"Karyeramın ən gözəl, ən maraqlı illərini "İnşaatçı"da keçirmişəm" MÜSAHİBƏ

16:24 - 19 İyun 2016

"Rüşvət təklif eləyən kimi, ağızlarından vurmuşam"

 

Mayın 25-i təkcə son Azərbaycan Kubokunun finalının keçirildiyi gün kimi yaddaşlarda qalmayacaq. Çoxları üçün önəmli olmasa da, həmin gün müstəqillik dövründə futbolumuzun yetişdirdiyi ən istedadlı hakimlərdən birinin hakimlik karyerasında son oyununa çıxması ilə də xatırlanacaq. Mayın 25-i Munis Abdullayevin karyerasında final fiti səsləndi. 20 ilə yaxın müddətdə meydanda haqq-ədaləti qoryuan Munis Abdullayev Premyer Liqa və Azərbaycan Kubokunda nə az nə çox, düz 400 oyunda hakimlik edib. Onlardan 69-da meydanda baş hakim funksiyasını yerinə yetirib. Qalan 331 oyunda isə yan xətt hakimi olub. Hakimlik etdiyi dövrdə ən az tənqid olunan, ən az səhv edən hakimlərimizdəndir. Bu sənəti seçməsindən cəmi 1 il sonra beynəlxalq dərəcə alıb. Bu faktın özü onun bacarığından xəbər verir. Ömrünün 45 ilini futbola həsr edən 51 yaşlı Abdullayev daha əvvəl futbolçu olub. Karyerasının ən parlaq dövrlərini Bakının "İnşaatçı" komandasında keçirib. 2 dəfə ustalardan ibarət "Neftçi" komandasına düşmək imkanı olsa da, bu, ona müəyyən səbəblərə görə qismət olmayıb. Futbolçu kimi daha bir özəlliyi ondan ibarətdir ki, veteran futbolçu "Qarabağ"da oynayan son azərbaycanlı olub. Söhbət Ağdamın yox, Xankəndinin "Qarabağ" komandasından gedir. SSRİ dövründə "Qarabağ" və "İnşaatçı"dan savayı müxtəlif vaxtlarda OİK (Bakı), "Xəzər" (Lənkəran), "Araz" (Naxçıvan) komandalarında oynayıb. Müstəlillik dönəmində isə əsasən "İnşaatçı"da çıxış edib, bir ara "Azəri"nin də şərəfini qoruyub. 1996-cı ildə "Polis Akademiyası"nda futbolçu karyerasını başa vurub. Onun futbolçu həyatı ilə bağlı bir qədər sonra söhbət edəcəyik. İndi isə hakimlik karyerası haqda. Nə qədər olmasa, Munis Abdullayevi daha çox hakim kimi tanıyırıq.
 
"Hakim səhv də olsa, düz də olsa, həmişə söyülür"
 
- Munis, karyeranı özün bitirdin, ya buna məcbur oldun?

 - Özüm bitirdim, heç bir məcburiyyətdən söhbət gedə bilməz. Xoşbəxtəm ki, hakimlikdən alnıaçıq gedirəm. AFFA-da hakimliklə vidaşlaşmağıma razı deyildiər, qalıb işləməyimi istəyirdilər. Əslində, qaydalara görə 48 yaşımda hakimlikdən ayrılmalı idim. Amma daha 3 il sənətimi davam etdirdim. Buna həm təcrübəm, həm futbol biliklərim, həm də fiziki göstəricilərim yol verirdi. Müstəqillik dövründə ən az səhv edən hakiməm. Bunu özümdən demirəm, statistikaya nəzər salsaq, sözümün doğru olduğunu görərsiniz. Hakimlik etdiyim 20 il ərzində heç vaxt ciddi səhvə yol verməmişəm. Başqa sözlə, hörmət qazanmışam. 51 yaşında hakimlikdən getməyimin səbəbi qazandığım hörməti qorumaqdı. İnsanıq, hakimlikdə qalsam, ola bilərdi ki, bilmədən hansısa səhv edərdim. Bu halda bütün hörmət-izzət məhv olacaqdı.
 
- Əliyar Ağayev və Ramil Diniyevin Premyer Liqanın son turlarında etdiyi kobud səhvlər bu qərarı verməyiniə təsir göstərdi?
 - Bəlkə də. Bir işin başlanğıcı olduğu kimi sonu da var. Nə vaxtsa hakimlikdən getməliydim. Məncə, vaxtında verilən qərardı.
 
