Qurban Qurbanov: "Sabah başqa planlarımız var" MÜSAHİBƏ

18:10 - 24 Avqust 2016

Avropa Liqasının "pley-off" mərhələsinin cavab qarşılaşamaları çərçivəsində “Qarabağ” ilk oyunda 0:1 hesabı ilə uduzduğu İsveçin “Göteborq” klubu ilı qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, oyundan əvvəl Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Ən vacib oyunlarımızdan biridir. Artıq rəqibimizi daha yaxından tanıyırıq. Yaxşı hazırlaşmışıq və oyuna hazırıq. Rəqib ciddi komandadır. Yaxşı müdafiə olunmağı bacarırlar.

 

- Bu qarşılaşmanı ölüm-dirim matçı hesab etmək olar?

- Belə deməzdim. Mərhələnin son oyunudur. Hər iki komandanın son şansıdır. Bizim üçün vacib oyundur.

 

- "Göteborq"u keçmək üçün hansı cəhətlərə görə üstün olmaq lazımdır?

- Müdafiədə diqqətli oynamalıyıq. Rəqibə qol imkanı yaratmağa imkan verməməliyik. Təhlükəli yerlərdə qaydanı pozmamalıyıq. İlk oyunda cərimə zərbəsindən qol buraxmışıq. Digər epizodda isə təhlükləli zərbə endirmişdilər.

 

- Sabah Dino Ndlovu start heyətdə olacaq?

- Açığı, tam qərar verməmişəm. Onun bir az artıq çəkisi var idi. Üzərində xeyli çalışıb. Start heyətdə meydana çıxacağı gözlənilmir.

 

- "Viktoriya" "Ludoqorets" səddini keçə bilmədi. Təəssüflənmədiniz?

- Bəzən elə olub ki, biz zəif oynamışıq, amma qalib gəlmişik. Buna təəssüflənmirəm. Həmin oyunun qol epiozdlarına baxdım. "Viktoriya"nın bizimlə matçda demək olar ki, qol epizodu olmamışdı. Təəssüflənmək istəmirəm. Bu gün üçün şükür etməliyik. Məğlubiyyəti qəbul etməliyik. Daha çox hazırlaşmalıyıq.

 

- Namiq Ələsgərov start heyətdə olacaq?

- Start heyətdə oynamaq ehtimalı azdır.

 

- "Viktoriya" və "Göteborq"la matçda qol imkanlarınızı qaçırdığınızı söyləmişdiz. Bunun üzərində nə dərəcədə çalışmısız?

- Futbolçuların motivasiyasını daha çox artırmalıyıq. Maksimum çalışmalıyıq ki, şanslarımızı dəyərləndirək. Bəzən olub ki, qol imkanlarımız az olub, amma qalib gəlmişik. Bu futboldur. Bəzən olur ki, bombardir 4-5 tur qol vura bilmir. Belə hallar olur. Rəqibin oyununu da nəzər almaq lazımdır. Mən də futbolçu olmuşam. Futbolçu belə hallarla tez-tez qarşılaşır. Bunun üzərində daha çox çalışmaq lazımdır.

 

- Sizcə, rəqib sabah hücum futbolu oynayacaq?

- Oyunumuzu rəqibə görə qururuq. Son zamanlar müdafiə futboluna diqqət verən komandalar nəticə əldə edirlər. Avropa çempionatında da bunun şahidi olduq. Bu turnirlərdə də belə olur. Rəqibin doğma sistemi 4-4-2-dir. Sabah da belə oynayacaqlar. Həmişə 2 sırf hücumçuları olur. Yaxşı əks hücumlar qururlar. Ancaq bizdə fərqlidir. Hücumda daha çox futbolçu olur. Oyunçular mövqelərini tez-tez dəyişirlər. Rəqib bizim üçün sürpriz hazırlaya bilər. Buna hazır olmalıyıq.

 

- Penaltilər seriyasına hazırsız?

- İstəməzdim ki, ora qədər gedək. Amma hər şeyə hazır olmalıyıq. Soyuqqanlı olmaq lazımdır.

 

- Komandada psixoloji cəhətdən vəziyyət necədir?

- Hər şey normaldır. Son iki ildə qrupa düşmüşük. Azarkeşlərimzin önündə oynayacağıq. Hər hansı psixoloji gərginlik varsa buna sevinirəm. Çünki oyunçu təzyiqi hiss edir və nəticə qazanmaq istəyir.

 

- Sabah məşhur Azərbaycansayağı künc zərbəsindən istifadə edəcəksiz?

- Sabah başqa planlarımız var. Artıq rəqiblər bu hiyləni bilirlər.

 

- "Qəbələ"nin şanslarını necə dəyərləndirisiz?

- Yaxşı nəticə əldə ediblər. Onlara uğurlar arzu edirəm. İnşallah yaxşı nəticə ilə qayıdarlar.

 

- "Qarabağ"ın şansları yaxşıdır, yoxsa "Qəbələ"nin?

- Həyatda asan heç nə yoxdur. Hər ikimizin işi çətindir. Arxayınlaşmaq olmaz.

Xəbər xətti