"Qarabağ" və qorxaq futbol? YAZI

18:41 - 28 İyul 2016

İndi aləm bir-birinə elə qarışıb ki, heç nəyə münasibət bildirmək istəmirsən, fikir deməyi də artıq sayırsan. Amma bəzən özünü saxlaya bilmirsən – məni bu qeydləri yazmağa məcbur edən məsələ kimi.
 
“Viktoriya Plzen”lə səfər görüşündən sonra “Qarabağ” qorxaq futbol oynadı” qənaəti ortaya çıxdı. Sosial şəbəkələrdə rastlaşdığım bu səpkili yazılara əhəmiyyət verməməyə çalışdım. Ancaq belə bəsit düşüncənin çox ciddi müstəvidən, TV-lərin idman xəbərlərindən ictimailəşdirilməsinə laqeyd qalmaq, sadəcə, mümkün olmadı. Doğurdanmı, “Qarabağ” qorxaq komandadır və qorxaq futbol oynayır?
 
Ona görə, gəlin, o suala cavab tapaq ki, ümumiyyətlə, qorxaq futbol nə deməkdir? Peşəkar terminalogiyada varmı belə deyim? İşin əsl xiridarları bu sualları daha dəqiq və dolğun cavablandırar. Müasir futbolda, getdikcə tam elmiləşən futbolda müdafiəyə daha çox diqqət yetirən komandaya bir vaxtlar “ehtiyatlı oyun”a üstünlük verir dedik. Sonra həmin ifadənin yerini “etibarlı oyun” deyimi tutdu və onu da zaman-zaman “komanda oyunu” ilə əvəzlədik. Sadalanan ifadələrlə bağlı təfərrüata varmadan yalnız onu vurğulamağı lazım bilirəm ki, bugünkü futbolun sadələşdirilmiş düsturu belədir – top səndədirsə, komanda olaraq hücumdasan, əgər topa rəqib nəzarət edirsə, komanda olaraq müdafiə olunmalısan. Bu fərqi anlayanlar söhbətin nədən getdiyini bilir, anlamayanlar üçün isə izah etmək yersizdir.
 
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin bir addımlığında olan “Qarabağ” istəyini reallaşdırmaq və bununla Azərbaycan futbolunda yeni səhifə açmaq üçün Çexiya çempionunu – milli çempionatımızı səviyyəcə xeyli üstələyən bir ölkənin qalibini mübarizədən kənarlaşdırmalıdır. O ölkənin qalibini ki...
 
– klub reytinqində 12-cidir (Azərbaycan 24-cü mövqedədir);
 
– qitənin ən nüfuzlu klub turnirində iki komandası çıxış edir;
 
– UEFA-nın klub reytinqində 43-cü olan “Viktoriya Plzen” hazırda 
“Qarabağ”ı (134) 91 pillə qabaqlayır;
 
– klub olaraq, şəxsi reytinq xalı təmsilçimizdən 3 dəfə çoxdur;
 
– rəqib ÇL-in qrup mərhələsində oynayıb (2013/14), iki dəfə Avropa Liqasının 1/8 finalınadək irəliləyib.
 
Xeyrimizə olmayan statistik paraleli davam etdirmək olar, amma elə bu faktlar da kiminlə üz-üzə dayandığımızın ümumi və xeyli dolğun mənzərəsini yaradır. Elə isə daha bir sualı cavablandırmaq lazım gəlir – biz həmin komandaya qarşı necə oynamalı idik?! Yəqin hər kəs mənimlə razılaşar ki, indiki halda sualın cavabını baş məşqçi Qurban Qurbanov qədər dəqiq bilən ikinci şəxs yoxdur. O Qurban Qurbanov ki, Azərbaycan futbol salnaməsinə çox töhfələr verib, özünütəsdiq mənasında, öyünüləsi bir sıra ilklərin ünvanıdır. Və onun sadalamağa lüzum görmədiyim uğurları gərgin zəhmətin, biliyin – futbol biliyinin (!) – sayəsində əldə olunub. Ən adi taktiki sxemləri bilməyən, yaxud yanlış bilən “bilicilərin” Qurban Qurbanovda səhv axtarması, sizcə, nəyin göstəricisidir?
 
Bunu bir neçə dəfə demişəm: “Qarabağ” uğurlar qazanmağa başlayanda Ermənistan KİV-lərində tənqidi yazılar yer alırdı. Amma bədxahlar bu iyrənc mərəzlərindən, antireklam da bir reklamdır, - deyə tez əl çəkdilər. Böyük və acı təəssüf ki, o yer boş qalmadı – Malta çempionu məğlub edildi, mediamızda “Kənd komandası üzərində qələbə” tezislərinə rast gəldik, “İnter”lə məşhur oyunda vurulan qolun ofsayd olmasında israr edənlər hələ də var, “Monako” və “Tottenhem”lə Bakıdakı görüşlərlə bağlı qeyri-obyektiv, qeyri-peşəkar, daha dəqiq desək, qərəzli yazılar, indi də “Qorxaq futbol oynayır” kimi Qarabağ” adına yaraşmayan yanaşma...
 
Təhlili qeydlərdə ən çox qabardılan faktlardan biri “Qarabağ”ın qapıya dəqiq zərbəsinin olmamasıdır. Bu, çatışmazlıq kimi vurğulanır, çox yaxşı, ancaq az qala bütün oyunu hücumda keçirən rəqibin cəmi 1 dəqiq zərbəsinin olmasına qətiyyən diqqət yönəldilmir. Təhlillərin faktlar deyil, ehtimallar əsasında aparılması da narahatlıq doğurur. Rəqib komanda azlıqda qalanda 75-ci dəqiqə idi. “Qarabağ”ın say üstünlüyündən faydalanıb qol vura bilməməsi də az qala faciə kimi qələmə verilir. Deyək ki, elə düşünənlər haqlıdır, amma cəmi bir neçə dəqiqə sonra Ansi Aqollinin zədələnərək əvəzlənməsi, başqa sözlə, məşqçi planlarının məcburi dəyişməsi, əslində isə pozulması yenə yaddan çıxır. Hər kəsə gün kimi aydındır ki, həmlələr zamanı albaniyalı futbolçunun kəskin cinah ötürmələri rəqib üçün nə qədər təhlükəli olur. Bəs, komandamızın ən güclü silahlarından birini itirməsini deməmək hansı məqsədə xidmət edir, görəsən?
 
“Viktoriya Plzen”lə görüşdə “Qarabağ”da hər şey qaydasında idi fikrini təlqin etməkdən uzağam. Buna ehtiyac da yoxdur. Ancaq söhbət doğma komandamıza doğma münasibətdən gedir. O doğma münasibətin mayasında isə, jurnalistlərə hər şeydən çox lazım olan obyektivlik dayanmalıdır. Əks təqdirdə, dividenti mənfi saldolu olacaq!
 
Sizinlə həmsöhbət mən idim...
 
Rövşən BİNNƏTLİ

Xəbər xətti