"Yazırlar ki, "gicdir, dəlidir" MÜSAHİBƏ

11:22 - 30 Sentyabr 2016

AZAL klubunun futbolçusu Ruslan Əmircanovun müsahibəsi:


- Ruslan, “Neftçi”, “Qəbələ”, “İnter” və indi AZAL-dasan. İddialı klublardan sonra durumu yaxşı olmayan komandada oynamaq necə təsir edir?
- Artıq yaş 31-dir. Yaş olaraq qocalmağa doğru gedirəm. Amma özümü cavan hiss edirəm. Ruhən əvvəlki kimiyəm. Deyim ki, oyunlarda “çatdırmıram”, yox elə deyil. Hər şey qaydasındadır. Əksinə bir az təcrübə çoxalıb. Yalnız Azərbaycanda 31 yaşlı futbolçuya qoca deyirlər. İbrahimoviçə baxın. 35 yaşında dünyanın ən güclü klublardan biri olan “Mançester Yunayted”ə transfer olundu. Avropada yaşlı futbolçuların qiyməti daha yuxarıdır. Düzdür, AZAL bu gün yaxşı vəziyyətdə deyil. Maliyyə baxımından digərlərindən zəifdir. Çoxdandır qələbə də qazana bilmirik. Təcrübəsizlik bəlkə də öz sözünü deyir. Cavan uşaqlarla oynayırıq. Əslində mənim zədə almağım karyerama çox təsir etdi. “Qəbələ”də olarkən 8 ay yaşıl meydanlardan kənarda qaldım. Futbolun qanunudur ki, futbolçular transfer olunur. İnanıram ki, hər şey dəyişəcək.

 

- Adətən yerli futbolçular klublardan şikayət etməkdən çəkinir. Amma “Qəbələ”nin sənə ödəməli olduğu pula görə cəsarət edib AFFA-ya şikayət etmişdin. Bu məsələ nə yerdə qaldı?
- “Qəbələ”də 120 min dollar pulum qalmışdı. Problem ona idi ki, mən orda olarkən zədələndim və cəmi 8-9 oyunda meydana çıxdım. Lakin o məbləğ mənim halal pulumdur. Çünki müqavilə imzalayanda orda yazılmır ki, neçə oyun meydana çıxacaqsan. Kim istəməz ki, oynamasın? Sadəcə problem elə idi ki, həkimlər də sağaltmaqda çətinlik çəkirdi. Azərbaycanda bir neçə xəstəxanaya getsəm də, müalicə edə bilmədilər. Sonda Romaya getdim. Françesko Tottinin həkimi məni əməliyyat etdi. Düzəldi. Bütün sənədlərlə də o pul mənə çatmalı idi. Sadəcə olaraq orda müəyyən səbəblər oldu. Çünki elə düşünürdülər ki, mən bilə-bilə oynamıram. Başqa kluba getmək istəyirəm, özüm meydana çıxmıram. Klub rəhbərliyi mənə həmişə inanırdı. Komandanın içində bəzi adamlar düzgün fikirləşmirdi. Komanda yenə mənimlə müqavilə imzalamaq istəyirdi. Türkiyəyə təlim-məşq toplanışına da getdim. Əslində onlar hansı məbləği təklif edəcəkdilərsə, razılaşacaqdım. Çünki dilim yox idi onlarla danışmağa. Axı 8 ay oynamamışdım. Pul söhbəti eləmək düzgün olmazdı. İndi klub rəhbərliyi ilə görüşmüşük və söz veriblər ki, məsələ yaxın günlərdə həll edəcəklər. Fariz Nəcəfov (klubun vitse-prezidenti) sağ olsun görüşdü və hər şeyin yaxşı olacağını bildirdi. Mən istəmirdim ki, şikayət edim. FİFA-ya şikayət etsəydim, kluba cəzalar verilərdi. AFFA ilə danışdıq və Elxan Məmmədov bildirdi ki, sənədlərin düzdürsə, problem yoxdur. Sonda AFFA qərar verdi ki, “Qəbələ” həmin məbləğin 1/3 hissəsin 40 min dollarını mənə ödəyəcək. Klub rəhbərliyi ilə də hər şey qaydasına qoyuldu. Halallaşıb, sağollaşacağıq.

