"Zirə"nin futbolçusu: "Azərbaycanda müəyyən qədər adaptasiya tələb olunur" MÜSAHİBƏ

11:23 - 15 Avqust 2016

Azərbaycan Premyer Liqasının II turunda "Zirə" səfərdə "Neftçi" üzərində 1-0 hesablı qələbə qazanıb.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Zirə"nin portuqaliyalı futbolçusu Migel Lorenso jurnalistlərin suallarını cavablandırıb:  
 
"Qəbələ qazanmağa ehtiyacımız var idi. Çox böyük ruh yüksəkliyi ilə bu oyunu qazandıq. Meydanda hər top üçün mübarizə aparırdıq. Bu, bizim üçün çox yaxşı haldır. Həqiqətən də, ürəkaçan qələbə idi”.
 
- "Neftçi” çempionatımızın iddialı komandalarından birdir. Onlardan belə sönük oyun gözləyirdinmi?
- Azərbaycana gəlməmişdən öncə heç bir komanda haqqında məlumatım yox idi. Təbii ki, bura gəldikdən sonra müxtəlif komandalar haqqında məlumat toplamağa başladım. Oyuna çıxmazdan öncə yaxşı komandaya qarşı oynayacağımızı düşünürdüm. Nəzərə almaq lazımdır ki, "Zirə”də pis komanda deyil.  Bizim də oyunu udmaq üçün gücümüz var idi və buna nail olmağı bacardıq. 
 
- Çempionatın əvvəlində "Sumqayıt” autsayderlər, "Neftçi” isə iddialılar arasında görülür.  İlk turda "Sumqayıt”a məğlub oldunuz, ikinci turda isə "Neftçi”ni məğlub etdiniz. Bu, qeyri-stabillikdən xəbər verir,  yoxsa komanda tam oturuşmayıb?
- "Sumqayıt”a məğlubiyyət bizim üçün müəyyən qədər dərs oldu. Biz komanda olaraq "Neftçi”ni məğlub etmək barədə düşünürdük. Sırf olaraq qələbə qazanmağı düşünürdük və buna nail olmağı bacardıq. 
 
- Portuqaliyada süni örtüklü meydançalar çox azdı. "Zirə”də isə süni örtüklü meydançada oynayırsan. Bu, sənin üçün böyük problem deyil?
- Portuqaliyada süni örtklü meydançaların olmaması fikri ilə razılaşıram. Uşaqlıqdan bəri qumda, süni və təbii örtüklü meydançalarda oynamışam. Düşünürəm ki, Azərbaycanda müəyyən qədər adaptasiya tələb olunur. Bir az vaxta ehtiyacım var. Ümid edirəm ki, hər şey qaydasında olacaq. 
 
- Azərbaycanlı futbolçular – Budaq Nəsirov və Emin Mahmudov portuqaliyada özlərini göstərə bilərlərmi?
- Bildiyiniz kimi, ölkənizə yeni gəlmişəm. Buna görə də Budaqı və Emin Mahmudovu yaxından tanımıram. Ancaq Portuqaliya klublarının zəif futbolçu transfer edəcəyini düşünmürəm. Deməli, Budaq və Emin bacarıqlı futbolçulardı. Onlara uğurlar arzulayıram. Portuqaliyada dünyanın ən yaxşı çempionatlarından biri təşkil olunur. Hər iki futbolçu özünü yaxşı tərəfdən göstərə bilər.  Bu, onlar üçün əla fürsətdir.

 

Xəbər xətti