"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi: "Belə bir klubun dağılması futbolumuz üçün ciddi itkidir" MÜSAHİBƏ

"Xəzər Lənkəran"ın tarixin yaddaşına qovuşması Azərbaycan futbolu üçün böyük itki oldu. Ötən mövsümün başa çatmasından 2 ay vaxt keçməsinə baxmayaraq, hələ də bu mövzu mətbuatda müzakirə olunur. Yarandığı gündən adından söz etdirən, çempionata rəng qatan və böyük azarkeş ordusuna malik olan klubun son illər göstərdiyi zəif nəticələr və yekunda fəaliyyətini dayandırması ancaq təəssüf hissi doğura bilər. Halbuki qış fasiləsində tamam başqa mənzərənin olacağı gözlənilirdi. Mübariz Mənsimov biznes fəaliyyətini yenidənq qaydaya salıb, 2016-cı ildən komandaya normal maliyyə ayıracağı barədə xəbərlər dolaşırdı. Hətta lənkəranlıların həmin ərəfədə legioner axtarışına çıxdığı da deyilirdi. Bizimlə söhbətində komandanın o vaxtkı baş məşqçisi Elbrus Məmmədov da nikbin danışmışdı. Hansı ki, həmin Məmmədov sona 4-5 tur qalmış istefa verdi. Sonradan baş verənlər də göstərdi ki, Elbrus müəllim əslində komandadan getməkdə düz edib. Lənkəran klubundan ayrılandan sonra isə ondan xəbər-ətər yox idi. 
 
- Elbrus müəllim, çoxdandı sizdən səs-soraq yoxdur. 
- "Xəzər Lənkəran"dan ayrılandan sonra bütün diqqətimi oxumağa səfərbər etmişəm. Təhsilimlə bağlı Ukraynaya getdim. Hədəfim PRO kateqoriyası almaqdır. Hələ ki, bütün diqqətim buna yönəlib.

 

- "Xəzər Lənkəran"dan ayrıldıqdan sonra başqa təkliflər olmadı?
- Açığını deyim, ciddi təkliflər olmadı. Həm də düşündüm ki, bir az da dincəlmək lazımdı. Qarşıda yəqin ki, işləməyə vaxtım olacaq.

 

- Sirr deyilsə, ciddi hesab etmədiyiniz təkliflər hansı komandalardan idi?
- Yox, ad çəkə bilmərəm.

 

- Belə başa düşdüm ki, həmin təkliflər Premyer Liqa klublarından olmayıb...
- Elədir.

 

- "Xəzər Lənkəran"dan istefa verdiyiniz vaxt klubun dağılacağını hiss etmişdiniz, yoxsa, sırf uğursuz nəticəyə görə komandadan ayrıldınız?
- Hiss eliyirdim ki, sonluq yaxşı olmayacaq. Klub dağılmağa doğru gedirdi. Elə buna görə də də istefa verdim.

 

- Bu hissiyat sizdə haradan idi? Çünki çempionatın sonuna 5 tur qalmış "Xəzər Lənkəran" "Rəvan"dan öndəydi və dağılmaq məsələsi də gündəmdə deyildi.
- Kənardan elə görünə bilər. Amma vəziyyət başqa idi. Mən hər şeyi görürdüm. Haradan? Çünki komandanın son 6 oyununda rəhbərlik iştirak etmədi. Bir nəfər də olsun gəlib heç olmasa ev oyunlarımıza baxmadı. Sizcə, bu, nə demək idi?  Ona görə də istefa verdim.

 

- Ayrılandan sonra klubla əlaqə saxlamısınız?
- Yox, heç bir əlaqəm olmayıb. Elə o vaxtdan oradan birdəfəlik ayrılmışam.

 

- "Xəzər Lənkəran"ın  fəaliyyətini dayandırması barədə qərarı necə qarşıladınız?
- Çox pis oldum. İnanmağım gəlmədi ki, o boyda klub dağıldı. Uşaqların çəkdiyi əziyyətə də heyfim gəlir. Heç birinin maaşı verilmədi. Bəzən orada-burada deyirlər, yazırlar ki, borclar ödənilib. Heç biri düzgün məlumat deyil. Heç kimin maaşı verilmədi, klubun bütün futbolçulara borcu qaldı. 3 milyon təkcə legionerlərə olan borcdu. Yerlilərə olan borcun məbləğini açıqlasam, görün nə qədər olar.

