Roman Qriqorçuk: "Avropa Liqasında ilk oyunu gözləyirik"

01:50 - 26 Avqust 2016

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Maribor” (Sloveniya) – “Qəbələ” qarşılaşmasından (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

 

Sportal.az sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir: 

 

“Matça psixoloji, emosional hazırlıq baxımından böyük iş görmüşdük. İlk yarıda bu mənada hər şeyin alındığını deyə bilmərəm. Oyunçular bir az gərgin olduğundan bizə xas olmayan xətalar buraxırdıq. Fasilədə də bu emosional gərginliyi aradan qaldırmağa çalışdıq. Bu da bizə daha yaradıcı oynamaq, topa nəzarət imkanı verdi. Qarşılaşmanın sonunda emosiyalarımı saxlamağa, təmkinli olmağa çalışırdım. Oyunu diqqətlə izləyirdim ki, nəyi dəyişmək lazım olduğunu görüm. “Maribor”la qarşılaşmaya tam konsentrasiya olmuşduq. Matçın gedişində lazım olan müdaxiləni etməyə hazır idik. Ötən mövsümdə də, indi də yayda heyəti yeniləyib, oyun quruculuğu üzərində işləyib, nəticə də qazandıq. Bu iki komanda arasında fərq görmürəm, onları sevir, hörmət edirəm. Bu iki illə fəxr edir, oyunçularıma təşəkkür edirəm. Qarşıda bizi qrup mərhələsi gözləyir. Təkmilləşməkdə davam edəcək, inkişafa çalışacağıq. Nəticə qazanmaq istəyirik. Qrup mərhələsi üçün qlobal vəzifəmiz olmayacaq. Avropa Liqasında ilk oyunu gözləyirik. Bu görüşdə qalib gəlmək, yaxşı futbol göstərmək niyyətindəyik. Transfer pəncərəsinin sonuna qədər 5 gün vaxtımız var. Komandamıza bir hücumçu və bir universal oyunçu lazımdır. Filip Ozobiçin fərqlənməsinin qarşısının alınmasına gəlincə, qapı istiqamətində güclü zərbə endirilirsə və top kimdənsə dönürsə, bunu birinin bəxtinin gətirməsi, digərində isə gətirməməsi ilə izah etmək olar” (Klub saytı).

Xəbər xətti