Yağış altında izdiham və "Mançester Yunayted"in məğlubiyyəti LAYİHƏ

14:13 - 25 Sentyabr 2016

AFFA-nın təşkil etdiyi ən aşağı liqalarda da paytaxt üzrə yarışlara start verildi. Mövsümün açılış turunda qələbəlik hökm sürürdü. Uşaqlar, məşqçilər, klub nümayəndələri, valideynlər “Dalğa arena”da bir araya gəlmişdilər. Amma güclü yağış üzündən hərə bir tərəfdə gizlənmişdi.

 

Mövsüm yeni başlasa da, köhnə problemlərin aradan qalxmadığını gördük. Dəfələrlə deyilib ki, balaca uşaqlar soyuq havalarda bağlı yerdə oynamalıdılar. Amma belə görünür ki, AFFA köhnə quruma yeni ənənələr gətirmək niyyətindən çox uzaqdı. Dünən dəniz kənarında əsən güclü külək və yağış uşaqların bayramını əngəlləyirdi.

 

 

Günün ən maraqlı qarşılaşmalarından biri U-13 Liqasında oldu. Bu mövsümdən etibarən çempionatda iştirak edən “Mançester Yunayted” (Bakı) 1-ci turda “Rəvan”la qarşılaşdı. Hələ əvvəlcədən bəlliydi ki, gərgin mübarizə olacaq. Çünki Rəşid müəllimin rəhbərlik etdiyi “Rəvan” bu yaş qrupunda ən yaxşılardan hesab olunur.

 

 

“Rəvan” oyunun əvvəllərindən təşəbbüsü ələ aldı və artıq 4-cü dəqiqədə Xəyal Əliyev hesabı açdı. “Rəvan”ın 11 nömrəsi qoldan sonra da oyunuyla göz oxşayırdı. Sürətli, çevik, texnikalı Xəyal” “Mançester Yunayted”in müdafiəsinə başağrı olurdu. Hücumlarını davam etdirən “Rəvan” fasilə ərəfəsində daha bir qol vurdu. Sərxan Məmmədov penaltini qola çevirdi.

 

 

Fasilədən sonra isə oyunun gedişatı dəyişdi. “Mançester Yunayted” təşəbbüsü ələ aldı. Ağıllı oyun sərgiləməyə çalışan “qırmızılar” yaxşı təsir bağışlayırdılar. Adətən qapıçı topu irəli vurmağa yox, yanındakı futbolçunun ayağına verməyə çalışırdı. Ola bilər ki, komanda olaraq çempionat təcrübələri olmadığı üçün müəyyən çətinlik çəkdilər. Hər halda, 40-cı dəqiqədə hesab arasındakı fərqi azaltdılar. Raul Məmmədov fərqləndi. Amma məğlubiyyətdən xilas ola bilmədilər.

 

 

QEYD: Bu layihə heç bir qurum tərəfindən maliyyələşmir. Sportal.az uşaq futbolunun təbliğatı üçün bu layihəni öz imkanları hesabına gerçəkləşdirir.

 

U-13 Liqası

I tur

 “Rəvan” – “Mançester Yunayted” (Bakı) 2:1

Qollar: Xəyal Əliyev, 4, Sərxan Məmmədov, 23 – Raul Məmmədov, 40

 

Xəbər xətti