- Futbolçular karyeralarını bitirdikdən sonra nadir hallarda hakimliyi seçirlər...
 - Yəni, necə oldu ki, hakimliyə gəldim? Futbolçu karyeramı 31 yaşımda bitirmişəm. Məşqçi ola bilərdim. Hələ futbol oynayanda "İnşaatçı"da oynayan-məşqçi idim. "İnşaatçı" dağılandan sonra Premyer Liqa komandalarında işləmək imkanım olsa da, hakimliyi seçdim. 1996-cı ildə AFFA-nın Hakimlər Komitəsinin o vaxtkı sədri Əli Hüseynova müraciət etdim və beləcə, hakimlik sənətinə qədəm qoydum.
 
- İdarə etdiyin ilk oyun yadındadır?
 - Əlbəttə. Gözləmədiyim halda "Səhər Kuboku"nun finalında "Polis Akademiyası" ilə "Xəzri"nin qarşılaşmasını mənə tapşırdılar. Bu hadisə 1997-ci ilin yanvarında olub. Düzü, əvvəl bir qədər tərəddüd etdim. Amma nə vaxtsa hakim formasında meydana çıxmalıydım. Futbolçu olduğum vaxtlarda qazandığım biliklərlə matçı idarə etdim. İnanırsız, bir damcı da həyəcan yox idi. Oyundan sonra yaxşı idarəçiliyə görə hər iki komandanın futbolçularından, məşqçilərindən təşəkkür almağın başqa ləzzəti var idi. Premyer Liqada isə ilk işim  həmin il fevralın 26-da MOİK - "Kür-Nur" matçında olub. Meydana yan xətt hakimi kimi çıxmışam. 3-4 turdan sonra isə artıq, baş hakim kimi oyunlara təyinat almağa başladım. Karyeram ərzində 1000-dən çox oyunda hakimlik etmişəm. Hələ hakimliyə təzə gələndə Sabir Hacıyev mənə məsləhət gördü ki, oyunların statistikasını apar. Bu gün kimi Premyer Liqa və kubok oyunlarındakı bütün statistik göstəricilərimin qeydini aparmışam. 400 oyundu. Onlardan 69-da baş hakim, 331-də isə laysman olmuşam. Bundan başqa həmin oyunların nə vaxt, harada keçirilməsi, neçə sarı, neçə qırmızı vərəqə göstərdiyim... Bütün rəqəmlər var. 
 
- Baş hakim olmaq çətindir, yoxsa, yan xətt hakimi?
- Hərəsinin öz çətinliyi var. Amma yan xətt hakimi olmaq daha ağır və məsuliyyətlidir. Onların səhvini həmişə düzəltmək olmur. Laysmanlar bir növ rentgen aparatı funkisayını daşıyırlar. Ani diqqətsizlik kobud səhvlərə gətirib çıxara bilər. Ümumiyyətlə, hakimlər oyun vaxtı bir-birilərinə kömək etməli, səhvlərini düzəltməlidilər. Sizə bir əhvalat danışım. 2002-ci ildə Naxçıvanda "Araz" "Turan"ı qəbul edirdi. Oyunun baş hakimi idim. "Araz" qalib gəlsəydi, ilk "altılığ"a düşürdü. 87-ci dəqiqəyə kimi "Araz" 1:0 öndə idi. Bu vaxt "Turan" əks-hücuma keçdi. Ötürmə vaxtı laysman Azad Ə.Hüsyenov "Turan"ın passiv ofsaydda olan futbolçusunu görüb bayrağını qaldırdı. Həmin futbolçu topa toxunmadı. Ofsaydda olmayan digər futbolçu topu götürüb cərimə meydançasına ötürmə etdi və "Turan" hesabı bərabərləşdirdi. Az sonra isə tovuzlular 2-ci qolu vurdular. Oyundan sonra mənə irad bildirdilər ki, yan xətt hakimi bayrağı qaldırmışdı, nəyə görə oyunu davam etdirdin? Cavab verdim ki, yan xətt hakimi səhv etmişdi, mən də səhvini düzəltim. Bu cür hallar futbolda çox olur. Baş hakimin köməkçisinin səhvini düzəltməsi yaxşı haldır. Amma elə də olur ki, köməkçi hakim referinin "eyini örtür”. Məsələn, ötən mövsüm "Xəzər Lənkəran" - "Qarabağ" oyununda baş verən bir epizod. Rəşad Sadıqov topu çıxararkın baş hakim Orxan Məmmədov elə zənn etdik ki, Rəşad topa əllə toxunub və penalti təyin etdi. Rəşad özü də çaşqınlıq içində mənə yaxınlaşaraq irad bildirdi. Orxana Rəşadın əllə oynamadığını bildirdikdən sonra penaltini ləğv etdi. Bu hadisə sonradan xeyli söz-söhbətə səbəb olmuşdu. Və ya, Qusarda "Şahdağ"ın oyununda hücumçu topu qarşısına əllə atıb və qol vurub. Baş hakim Zöhrab Qədiyev qolu qeydə alsa da, mən futbolçunun əllə oynadığını bildirdikdən sonra qolu ləğv edib. 
 