 

- 40 minlə razılaşdız?
- Bəli. Fikirləşdim ki, ölkədə vəziyyət yaxşı deyil, devalvasiya oldu. Buna görə razılaşdım. Klubun baş meneceri Zaur Əzizovla da görüşmüşəm. 4-5 günə məsələ həllini tapmalıdır.

 

- Tanınmış olmaq çətinlik yaratmır?
- Yox, belə çətin deyil. Kamran Ağayevlə efirlərdə meyxana demişik. Hamı onlardan danışır. Samir Abbasovun Kamrana meyxana deməyə qadağa qoyduğunu yazmışdılar. Amma özündən soruşdum və dedi ki, belə şey yoxdur. Futbolçu meydanda nizam-intizamlı olmalıdır. Kənarda hər kəsin şəxsi həyatı var. Məni ən çox zarafatlarıma görə tanıyırlar. Məsələn, Kamran Ağayevin şubasını bir qadın geyinib getmişdi. Onu hamı soruşurdu.

 

- Harda olmuşdu bu hadisə?
- Kamran Ağayev Dubaydan şuba almışdı. Görən kimi ona dedim ki, bu qadın üçündür. Çünki düymələri sağ tərəfdə idi. Ona dedim ki, Azərbaycanda kişilər şuba geyinmir. Elə adam tanımıram. Bir gün onunla birlikdə toya getmişdik. Şubanı qarderoba verib nömrə götürdü. Getdik, zala girdik. Toydan da tez çıxıb başqa yerə getməliydik. Aşağı düşəndə gördüm ki, Kamranın şubasını kimsə geyinib gedir. Nömrə ilə şubanı götürmək istəyəndə gördü yoxdur. İndi qaçır xalanın dalınca ki, “ay xala, ay xala, o şuba mənimdir”. Nəsə aldı şubanı, xaladan. Dubayda bunu aldadıb qadın şubasını 2 min dollara veriblər buna. Batdı o pul, pişik apardı (gülür).

 

- Yerli futbolçular adətən müsahibə verərkən danışmaqda, özünü ifadə etməkdə çətinlik çəkir. Bunun səbəbi nədir?
- Keçmişdə futbolçular var idi ki, çox mütaliə edirdilər. Yığmamızın sabiq qapıçısı Cahangir Həsənzadə məşqdən sonra hamı kinoya baxdığı halda kitab oxuyurdu. Təhsil almaq insanın həvəsindən asılıdır. Futbolçularımızın çoxu orta məktəbi bitirib. Məsələn, mən İdman Akademiyasında da oxumuşam. Ən çox sevdiyim fənn ingilis dili olub. Həmişə o dərslərdə oturardım. Bəziləri mən ingiliscə danışanda ağzıaçıq baxır. Hamı “ingilis dili bizə lazım deyil” deyəndə mən düşünürdüm ki, xaricə gedərəm və lazım olar. Məktəbdə oxuyanda millidə oynayırdım. Sinif yoldaşlarım dərsdən qaçanda mən sinifdə otururdum. Məşqə gedəndə icazə alırdılar mənim üçün. Amma ingilis dili olanda mütləq gedib otururdum. Avtobusa gecikirdim, səbəbini soruşurdular. Deyirdim ki, mən ingilis dilini öyrənəcəm. Gülürdülər ki, sənə lazımdır bu dil? İndi isə legionerlərlə danışanda hamı həsəd aparır. Hamı deyir “qraza” bax ingiliscə danışır. Məni apar at Londonun mərkəzinə yol tapıb çıxacam.

