Elbrus Məmmədov: "İndiki vəziyyət çox ağırdır"

19:47 - 30 Aprel 2016

"Komandanın oyunundan şikayətim yoxdur"
 
"Mübariz komanda yaratmağa çalışırıq. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. İlk hissədə yaxşı oynadıq və qol vəziyyətləri yaratdıq. İkinci hissənin əvvəllərində bir az anlaşılmazlıq oldu və qapımızda qol gördük".
 
Sportal.az xəbər verir ki, bunu "Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov deyib. Baş məşqçiyə ünvanlanan "Rəhbərliyin qoldan sonra meydanı tərk etməsi komandaya qarşı hörmətsizlik deyildi?" sualına klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu cavablandırıb: "Rəhbərliyin klubun əsas sponsoru ilə bağlı işləri var. Əslində onlar ilk hissənin sonunda getməli idi. Sadəcə bir az ləngidilər".
 
Baş məşqçi komandanın vəziyyəti ilə bağlı danışıb: "Xəzər Lənkəran" Azərbaycan çempionatında bir brenddir. İndiki vəziyyət çox ağırdır. Komandanı xeyli sayda futbolçu tərk edib. Əsas məqsədimiz iddialı komanda yaratmaqdır. Lider bir komanda yaradaq demədim. Heyətimizin əksəriyyəti gəncdir. Mübariz komanda yaratmağa çalışırıq. Gələcəkdə komanda güclənəcək. Rəhbərliklə də bu barədə danışılıb. Bizim qarşıda iki ev oyunumuz var. Çalışacağıq ki, xal qazanaq və bütün şansı son tura - "Rəvan"la oyuna saxlamayaq. Məşqlərdə qapılara zərbə, hücumları məşq edirik. Ancaq oyuna gələndə alınmır. Komandanın oyunundan şikayətim yoxdur. Sadəcə sadə səhvlər olur və qol buraxırıq. Digər çatışmayan amil isə qol vəziyyəti yarada bilməməyimizdir".

Xəbər xətti