- Oyun ərzində çox futbolçularla ünsiyyət qurmusan. 1-ci dəqiqədə meydandan qovmaq istədiyin futbolçu olub? Ki, oyunu rahat idarə edəsən.
- Hər bir hakim təyinatdan dərhal sonra komandaların futbolçularını analiz etməlidir. Hansı futbolçunun kobud oynadığını, hansının simulyasiyaya meylli olduğunu və s. bilməlidir. Əgər oyuna hazırlıqlı çıxırsansa, səhvlər az olacaq. Hamı bilir ki, mən də onlar kimi futbol oynamışam. Həm futbolçular, həm məşqçilər, həm klub idarəçiləri həmişə mənə hörmətlə yanaşıblar. Bəlkə də futbolçu olduğuma görə futbolçularla ünsiyyət qurmaqda çətinlik çəkməmişəm. Yəni, bir-birimizə qarşılıqlı hörmət eləmişik. Bəzi futbolçular oyun vaxtı bilməyərəkdən qayda pozur. Bilirsən ki, bu futbolçu o cür hərəkətə meylli deyil və bunu nəzərə alırsan. Bir misal çəkim, futbolçu olduğum dövrdə "sözəbaxan" idim. Karyeram ərzində bir dəfə də olsun meydandan qovulmamışam. Cəmi 2 dəfə sarı vərəqə almışam. Bir dəfə hansısa oyunda topu itirdim və hirsli formada baş hakim Asim Xudiyevin üstünə qışqırdım ki, bəs, qayda pozuntusunu niyə qeydə almadın. Mənə tərs-tərs baxıb heç nə demədi. Növbəti turda Asim müəllim yenə də bizim oyuna hakim təyin olunmuşdu. Qarşılaşmadan əvvəl ona yaxınlaşıb 1 həftə əvvəl etdiyim hərəkətə görə üzr istədim. Gülümsəyərək əlini kürəyimə vurdu. Yəni, Asim müəllim bilirdi ki, aqressiv futbolçu deyiləm və buna görə mənə güzəşt elədi, "sarı" vermədi. Bəlkə də başqası olsaydı, fərqli qərar verərdi. Amma elə futbolçular var ki... Onlarla nə cür danışırsan, danış xeyri yoxdur, düzələn deyillər. Elə futbolçulara güzəşt eləmək lazım deyil. "Sarı"sını, "qırmızı"sını "istəyəndə", verirsən ki, özünə gəlsin. 
 
- Hakimlərin ən çox üzləşdiyi problem istər futbolçular, istərsə də azarkeşlər tərəfindən təhqir olunmalarıdır.
- Doğrudur. Karyeram ərzində söyüş üstündə meydandan qovduğum futbolçular olub. Əsas da yerlilər. Nəyisə sübut eləmək istəyəndə aqressiv olublar, söyüş söyüblər. Belə də, tərəddüd etmədən meydandan qovmuşam. Əgər oyun vaxtı futbolçu hakimə nəyisə diqtə edirsə, onda həmin hakimliyi apar-qaytar.
 
- Azarkeşlərdən danışmadın.
- Hələ "İnşaatçı"da oynayanda rəqib meydanında qalib gəldiyimiz oyunlardan sonra hakimlərin təhqir olunması, döyülməsi ilə bağlı çox hallarla rastlaşmışdım. Hakimlik sənətini seçəndə bu haqda çox düşündüm. Hakim səhv də olsa, düz də olsa, həmişə söyülür. Buna görə təhqirlərə fikir vermək lazım deyil. Bir dəfə rayonların birində yan xətt hakimi idim. Oyunboyu azarkeşlərdən biri dayanmadan məni təhqir edirdi. Elə oldu, meydanın mənim nəzarətimdə olmayan hissəsində qayda pozuntusu oldu və həmin azarkeş yenə də məni söydü. Ay balam, burada mənim nə günahım var? Azarkeşə nə deyə bilərdim ki? Azarkeşlər fərqlidirlər. Təzə-təzə belə hallara reaksiya verirdim. Sonradan anladım ki, xeyri yoxdur. Əgər stadionda 30 min azarkeş varsa, onların hamısına bir-bir nəyisə izah etmək nə mümkün, nə də vacib deyil. 
 
"Rüşvət təklif eləyən kimi, ağızlarından vurmuşam"
 
- Təhqiri bildik, döyülmək necə, Munis Abdullayevə əl-qol atan olub?

