"Portuqaliya ilə oyunda şanslar bərabərdir" MÜSAHİBƏ

17:03 - 23 Sentyabr 2016

Dünya çempionatının 1/8 final mərhələsində Tailandla qarşılaşan futzal üzrə Azərbaycan millisi əlavə vaxtda qələbə qazanaraq (13:8) 1/4 finala yüksəlib. Oyundan sonra millimizin oyunçusu Vitali Borisov Sportal.az saytına müsahibə verib.

 

- Qarşılaşmada 21 qol vuruldu. Təəssüratlarınızı bilmək maraqlı olardı...

- Oyun tamaşaçılar üçün maraqlı, bizim üçün isə gərgin keçdi. Matçın gedişində 2 dəfə 2 top fərqi ilə önə keçdik. Daha sonra isə Tayland hesabı 2 top fərqi ilə öz xeyrinə dəyişdi. Çox çətin oyun oldu. Bunu öncədən bilirdik.

 

- Müdafiədə tez-tez səhvlərə yol verirdiz...

- Komanda 2 aydır ki, formalaşıb. Bu, böyük bir turnirdir. İlk dəfədir ki, dünya çempionatında çıxış edirik. Heyətin 70 faizi yenidir. Bəlkə də buna görədir.

 

- Rəqib 2 top fərqi ilə önə keçəndə fikirləşmədiniz ki, artıq oyun əldən getdi...

- Tayland sübut etdi ki, sona qədər oynayır. Rusiya ilə oyunda 3 topluq fərqi aradan qaldırmışdılar. Öz oyunlarını göstərdilər. Həqiqətən də çətin oldu.

 

- 1/4 finalda rəqib güclü Portuqaliya yığmasıdır. Həmin oyuna isə 3 ciddi itki ilə çıxacaqsınız...

- Çətin olacağını bilirik. Portuqaliya reytinq cədvəlində də bizdən öndədir. 2 oyunçu və 1 qapıçımız olmayacaq. İnanıram ki, digər oyunçularımız onları sığortalaya biləcəklər.

 

- Şansları necə dəyələndirirsən?

- İnanırıq ki, yenə də öz oyunumuzu göstərə biləcəyik. Portuqaliya ilə oyunda şanslar bərabərdir.

Xəbər xətti