Adil Şükürov: "Komandamıza yeni futbolçuların cəlb olunması labüddü" MÜSAHİBƏ

20:30 - 25 Sentyabr 2016

"Maraqlı oyunun şahidi olduq. Futbolda səhvlər olur və hansı komanda o səhvlərdən daha çox istifadə edirsə, o da qalib gəlir".

 

Sportal.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Adil Şükürov deyib.
 
Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində "Qəbələ"ni qəbul edən "Zirə" meydandan məğlub ayrılıb - 0:2.
 
Matçdan sonra keçirilən mətbuat konfransında ev sahiblərinin çalışdırıcısı nəticəni belə şərh edib: "Oyunun sonunda hücuma daha çox atıldıq. Rəqib də bundan istifadə edib, ikinci qolu vurdu. Ümumilikdə, komandamın çıxışını normal hesab etmək olar".
 
- Komandanızda hücumla yarımmüdafiə xətti arasında anlaşılmazlıq hiss olunur...
- Biz rəqibin cərimə meydançasına qədər gəlib çıxırıq, amma orda son zərbə çatmırdı. Bunun üstündə daha çox işləməliyik. Komanda qalib gəlmək istəyirsə, axırıncı zərbəni vurmaq lazımdı.
 
- İndidən qış fasiləsi üçün planlar qurursuzmu?
- Komandamıza yeni futbolçuların cəlb olunması labüddü. Amma bu gün əlimizdə bu oyunçular var. Qışda isə heyəti gücləndirmək istərdik.
 
- 6 oyundan sonra neçə xal toplamağı planlaşdırırdız?
- Biz hər rəqiblə matça 3 xal üçün çıxırıq. Bu il də hədəfimiz elə idi. Ola bilər ki, gücümüz bugünkü gündə buna yetmir. Amma komandamın gücünə bələdəm, futbolçulara inanıram. Sindromu qıracağıq. Komandamızdan çox futbolçular getdi, yenilər gəldi. Hazırda çempionatda 8 komanda var, onların hər biri çempionluq, avrokuboklar uğrunda mübarizə apara biləcək komandadılar.
 
- Rəhbərlik bu nəticə ilə bağlı sizə irad tutmur?
- Xeyr. Onlar futbolu başa düşən insanlardılar. (Apasport.az)

Xəbər xətti