- Premyer Liqa oyunlarında yox. Amma həvəskarlar liqasında bir dəfə belə halla rastlaşmışam. 14-15 il əvvəlin söhbətidi. Lənkəranda "Şiləvar"la "Qum adası"nın oyununda yan xətt hakimi idim. Oyunun baş hakimi isə adını çəkmək istəmədiyim tanınmış referilərimizdən biri idi. Epizodların birində top qapı xəttini keçməsə də, baş hakim qol qeydə aldı. Mənsə, mərkəzə tərəf qaçmayaraq, yerimdə dayandım. "Qum adası"nın futbolçuları sevinməyə, "Şiləvar"ın futbolçuları isə mənə tərəf qaçmağa başladılar. Bu vaxt arxadan 3-4 nəfər azarkeş mənə əl-qol atdı. Elə bildilər ki, qolu mən qeydə almışam. Nə isə, ara sakitləşdi, qol ləğv olundu. Oyundan sonra baş hakim üzrhaqlıq elədi ki, mənə görə səni vurmaq istədilər. Bircə dəfə o vaxt məni vurmağa cəhd ediblər. O da başqasının səhvi üzündən.
 
- Azarkeşlər adətən yan xətt hakimlərinə hansı əşyaları atmağı sevirlər?
- Ən çox alışqan. Hərdən butılka da olur.
 
- "Hədəfi" dəqiq nişan ala bilirlər?
- Mənə dəyməyib. 
 
- Həmkarlarından hansılar ilə işləmək daha rahat idi?
- Hakimliyə təzə gələndə oyunlara təcrübəli hakimlərlə təyinat alırdım. Sabir Hacıyev, Ruhulla Kərimov, Azad Q.Hüseynov, Asim Xudiyev və digər stajlı hakimlərlə işləmək daha rahat idi. Onların təcrübəsi idarəçiliyimə təsir göstərirdi. Daha sonra Vüsal Əliyevin, Zöhrab Qədiyevin, Fariz Yusifovun adını çəkə bilərəm. İllər sonra mən öz təcrübəmlə digərlərinə gömək olmağa çalışmışam. Əliyar Ağayev bu gün Azərbaycanın ən perspektivli hakimi sayılır. Onun bir hakim kimi yetişməsində bizim - təcrübəli laysmanların rolu böyükdür. 
 
- Premyer Liqada hansı komandanın oyununda hakimlik etmək daha çətin idi? Sualı başqa cür qoyum - hansı komandanın hücumçuları səni daha çox yorurdu?
- Konkret ad çəkə bilmərəm. Ümumiyyətlə, əks-hücum taktikasında oynayan komandaların oyununda iş bir qədər çox olur. Səbəbini izah edim. Hesab edin ki, laysman axırıncı müdafiəçi ilə paralel dayanmalıdır. Rəqib komandanın futbolçusu ötürmə etdiyi vaxt laysman hərəkətsiz olur. Həmin futbolçunun komanda yoldaşı ötürmədən əvvəl sürət yığırsa, sən ötürmədən sonra bunu etməli və futbolçuya çatmalısan. Futbolçu olduğum dövrdə sürətimlə digərlərindən seçilmişəm. Bu üzdən çox vaxt problem yaşamamışam. Amma elə oyunlar olub ki, məni əməlli-başlı yorublar. "Neftçi", "Qarabağ", "İnter"in oyunlarında "iş" həmişə var idi. Tədricən hücuma keçən komandaların oyununda isə bir o qədər yorulmursan.
 
- 6 il beynəlxalq hakim kimi Azərbaycanı təmsil etmisən.
- Bayaq dediymi kimi, hakimliyə 1997-ci ildə gəlmişəm. Cəmi 1 il sonra laysmanlar arasında reytinqdə 1-ci yerdə idim. 1998-ci ildə adımı UEFA-ya göndərdilər. Həmin vaxt hakim həmkarım Arif Ağayev məndən xahiş etdi ki, yerimi ona güzəştə gedim. Arifin 39 yaşı var idi və beynəlxalq dərəcə almaq üçün demək olar ki, son şansı idi. Ariflə bir yerdə böyümüşük, o da futbolçu həyatı yaşayıb. Bəlkə də inanmazsınız, razılaşdım. 1 il sonra yenidən namizədliyim verildi və beynəlxalq dərəcə aldım. Beynəlxalq arenada ilk oyunum İntertoto Kubokunda olub. Səhv eləmirəmsə, Xaqani Məmmədovla bir briqadada idik və matç Lüksemurqda keçirilirdi.
 
- Beynəlxalq dərəcə aldıqdan sonra qazancın pis olmazdı.
- O vaxt indiki kimi deyildi. Hakimlərə qonorar verilmirdi, ancaq "sutoçnı" alırdıq. Heç yerli birincilikdə də düz-əməlli pul yox idi. Bir oyuna görə qazancımı "4 şirvan" idi. 
 
