80 yaşlı qoca can verir YAZI

10:28 - 23 Avqust 2016

Qalıb ögey övladlarının əlində. Burdan müraciət edirəm. Ey neftçisevərlər! "Neftçi"mizi xilas edək. Şura sədri Çingiz Abdullayev demişdi ki, "Neftçi" bu ölkənin simvoludu, rəmzidi. Hamımız flaqman deyirik "Neftçi"yə. İllər keçsə də, nəticədən asılı olmayaraq həmişə belə olacaq. Yaşlı nəslin nümayəndələri yeni-yeni ayırmağa başlayıb millimizi "Neftçi"dən. Ən köhnə tariximiz yazılıb bu klubla. Bu tarixi silməyə, ya da cılızlaşdırmağa imkan verməyin. Neçə illərdi ki, bu tarixdən danışırıq. Ən böyük uğurumuzun bürünc olmasına baxmayaraq fərəhlə anladırıq. "Belə uğurdansa olmaması yaxşıydı" deyə bilmərik, heç düşünə də bilmərik. Dövlətçilik tariximizdə cəmi 23 ay yaşayan ADR nə qədər əzizdirsə, futbol tariximiz üçün də 1966-cı ildə qazanılan bürünc o qədər əvəzolunmazdı. Hər ev oyununda minlərlə azarkeşi qoynuna olan o tribunalar indi boş qalıb. İncidiblər, küsdürüblər, uzaq salıblar "ağ-qaralı" fanatları. Bütün oyunlarda səfərdəymiş kimi oynayır "Neftçi". Axı niyə? Formanın rənginin "ağ-qara" olmasının mənasıydı qara günlərin də olacağı. "Neftçi" azarkeşi bu günləri göz önünə alaraq, qarşılıqsız sevmişdi flaqmanını. Lakin bu gün olanlar 80 illik tarixində baş verməmişdi. Azarkeşlər polisə verilmiş, tribunalardan uzaq qalmışdı..

 

Dağılmaq üzrədi "Neftçi"! Daha bir tarixi simvolumuz tarixin yaddaşına köçmək üzrədi. Yardım edin! Çox hörmətli "Neftçi" veteranları! Siz kömək edin flaqmanımıza. Axı sizlər bu klubun sayəsində sevilmisiz, alqışlanmısız. Bu klubdan maddi və mənəvi qazanmaqla tanınmısız. Ona görə can verən "Neftçi" sizdən kömək gözləyir ilk növbədə. Hamımızın "Neftçi"si boğulmaqdadı. Xəzərin qərb sahilində, Xəzərin nefti ilə böyüyən, tanınan, bəzən sevincdən, bəzən də acıdan ağladan "Neftçi" ya dağılacaq, ya da elə həmin Xəzərin sahilində ən kiçiklərdən olacaq. Sizlər - "Neftçi" veteranları 5-10 ildən sonra utanacaqsız. Nəvələrinizə danışa bilməyəcəksiz "Neftçi"dən. Çünki onda nəvələr "Neftçi"ni rəqib belə saymayacaqlar. Çünki "Neftçi" kiçiləcək o zamana qədər. Kiçik olmağındansa... elə tarix olmağı yaxşı olar "Neftçi"nin.

 

Cənab Rövnəq Abdullayev! Siz də klubumuzun sevimli rəhbərlərindən olmusuz. Sizin dönəminizdəki uğurlar da xatirindədi azarkeşin. İndi də xalq komandasının sponsoru olan SOCAR-da söz sahibisiz. İqtisadi böhrandan xəbərimiz təbii ki var. Lakin Azərbaycan səviyyəsində klub saxlamaq yenə də SOCAR üçün çətin olmamalıdı. Bütün layihələrinə davam edən SOCAR yalnız "Neftçi"yə qənaət etməməlidi. Axı xalqın, yəni hamımızın komandasıdı o. Xeyr, qənaət edilmir deyilirsə, "Neftçi" üçün maddi sıxıntı yoxdursa, bəs niyə hesabat tələb olunmur Müşahidə Şurasından. Tələb olunursa, niyə daim tribunada olan fanatların xəbəri olmur. Sizdən də kömək gözləyir "Neftçi" azarkeşləri.

