"Neftçi" azarkeşləri üçün Sadıq Sadıqovlu günlərin xatirəsi

13:08 - 25 Avqust 2016

“Neftçi” həmişə diqqət mərkəzində olub. Sadıq Sadıqovun vaxtında da, ondan əvvəl də, ondan sonra da. Amma Sadıq Sadıqovdan əvvəl də, sonra da klubun nəticələri bərbad olub. Flaqman ən yaxşı nəticələrini onunla yaşayıb. Avropa Liqasının qrup mərhələsi, çempionluqlar, ölkə kuboku...

 

Bütün bunlar indi “Neftçi” azarkeşləri üçün xoş xatirədən başqa bir şey deyil. İndi “Neftçi” autsayder kluba çevrilib, indi ölkənin ən tarixi klubunun azarkeşləri stadiona getmək istəmirlər, “Neftçi”nin düşdüyü durumdan utanırlar. Maliyyə imkanlarına görə yalnız “Qarabağ” və “Qəbələ”dən geri qalan “Neftçi” oyununa görə demək olar ki, hamıdan geri qalır. Hərçənd, nəticə əldə eləmək üçün ən azından yaxşı yerli futbolçulara malikdirlər. Legionerlərlə bağlı məsələ isə bir qədər fərqlidir. Bugünkü qiymətlərə görə kifayət qədər bahalı legionerlər alan “Neftçi” onlardan lazımınca bəhrələnə bilmir. Niyə? Çünki həmin legionerlərin səviyyəsi onlara xəclənən pula dəymir. Yox, əgər “Neftçi” rəhbərliyi iddia edirsə ki, həmin legionerlər bahalı deyil, o zaman ucuz ətin şorbası kimə lazımıydı?

 

Klubun icraçı direktoru Elnur Məmmədovun heç futbolun əlifbasını bilmədiyini artıq hamı anlayıb. Sadəcə Rövnəq Abdullayevin hələ də nəyi gözlədiyi anlaşılan deyil. Axı, necə ola bilər ki, bir idarəçi “Neftçi” kimi klubu belə vəziyyəti gətirir, onu isə hələ də vəzifəsində saxlayırlar. Yəqin, bunu anlamaq üçün Rövnəq Abdullayev olmaq lazımdır.

 

Futbolu qoyaq bir kənara, bu iş yüz yox, min faiz Elnur Məmmədovluq deyil. Lakin Məmmədov səhvini etiraf eləyib, çıxıb azarkeşlərdən üzr istəmək əvəzinə, azarkeşləri məhkəməyə verir, onları həbs etdimək istəyir. Bu adam anlamır ki, həmin azarkeşlər “Neftçi” üçün ondan qat-qat çox əmək sərf ediblər. Təbii ki, indi “Neftçi”nin düşdüyü durumu həzm edə bilmirlər və hirslərini “facebook” səhifələrində tənqid, lap elə təhqirlə çıxarırlar. Nə etsinlər? Normal, sivil ölkədə Elnur Məmmədov və onun ətrafına toplaşanlar belə biabırçı çıxışlardan sonra istefa ərizəsini yazıb getməliydilər. Amma getmirlər, vəzifədən on əllə yapışıblar. Azarkeşin də əlindən “facebook”da etiraz etmək gəlir.

 

Görünən budur ki, “Neftçi” azarkeşləri Sadıq Sadıqovlu günləri hələ çox özləyəcəklər. Bu rəhbərliklə, bu təfəkkürlə, “Neftçi” hələ uzun müddət özünə gələ bilməyəcək.

 

Həmid  

Xəbər xətti