- Bəs, "4 şirvan"la necə dolanırdın?
- O pula ümid eləsəydim, vəziyyətim ağır olardı. 1991-ci ilin yanvarından 2 yerdə işləmişəm. Futbolçu olduğum vaxtda "Azərneftyağ"da çalışırdım. 2006-cı ildə şirkətin nəzdində olan "Neftçi" İSM-ə göndərilmişəm, orada məşqçi kimi çalışmışam, U-17 komandası ilə 4-cü yeri tutmuşam. 2 dəfə "C" kateqoriyası almışam. Bu ilin yanvarında ixtisara düşdüm. Hakimliyi də atmışam, indi işsiz hesab olunuram. Hələlik istirahət edirəm. Görək, sonrası necə olacaq.
 
- Bayaqkı sualı elə-belə vermədim. Rüşvət təklifi halları olub?
- O qədər.
 
- Və...
- Rüşvət təklif eləyən kimi, ağızlarından vurmuşam. Heç imkan verməmişəm ki, sözlərinin ardını gətirsinlər. Əgər rüşvətə meylim olsaydı, bu gün gözəl şəraitim olardı. Hələ də 2002-ci ildə zavodun yataqxanadan verdiyi evdə yaşayıram. Avtomobilimi də ki, futbolla əlaqəsi olmayan uşaqlıq dostlarım hədiyyə ediblər. Yadınızdadırsa, rəhmətlik Ramiz Mirzəyevin AFFA-nın prezidenti olduğu vaxtda rüşvət haqq-hesabına görə 3 hakim futboldan uzaqlaşdırıldı. Sonradan mənim də adım siyahıya əlavə olundu. Amma heç bir səbəb göstərilmədi. O vaxt Ramiz müəllimlə görüşüb, cəzalanmağımın səbəbini soruşdum və mənə dedi ki, sən mətbuatda mənim "Turan"a kömək etdiyini demisən. Əlbəttə, bu haqda heç yerdə fikrim dərc olunmamışdı. Sonradan haqlı olduğum sübut olundu və cəza üzərimdən götürüldü. Amma mənə 1 ilə yaxın Premyer Liqada oyun verilmədi. Səbəbini bilmirəm. Həmin vaxt xaricdə yaşayan dostlarım qonaq gəlmişdilər. Onlardan biri könlümü almaq üçün mənə avtomobil bağışladı. Yəni, demək istəyirəm ki, rüşvət alsaydım, özümə babat şərait qurardım. Yaşadığım evi zavod, maşını isə dostum verməzdi.
 
- Səhv etmirəmsə, hakimlikdən təmtəraqla yola salınan 2-ci insansan.
- Məndən əvvəl ancaq Asim Xudiyev bu cür yola salınıb. Görünür, hakimlik etdiyim dövrdə işimin öhdəsindən gələ bilmişəm. Bu üzdən AFFA rəhbərliyinin  əməyimi qiymətləndirməsi mənim üçün böyük şərəfdir. Buna görə həm Rövnəq Abdullayevə, həm də Ramin Musayevə minnətdarlığımı bildirirəm. Bir faktı da qeyd edim. Müstəqillik dövründə hakimliyə gələn ilk futbolçuyam. Məndən sonra İmamxan Sultani, Zöhrab Qədiyev və digərləri bu sənəti seçiblər.
 
- Hakimliklə bağlı sonuncu sualım - hansı qaydanın ləğvini istərdin?
- Əl topu tapdı və ya top əli tapdı... Bu hal həmişə söz-söhbətlərə səbəb olub. Bircə buna bir çarə tapsaydılar...
 
 
"Qalmışdım "yan"ların arasında"
 
