturuna da söz ola bilməz. Uşaqların məşq keçmələri və qalmaları üçün hər cür şərait var. Hər 3 komanda AFFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak edir. U-13 komandası respublikada ən güclülərdən biridir və bu il U-13 liqasının qalibi olmağa ən real namizədlərdəndir.
Gələn mövsümdən etibarən U-9 komandasının qurulması üçün də seçimlər başlayıb. Bunlar hamısı bir yana, mövzu ilə bağlı, “Əlincə"də vəziyyət necədir?
 
Uşaqlar ildə 1 dəfə Sumqayıtdakı Tibbi-Bədən Tərbiyəsi Dispanserində həkim yoxlamasından keçirlər. Komandaların sayının azlığına görə, hələlik uşaqlara 1 həkim nəzarət edir. Gələn ildən isə sayın 2 olacağı gözlənilir. Zədəlilərin müayinə və bərpası həmin həkim tərəfindən aparılır. Lazım olanda isə, klub “övladlarının" sağlamlığı üçün tibb müəssisələrinə müraciət edir. 
 
“Vətən"də də oxşar vəziyyət hökm sürür. Futbolçulara nəzarət tibbi personal tərəfindən aparılır. Onlar ildə 2 dəfə paytaxtda dəbdə olan İdman Dispanserində tibbi baxışdan keçirlər. Yeri gəlmişkən, növbəti yazılarımızın birində respublikada idman sahəsində ixtisaslaşmış tibb müəssisələri ilə bağlı material hazırlayacaq, onların fəaliyyətini işıqlandıracaq, gənc futbolçuların sağlamlıqları ilə bağlı mütəxəssis fikirlərini dərc edəcəyik.
Növbə gəldi, “Bakı"ya. Bir vaxtlar adı hər yerdə hörmətlə çəkilən “Bakı"nın indi nə səsi gəlir, nə də sorağı. Üstəlik, 2-3 il əvvələ kimi bu klubun Futbol Akademiyası respublikada 2 ən yaxşı futbol məktəbindən biri, bəlkə də birincisi idi. İndi əsas komanda 1-ci Divizionda gün keçirməklə məşğuldur. Aşağı yaşlı digər komandalara gəlincə, uşaqların çoxu klubdan ayrılıb. Yaxşı ki, akademiyanın “nəfəsi gəlir". Əvvəlkitək olmasa da, bu gün fəaliyyətini davam etdirən futbol məktəbində bütün yaş qrupları üzrə komandalar var. Hamısı da AFFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak edirlər. Nəticələr də klub kimi zəifləsə də, uşaqlara münasibət əvvəlki kimi qalır. Akademiyanın üzvləri ildə 2 dəfə adlı-sanlı Gömrük Hospitalında tibbi baxışdan keçirlər. Maliyyə burulğanında çırpışan “Bakı" bunun üçün son 1 ildə 40 min manat vəsaitindən keçib. Həmin pul yaxınlara kimi borc olaraq qalırdı. Klubdan aldığımız məlumata görə, bir neçə gün əvvəl borcun 35 mini ödənilib. Qalan 5 min manat da yaxın vaxtlarda hospitalın hesabına köçürüləcək. Akademiyanı digər futbol məktəblərindən fərqləndirən xüsusiyyətlərdən biri məşq üçün yaşıl örtüklü meydanın olmasıdır ki, bu da uşaqların sağlam inkişaf etmələri baxımından çox əhəmiyyətlidir. Üstəlik, Hələ Bülənt Qorxmazın baş məşqçi olduğu vaxt əsas komanda üçün alınan tibb avadanlıqları da hazırda akademiyanın sərəncamındadır. Uşaqların həkim nəzarətində olması da öz yerində.
 
Yekun söz
 
Əslində, material hazırlanarkən, yalnız paytaxt təmsilçilərinin futbol məktəbləri ilə tanışlıq nəzərdə tutulmuşdu. “Qəbələ" və “Sumqayıt"ın gənc futbolçularının  paytaxt regionunda çıxış etmələri, “Xəzər Lənkəran" və “Kəpəz"i isə digər Premyer Liqa klublarından seçməməyimiz planları bir qədər dəyişdi. Respublikamızda uşaq futbolu haqqında bəhs etdiyimiz futbol məktəbləri ilə məhdudlaşmır. Azərbaycanın hər rayonunda klub səviyyəsində olmasa da, dövlət səviyyəsində uşaq futbol məktəbləri fəaliyyət göstərir. Sadəcə, onların hamısı haqqında bir-bir məlumat toplamaq həm vaxt, həm də yazının həcmi baxımından müəyyən çətinliklər yaradacaqdı. Bu üzdən bölgələrdə fəaliyyət göstərən futbol məktəbələri haqqında imkan düşdükcə növbəti yazılarda məlumat veriləcək. Yazıda adı çəkilən klublarla bağlı isə onu deyə bilərik ki, apardığımız araşdırmalardan sonra uşaq futbolunda gənc nəslin sağlamlığının klublar tərəfindən diqqətdə saxlandığı qənaətinə gəlmək olar. Doğrudur, çatışmazlıqlar yenə də var. Amma əvvəlki illərlə müqayisədə onların sayı getdikcə azalır. Məsələn, bu gün uşaqların vitaminizasiyasını aparan futbol məktəbləri barmaqla sayılacaq qədərdir. Uşaqların sağlam olmaları üçün təkcə tibbi baxışdan keçmələri şərt deyil. Onların həm də idman rejiminə düzdün riayət etmələri, düzgün qidalanmaları vacibdir. Belə də bu yöndə yük valideynlərin üzərinə düşür. Hər bir valideyn övladının sağlam böyüməsi üçün onların gündəlik rejiminə, qidalanmasına, təlim-tərbiyəsinə, təhsilinə fikir verməlidir. Futbolçu olmayacaqları halda belə.
 
İlqar TAĞIYEV
“Het-trik news” qəzeti

Xəbər xətti