Sadıq Sadıqov yeni komanda yaradır

19:30 - 26 Sentyabr 2016

Kişilərdən ibarət Azərbaycan voleybol yığmasının çətin günlərinə son qoyulacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı apasport.az saytına “Neftçi” İdman Klubunun İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov verib.
 
Belə ki, qadınlardan ibarət yığmamızla müqayisədə kişilərdən ibarət millimiz son illər heç də yaxşı günlərini yaşamır. Aylarla əmək haqqı almayan komanda geyinməyə forma, məşq etməyə meydan da tapmırdı. Həmçinin, kişilərdən ibarət Azərbaycan çempionatı formal olaraq keçirilsə də, yarışın qalibi avrokuboklara qatılmırdı.
 
Lakin növbəti illərdə belə olmayacaq. Artıq Gənclər İdman Nazirliyi, Voleybol Federasiyası və “Neftçi” İdman Klubu bu problemi birgə aradan qaldırmağa start verib.
 
Düzdü, indiyə kimi yığma komandanın heyətinin yarısı “ağ-qaralar”a məxsus olub, onlar hətta avrokuboklarda “Azərneft” adı ilə də çıxış ediblər. Lakin bu gündən sonra “Neftçi” Voleybol Bazasında tam yeni komanda, tam yeni yığma formalaşacaq. Necə ki, vaxtı ilə “Uraloçka” komandası qadın voleybolçulardan ibarət Rusiya millisinin bazası sayılırdı.
 
Sadıqov da əməkdaşımızla söhbətdə bütün bunları təsdiqləyib. Azərbaycan Cüdo Federasiyasının pis günündə yığmaya yiyə duran klub rəhbərinin sözlərinə görə, “Neftçi” yalnız təkbətək idman növlərinin deyil, komanda idman növlərinin də inkişafına daima diqqət yetirir: “Bəli, Voleybol Bazamızda bu növ üzrə klub yaradırıq. Bu klubda eyni zamanda yığmanın aparıcı üzvləri cəmləşəcək. Fikrimcə, gələcəkdə hər şey uğurlu olacaq. Artıq ölkədaxili çempionatı da daha yüksək səviyyədə keçirmək planımız var. Klubların sayının artması da gündəmdədi. Lakin bütün bunlara həftəsonuna kimi tam aydınlıq gələcək”.

Xəbər xətti