Ceyhun Sultanov: "Hamı deyir ofsayddı, amma Mübariz Haşımov deyir ki..."

13:22 - 23 Sentyabr 2016

Ötən gün “Qəbələ”yə (0:2) məğlub olduqdan sonra “Sumqayıt”ın baş məşqçisi Samir Abasov heyətdə, konkret olaraq, müdafiənin sağ cinahında oynatmağa futbolçusunun olmadığını deyib. Bundan başqa hakim səhvi barədə də kəskin fikirlər bildirib.

 

Həm bu, həm də digər məqamlarla bağlı “Sumqayıt”ın baş meneceri Ceyhun Sultanovla danışdıq. Sportal.az saytına açıqlama verən Ceyhun bəy Abasovun açıqlamasına belə münasibət bildirdi:

 

“Heyətdə 23 futbolçumuz var və onların hamısı da Samir Abasovun istəyi ilə komandadır. “Qəbələ”yə məğlubiyyətdən sonra Samir Abasov bir qədər əsəbi idi və emosiyaya qapılıb deyib ki, sağ cinahda cəmi 1 müdafiəçimiz var. Mən onunla razı deyiləm. Düzdü, keyfiyyət baxımından haradasa dediyində həqiqət var. Amma həmin mövqedə Vaquf Güləliyev var, lazım gəlsə, Rail Məlikov da oynaya bilər. Sabah Samir Abasovla görüşüb danışacağıq. Onu yaxşı tanıyıram, əsəbi olduğu üçün belə deyib. Mən də futbol oynamışam və Samir Abasovu yaxşı anlayıram.

 

İddia olunur ki, “Qəbələ”nin vurduğu ilk qol zamanı oyundan kənar vəziyyət var idi. Sultanov bu məqama da toxundu:

 

“Bizim kimi komanda səhv ucbatından “Qəbələ” və “Qarabağ”a qarşı oyunlarda qapısında qol görürsə, artıq məğlubiyyətdən xilas olmağımız xeyli çətinləşir. Elə epizod var ki, ani qərar vermək lazım olur. Hakim səhv eləyə bilər. Amma dünənki qolda mən hətta VİP lojadan gördüm ki, ofsayddı. Hamı deyir ofsayddı, amma Mübariz Haşımov deyir ki, mən belə görmüşəm. 85-ci dəqiqədə bizim qol buraxmağımız o demək idi ki, “Qəbələ”yə məğlub olacağıq. Yenə deyirəm ki, hakim də səhv edə bilər. Ancaq belə məqamlarda hamının gördüyünü hakim də görmək məcburiyyətindədi”.

 

 

Xəbər xətti