 

- Siz özünüz necə, pulunuzu ala bildiniz?

- Nə danışırsınız? Klubun mənə 45 min borcu qalıb.

 

- Bu pulu almaq üçün harasa şikayət etmədiniz?
- Yox, heç hara şikayət etmədim.

 

- Nə üçün?
- Bizdə müqaviləni "kişi sözü" ilə bağlayırlar axı (gülür).

 

- Necə düşünürsünüz, "Xəzər Lənkəran"ı yenidən bərpa etmək mümkün olacaq?
- Dağıtmaq asandı. Yığmaq çox çətin olacaq. Eyni adla, eyni rəhbərliklə mümkünsüz görünür. Tarixdə də belə şey olmayıb ki, hansısa klub bu günə düşüb, dağılıb, sonra eyni rəhbərliklə yenidən bərpa olunub. İndiki halda "Xəzər Lənkəran"ın köhnə rəhbərliklə qayıtması inandırıcı görünmür. Məsələn, Sumqayıtda da komanda dağıldı, sonradan yeni rəhbərliklə, yeni adla yaradıldı. Bununla belə, Lənkəranın özündə iş adamları, imkalı şəxslər var. İnanıram ki, onlar yığışıb yenidən Lənkərana böyük futbolu qaytara bilərlər. Yəqin ki, "Xəzər Lənkəran" yox, "Xəzər" adı altında. Yəni, köhnə adla.

 

- Yəqin, borca görə belə düşünürsünüz...
- Əlbəttə. Eyni adla klubu qaytarmaq üçün borcları ödəməlisən. Kimdir o qədər pulu verən?

 

- "Xəzər Lənkəran"ın dağılması ilə Azərbaycan futbolu nə itirdi?
- Çox şey. Belə bir klubunun dağılması futbolumuz üçün ciddi itkidir. İlk növbədə ən böyük bölgə futbolunu itirdik. Yaxud belə deyərdim, Azərbaycan futbolu böyük kütləni itirdi. Futbolu kimə görə oynayırıq? Azarkeşlərə görə. Açıq danışaq, bu gün "Qəbələ" nə qədər canfəşanlıq etsə də, heç vaxt "Xəzər Lənkəran"ın Azərbaycan futboluna verdiyini verə bilməz. Çünki o boyda azarkeşi yoxdur.

 

- Növbəti mövsüm Premyer Liqada 8 komanda mübarizə aparacaq. Sizcə, 8 komandalı çempionat bizə nə verə bilər?
- Sizcə, nə verə bilər? Bir jurnalist kimi fikriniz necədir?

 

- Biabırçı bir durumdur.
- Gülməlidir. 8 komandalı çempionatın xeyri nə ola bilər ki? Heç olmasa 10 komanda eləmək lazım idi. Gənclərin inkişafından danışırıq. Ən azından klublarda heyətə düşə bilməyn yığma üzvlərini iki komandaya toplayıb çempionata buraxmaq mümkün idi. Necə ki, AFFA-nın əvvəlki rəhbərliyi "Şəfa"nı yaratmışdı. İndi də bu addımı atmaq olardı. Gəlin açıq danışaq, klubların yarısına AFFA dəstək verir. Bu mənada gənclərdən ibarət iki əlavə komanda da çətin olmazdı. 8 komandalı birincilik həqiqətən gülməlidi.

 

- Bildiyim qədər xaricdə işləmək variantınız var. 
- Bu da gündəmdədir. Sadəcə, hazırda bütün diqqətimi təhsilimə yönəltdiyimdən bu məsələni ikinci plana keçirmişəm. Amma şans var. Lazım gəlsə, bu şansdan da istifadə edəcəm. Təki iş olsun. 
 
 "Het-trik news" qəzeti

Tarix: 31 İyul [17:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Noyabr 2017
21  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio