Tərlan Əhmədov: "Ola bilər ki, "İnter"lə oyun mənim üçün sonuncu olacaq"

20:17 - 19 Sentyabr 2016

Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçirilən "Qəbələ" - AZAL matçı meydan sahiblərinin 3-0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Sportal.az Futbol11.az saytına istinadən xəbər verir ki, qarşılaşmadan sonra qonaqların baş məşqçisi Tərlan Əhmədov keçirilən mətbuat konfransında oyunla bağlı fikirlərini səsləndirib.
 
"Deyəcəyim bir söz yoxdu. Deməyə söz tapmıram. İlk turda normal futbol oynayan komandanın indi belə futbol sərgiləməsi məni qayğılandırır. Ayın 24-nə kimi vaxt vermişəm. Ola bilər ki, komandanı tərk edim. Özümə zülüm edəsi deyiləm. Heç kim də deməsin ki, komandanı yarımçıq qoyub gedirəm". 
 
- Belə çıxır ki, komandanın gələcəyinə ümid etmirsiniz?
- Keçən ilki heyətdən komandanın lideri Rail Məlikov və qapıçı Namaşko gedib. Murad Səttarlı da yoxdu. Onların boşluğunu doldura bilmədik. Bunun da səbəbi maliyyə problemidi. Yeni gələnlər də onları əvəz edə bilmədi. Mənim üçün çətindi. Bu büdcə ilə, belə şəraitdə nəsə etmək çox çətindi. Buna dözmək olmur. Əlimdə istədiyim futbolçular azdı. Bu gün imicdən çox gələcəyi düşünürəm. Komandanın daha aşağı getməsini istəmirəm. Mən inandığım futbolçuları komandada saxlamışam. Görünür, futbolçuların mənə inamı yoxdu. Ola bilər ki, "İnter"lə oyun mənim üçün sonuncu olacaq. Fikrimin dəyişib-dəyişməyəcəyini bilmirəm. Hər şey rəhbərliklə görüşdən sonra bəlli olacaq.

Xəbər xətti