Munis Abdullayev əslən Göyçay rayonundandır. Ailəsi 1964-cü ildə Bakıya köçüb. Munis də 1 il sonra iyulun 26-da Bakıda dünyaya gəlib. Ailədə 3 qardaş, 1 bacıdılar. Böyük qardaşları Sakin və Emin 17 yaşlarına kimi futbolla məşğul olub. Munis məktəbdən əvvəl futbola yazılıb. Taksi şoferi işləyən atası Rasim kişi futbol azarkeşi idi  və 6 yaşlı Munisi ilk dəfə Ələkbər Cəfərovun yanına aparıb. Munis 7 yaşında isə Bakıdakı 54 saylı orta məktəbə gedib. Valideynlərdən söz düşmüşkən, Rasim dayı 1987-ci ildə vəfat edib. Anası Afəridə xanım isə ömrünün 78-ci ilini yaşayır, əli övladlarının üstündədir. Munis 13 yaşına kimi Ələkbər müəllimin tələbəsi olub. Maraqlıdır ki, bu yaşa kimi heç vaxt əsas heyət futbolçusu olmayıb, yaşıdlarından geri qalıb. "Məhsul" cəmiyyətində Nadir Əliyevin qrupuna keçməsi də ona kömək olmayıb. Orada da heyətə düşə bilməyən Abdullayev 15 yaşında Olimpiya Ehtiyat Mərkəzinə - Eduard Cəbrayılovun yanına gedib. 1 il ərzində Eduard müəllimin sayəsində gənc futbolçu xeyli "artırıb" və 16 yaşında Bakının yığma komandasın düşüb. Həmin ərəfədə yığmanın heyətində "Spartak" stadionunda keçirilən turnir zamanı rəhmətlik Əhməd Ələsgərov oyunu, əsas da sürəti ilə yadışlarından seçilən Munisi "Neftçi"yə dəvət edib. Bu hadisə 1981-ci ildə baş verib. Lakin respublika birinciliyində çıxış edən OİK-in baş məşqçisi Telman Əzizovla məsləhətləşdikdən sonra "bərkimək" üçün Munisin hərbçilərin heyətində oynaması qərara alınıb. OİK-dən sonra, 1983-cü ildə SSRİ birinciliyinin 2-ci dəstəsinin 9-cu zonasında çıxış edən "Xəzər"ə (Lənkəran) çağırılıb. Hərbi xidməti də elə orada keçib. 1985-ci ilin yayında 9-cu zona təmsilçisi olan Naxçıvan "Araz"ın çalışdırıcısı, hamımızın yaxşı tanıdığı Böyükağa Hacıyevdən dəvət alıb. Növbəti ilin yanvarında isə əslən bakılı olan Yevgeni İvanov Munisi və keçmiş futbolçu Bəybala Abdullayevi çalışdırdığı Vladimir "Torpedo"sunna dəvət edib. İvanov təlim-məşq toplanışından sonra ancaq Munisi komandada saxlayıb. Bununla razılaşmayan Munis dostuna görə Vladimirdə qalmayıb və yenidən "Araz"a qayıdıb. Bu qərarına görə hələ də peşmandır. "Araz"da oynadığı vaxt bir neçə oyunluq "Bakılı"nın heyətində turnirlərin birində oynayıb və bir neçə komandanın diqqətini cəlb edib. Onların arasında "Neftçi", "Kəpəz", "Qarabağ" (Xankəndi), "Energetik", "Şəfəq" (Sumqayıt) var idi. "Neftçi"ni seçən Munis əvəzedicilərin heyətində bir neçə oyun keçirsə də, əsas heyətdə oynamaq ona qismət olmayıb. Əsas heyətin bir addımlığında "Zenit"lə oyunda məşhur rus futbolçu İqor Korneyev Abdullayevə elə "zərbə" vurub ki, futbolçumuz 3 aylıq "istirahət"ə yollanıb. Zədəsini sağaltdıqdan sonra isə "Qarabağ"a keçib. Yeri gəlmişkən, Munis Abdullayev "Qarabağ"ın son azərbaycanlı futbolçusu olub. Söhbət əlbəttə, Xankəndinin "Qarabağ" komandasından gedir
 
- 1987-ci ildə "Qarabağ"ın baş məşqçisi Oleq Mkrtçov məni komandasına dəvət elədi. Təlim-məşq toplanışında Bakıdan 10-a yaxın futbolçu var idi. Heyət elan olunanda isə azərbaycanlılar arasından tək məni seçdi. Komandada yeganə azərbaycanlı idim. Bir də Bakı erməniləri var idi - Slavik Ağacanyan və Erik Xaçatryan.
 