 

Xalqımızın ziyalı təbəqəsindən olan neftçisevərlər! Siz yardım edin bizlərə. Yol göstərin bizə. "Neftçi"li olmaq yaşa, işə, vəzifəyə baxan sevgi deyil. Bu gün sizin azarkeşi olduğunuz klub qələbələrə həsrətdi. Özündən yaşca kiçik rəqiblərinin ayaqları altında qalır, əzilir. Fanatlarını da əzdirir, didərgin salır. Sizlər səssiz qalmamalısız bu günlərdə. Bu bataqlıqdan birgə çıxarmalıyıq "Neftçi"ni.

 

Ən gözəlinə layiq olan fanklub üzvləri, rəhbərliyi. Siz özünüzü çoxdan sübut etmisiz Azərbaycanda. Dəfələrlə yanınızda olmuşam. Bir-birini tanımayan insanların birgə oxuduğu bəstələri, çılğıncasına futbolçuları irəli səsləməyinizi, nəticədən asılı olmayaraq hər oyunun sonunda "Neftçi buraya" hayqıraraq dəstək verməyinizi Şuradan başqa hamı görüb. Bu gün qəbul etdiyiniz boykot qərarını da anlayışla qarşılayıram. Lakin biləsiniz ki, sizin o tribunaya gedib-getməməyiniz bu rəhbərlik üçün fərq eləmir, hələ bəlkə də rahatlaşıblar ki, onları narahat edən yoxdu. Nə olar, təslim olmayaq. "Neftçi" bu rəhbərliyin deyil ki...

 

Nəhayət, Müşahidə Şurası! Sizə ayrı-ayrılıqda tək mənim deyil, bütün xalqımızın isti münasibəti var. Lakin hərənizə öz peşənizdə. Dedektiv əsər deyəndə ağıla gələn Çingiz Abdullayevdi. Satirik yumor deyəndə hər kəs Bəhram Bağırzadədən danışır. Fərhad Bədəlbəyli xalq artistimizdir. Futbolu çox sevə bilərsiz, amma bu futbol mütəxəssisi olmaq demək deyil ki. Azarkeşlərin sizdən gözləntiləri çox idi, güvənirdik sizə. Amma o güvən yıxıldı artıq. Əvvəlcə gəncləşdirmə deyib bütün təcrübəli futbolçuları qovdunuz, əvəzində Melli və Anyete kimi 30-u keçmiş "gənclər"i cəlb etdiz. Yayda qovduğunuz Kanalesi qışda gətirib yayda yenə göndərdiniz. Əsasən azərbaycanlılar oynayacaq dediniz, bu gün heyətdə 6 əcnəbi var. Hələ gəldiyiniz 2 il olmayıb, 4-cü məşqçi ilə işləyirsiniz. "Neftçi"də tamamilə maliyyə şəffaflığı olacaq dediniz, bizim hələki klubda olanlardan xəbərimiz yoxdu. Bütün bunlarla sizə olan güvənimizi itirdiniz. Azarkeş artırmaq həvəsi ilə gəlmişdiz, yəqin ki xəbəriniz var. Tribunalar boş qalıb. Ürəklərdən də "Nefçi" sevgisini silinməsini istəmirsizsə, buraxın komandamızı. Kim gəlir gəlsin, bacaran gəlsin! Biz sizdən hər il çempion olan, hər il kuboku alan, Çempionlar Liqasının qrupuna düşən klub tələb etmirik. Sadəcə ruhu olan, əzilməyən, əzmkar olan əsl komanda istədik. Amma siz komandanı elə hala saldız ki, bu gün "Neftçi" li olmaqdan utanır fanatlarımız. Azacıq "Neftçi" sevgisi olduğunu sübut edin, rahat buraxın komandamızı.

 

P.S. Vəli Qasımov kimi "məşqçi"dən bilərəkdən heç nə yazmadım.

 

P.S. S. Özümü dərk edəndən bəri həyəcanla "Neftçi"yə azarkeşlik etmişəm. Təxminən 20 ildən çox edir bu da. 11 ildir ki, daim tribunadaydım. Həmişə oyunu 85-ci dəqiqədə tərk etməyə qarşı olmuşam. Əksinə futbolçular stadionu tərk edənə qədər düşməmişəm tribunadan. Lakin "Qarabağ faciəsinə (3:0)" sona qədər tamaşa edə bilmədim. Bunu yəqin ki unutmaram heç vaxt.

 

Tural ALIŞOV

Xəbər xətti