- Ermənilərin arasında tək azərbaycanlı olmaq çətin deyildi?
- Yox, hansısa çətinliyim olmayıb. Komandanın əsas heyət oyunçusu idim. Nə oyunla, nə də yaşayışla bağlı çətinlik yox idi. Üstəlik, yaxşı da maaş alırdım. Adım Xankəndi Lampa Zavodunda işçi kimi gedirdi, adıma 120 rubl məvacib yazılmışdı. 220 rubl da futbolçu kimi maaş alırdım. Üstəgəl, qələbə və heç-heçələrə görə mükafatlar. Haradasa, 500 rublu keçirdi. Bir professorun aylıq qazancından çox idi. Qısası, mənə münasibət normal idi. Sizə bir fakt deyim. Hələ 1987-ci ilin yayında ermənilərin Qarabağ iddiaları barədə xəbərim var idi. Xankəndi stadionunun yanındakı parkda azərbaycanlılar yığışırdılar. Mən də tez-tez onlarla bir yerdə olurdum. İlk dəfə orada yerli azərbaycanlılar mənə ermənilərin Qarabağı istəmələri ilə bağlı xəbər vermişdilər. Düzü, əvvəl bunu ağlıma belə gətirmirdim. Amma bir dəfə... Sumqayıtda "Şəfəq"lə oyundan əvvəl erməni futbolçuların Varujan Babayanın otağından çıxdıqlarını gördüm. Erik də onların arasında idi. Ondan nəyin baş verdiyini soruşanda, qondarma erməni soyqırımı ilə bağlı ABŞ-dan göndərilmiş audiokasetə qulaq asdıqlarını və mənim otağa girməli olmadığımı söylədi. Sonradan o kaseti dinlədim. Başdan-ayağa cəfəngiyyat idi. Demə, Varujan futbolçular arasında anti-türk təbliğatı aparırmış. Həmin Varujan millətçi birisi idi. Rus dilini bilsə də, həmişə də ermənicə danışırdı. Sonradan eşitdim ki, Qarabağda bizə qarşı vuruşub və gəbərib.  Ermənilərin bizə qarşı kin bəsləmələrinə aid bir hadisə də danışım. Deməli, Kirovakanda "Lori" ilə səfər oyununa getmişdik. Stadionda haradasa 20 min azarkeş olardı. Hamısı da erməni. Diktor komandaların heyətlərini elan edirdi. Soyadların hamısı "yan"la qurtarırdı. Mənim adımı çəkəndə azarkeşlərin uğultusu stadionu başına götürdü. Qalmışdım "yan"ların arasında. Həmin gün karyeramın ən yaxşı oyunlarından birini keçirmişdim.
 
- Bildiyim qədər erməni dilində sərbəst danışırsan.
- Elədir. Komandada rusca, azərbaycanca danışan ermənilər çox idi. Ağdam erməniləri var idi, bizim dildə təmiz danışırdılar, özü də ağdamlı ləhcəsində. Seçmək mümkün deyildi. Onların arasında dili öyrənməyə məcbur idim. Deyim ki, bu mənə çətin olmadı.
 
- "Qarabağ"dan ayrılmağına həmin hadisələr səbəb oldu?
- Əslində orada 1 il oynamalı idim. Ali təhsil almaq istəyirdim. "Şəfəq"in baş məşqçisi Tofiq Abbasov söz vermişdi ki, təhsil məsələmi həll edəcək və mən də "Şəfəq"də oynayacam. Elə oldu ki, 1988-ci ilin yanvarında Mkrtçova yaxınlaşıb getmək istədiyimi bildirdim. Diqqətlə mənə baxıb "Munis, düz eləyirsən" dedi. Görünür, 1 ay sonra ermənilərin çıxaracağı hoqqalardan xəbərdar idi.
 
Ölümə də bir yerdə gedən kollektiv
 
- "İnşaatçı"ya gəlişin necə oldu?

- "Şəfəq"ə keçidim alınmayınca, həvəsdən düşmüşdüm. Mənə verilən sözün üstündə dayanmadılar, təhsil məsələm həll olunmadı. Hətta futbolu atmaq istəyirdim. Bir müddət futboldan kənarda qaldım. Həmin vaxt rəhmətlik Yadigar Rəhimov mənə "İnşaatçı"da oynamağı təklif etdi. Komandanın əksəriyyəti mikrorayon uşaqları idi, qonşuyduq. Hətta baş məşqçi Məmmədəli Məmmədov da yaxınlıqda yaşayırdı.  Məmmədəli müəllimlə danışdıqdan sonra "İnşaatçı”ya keçməyə razılaşdım. Karyeramın ən gözəl, ən maraqlı illərini "İnşaatçı"da keçirmişəm. Təsəvvür edin ki, komandada hamı bir-birinə qardaş kimi idi. Çox mehribanıydıq. Baxma, nə qədər olmasa da, bir yerdə böyümüşdük. Bir-birimizə o qədər öyrəşmişdik ki, kənardan gələn sərfəli təklifləri rədd edirdik. Məsələn, məni Aldan "Metallurq"undan çağırmışdılar. "İnşaatçı"ya görə getmədim. Bir maraqlı məqamı da qeyd edim. Həmin vaxt "Neftçi"yə düşmək asan idi, nəinki bizim komandaya. Niyə? Çünki kənar futbolçu komandaya təkcə məşqçinin razılığı ilə gəlmirdi. Əvvəlcə biz həmin futbolçunu yoxlayırdıq. Ki, bizə uyğundurmu, kollektivə qaynayıb-qarışırmı, özünü apara bilirmi. Sonradan Məmmədəli müəllimə fikrimizi bildirirdik. Son söz təbii ki, ağsaqqalın idi. Komandaya o qədər futbolçu gəlmək istəyib ki. Kollektivə uyğun olmayıb deyə, götürülməyib. Allah eləməmiş, oyunda kimsə futbolçularımızdan birinə nəsə deyərdi, bütün komanda üstünə tökülürdü.  Meriban atmosfer oyunumuza da təsir göstərirdi. 3 il ardıcıl Azərbaycan Kubokunun finalına çıxmışıq. 1990-cı ildə "Qarabağ"a 0:1 hesabı ilə uduzduq. 1992-ci ildə Nəvainin "Gənclik" komandasına qalib gəldik - 3:1. Bir də ilk müstəqil çempionatda 2:1 hesabı ilə "Kür-Nur"u məğlub etdik. SSRİ dövründə son, müstəqillik illərində isə ilk kubokun sahibi "İnşaatçı" olub.
 
- Nə əcəb yığmada oynamamısın?
- Qismət olmayıb. Gürcüstanla oyundan əvvəl komandanın təlim-məşq toplanışında Əhməd Ələsgərov məni də düşərgəyə dəvət etmişdi. Gürcülərlə oyunda əsas heyətdə oynamalıydım. Gəl ki, oyundan 3 gün əvvəl ayağımdan əməliyyat olundum. Sonra isə dəvət gəlmədi. Gənc futbolçulara şans verildi.
 
- "İnşaatçı" niyə dağıldı?
- Pulsuzluqdan. Aylarla maaş almadan "İnşaatçı"nı dağılmağa qoymadıq. Çox komandalar bizə həsəd aparırdılar. Son məqama kimi dayandıq. Komandanı ilk tərk edənlər Zöhrab Qədiyevlə Aydın Ələkbərov oldu. Hər ikisi "Neftçi"yə getdi. Sonra mən "Azəri"yə keçdim. Amma 1 il sonra komandaya uyğunlaşa bilmədim və yenidən "İnşaatçı"ya qayıtdım. 1995-ci ildə isə komanda dağıldı.
 
- Həmin heyətdən kimlərlə əlaqə saxlayırsan?
- Yadigar Rəhimov bir neçə il əvvəl dünyasını dəyişib. Qalanlardan demək olar ki, hamısı ilə.
 
- Eşitdiyimə görə, 20 Yanvar hadisələrində az qala şəhid olacaqmışsınız...
- Həmin gün hadisələrin mərkəzində idik. Hələ ayın 16-dan etibarən səhər məşq edir, axşam isə başda Məmmədəli müəllim olmaqla "Şamaxinka"ya yığışırdıq. Camaata barrikada qurmaqda kömək edirdik. Ayın 20-ə keçən gecə saat 1-ə işləmiş 3-cü mikrorayon dairəsindən bir tank "Şamaxinka" tərəfə qalxdı və havaya atəş açaraq geri qayıtdı. Görünür, şəhərdəki hərbi hissələrdən birinin zirehli texnikası idi. Az sonra Sumqayıt tərəfdən atəş səsləri eşidildi və tanklar şəhərə girdilər. Binalara, insanlara atəş açmağa başladılar. Şokda idik. Yolun kənarındakı kiçik tikilinin arxasında gizlənmişdik. Tanklardan biri tikilini dağıdınca, qaçmağa başladıq. Səhərə kimi binaların blokunda gözlədik. Səhərə yaxın ara bir qədər sakitləşdi. Şəhidlər Xiyabanına getdik, qəbir qazmağa kömək etdik. Futbolçularımızdan heç kim xəsarət almamışdı. Təkcə İlqar Hüseynovdan başqa. Başından ağır yaralanmışdı. Düzdür, "İnşaatçı"da oynamırdı, amma həmişə bizimlə bir yerdə olurdu, onu komandanın üzvlərindən hesab edirdik. Doğrudan da yaxşı kollektivimiz var idi. Ölümə də bir yerdə gedirdik.
 
Munis haqqında maraqlı ola biləcək daha 2 fakt. Birincisi, o, ABŞ-ın San-Dieqo şəhərinin fəxri vətəndaşıdır. İkincisi isə, bir müddət futzalda hakimlik edib. Hətta 1998-ci ildə "Anqlooyl" komandasında oynayıb. 1996-cı ildə ailə həyatı qurub. Gec evlənməyini futbolla əlaqələndirir. 2 övladı var. Hər ikisi uşaq vaxtlarında futbolla məşğul olub. Amma ata Abdullayev övladlarında futbol istedadının olmadığını görüb onları fikirlərindən daşındıra bilib. Böyük oğlu Eminin 18 yaşı var, iyulda hərbi xidmətə yollanacaq. Ramin isə ali məktəbə hazırlaşır. Uşaqlardan heç birinin futbolçu olmayacaqları dəqiqəlişib. Bəs, hakim? Emin artıq bu sənəti seçib. Əsgərlikdən qayıtdıqdan sonra atasının yolunu davam etdirəcək. Necə hakim olacağını isə zaman göstərəcək.
 
Söhbətləşdi: İlqar TAĞIYEV
"Het-trik news” qəzet
i

Xəbər xətti