 

- Kamran Ağayev də deyib ki, ingilis dilini Ruslan Əmircanovdan öyrənirəm...
- Deyir də. O, ingilis dili bilir? Onun rəhmətlik anası məktəb direktoru idi, atası da bədən tərbiyəsi müəllimi. Özü isə nə rus dili bilir, nə ingilis. Başıma silah dayayıb desələr ki, Kamran ingilis dilində bilir, inanmaram. Mən onunla ingiliscə danışıram? Belə şey mümkün deyil. Portuqaliyada da ingilis dilində danışmırlar. Soruşur ki, portuqal dilini necə öyrənim? Deyirəm ki, bizim dilə yaxın bir dil bilən adam tap. Deyirəm ki, qız tap (gülür). Bəlkə, tələbə azərbaycanlılardan kimsə olar ki, ona kömək etsin. Belə kursa getsə, bir də görəcək ki, müqaviləsi bitir. Bizim futbolçuların müsahibə verərkən çətinlik çəkməsi təhsilsizlikdən deyil. Türkiyədə hər hansı futbolçunu danışdıranda hər şeyi lazımınca deyə bilir. Adam elə fikirləşir ki, hamısı müəllimdir. “İynəli” suallar verirlər və danışıq qabiliyyəti olduğu üçün lazımi cavab verir. Bizimkilər isə sözü söz dalınca deyə bilmir. Bəlkə də həyəcanlanır. Bu insanın özündən də asılıdır. Mənim üçün isə belə problem yoxdur.

 

- Son aylarda “İdman Azərbaycan”da yayımlanan “Favorit” verilişindəki çıxışların maraqla qarşılanır...
- O veriliş ilk dəfə efirə gedəndə heç bu qədər səs-küy yaratmamışdı. Üstündən xeyli vaxt keçib hamı fraqmentləri paylaşır. Sosial şəbəkələrdə o qədər rəy yazırlar. Yazırlar ki, “bu gicdir, bu dəlidir”, “kül bizim futbolumuzun başına”. Amma onlar cavab vermirəm. Burda pis bir şey yoxdur. Səmimi danışmışam. Guya ki, Messinin, Ronaldonun başına belə şeylər gəlmir? Sadəcə biz danışanda tənqid edirlər. Tənqid yazanlara demək istəyirəm ki, Azərbaycan futbolunu biabır eləmək üçün danışmamışam. Gülməli əhvalatdır da danışırıq.

 

- Belə əhvalatlardan sonra milli komandanın düşərgəsinə, klubun düşərgəsinə gedəndə nəsə deyirlər?
- Yox. Uşaqlar hamısı gülürlər. Verilişdə də tam səmimi danışmışam. Məhəllədə uşaqlarla necə söhbət etmişəmsə, orda da elə olub. Məndən qabaq bir neçə futbolçu da olub verilişdə. Ancaq deyəsən ən maraqlı mənim verilişim alınıb.

 

- Bir əhvalat bəlkə bizə də danışasan...
- Danışım da. “Ədliyyə” klubunda çıxış edərkən, Tovuza səfər etmişdik, “Turan”la qarşılaşırdıq. Matçın yan xətt hakiminin bığları həddən artıq çox idi. Ayaqqabı şotkasına oxşayırdı. Elə bil ki, sığırçın quşunu udub, quşun quyruğu çöldə qalıb. Biz də süni oyundan kənar vəziyyət yaradırıq. “Turan” hücuma keçir və oyundan kənar vəziyyət. Bir neçə dəfə bu hal təkrarlandı. Yan xətt hakimin bayrağı isə elə havada qalıb. Bir dəfə də bayrağın qaldırdı azarkeşlərdən biri qayıtdı ki, “ayə, bir də bayrağını qaldırsan, gəlib bığlarını qırxacam”. O hakim özü də, bakılıdır və azarkeşə Bakı ləhcəsi ilə “hərrri, qaqaş qırxarsan” deyə cavab verdi. Həmin epizoda çox güldüm. Komanda yoldaşlarım ötürmə verir, mən gülürəm.

 

- Meyxanaya marağın Kamran Ağayevlə tanış olandan sonra yaranıb?
- Bəli. Onunla U-17 milli komandada bir yerdə oynayanda meyxana kasetləri gətirirdi. Dəvəçilidir və meyxanaya marağı çox idi. Rəhmətlik Məşədi Babaya, Bayram Kürdəxanılıya qulaq asırdıq. Sonra soruşdum ki, bu meyxananı necə deyirsən? Mənə də öyrətdi. Qafiyələrdən, sözlərin dəyişməsindən danışdı. Bir müddət sonra özüm də dedim. İndi Kamran məndən öyrənir. İstənilən qafiyəni açır gəlir “vururam onu divara” gedir. Deyir ki, müəlliminin üzünə ağ olursan? Meyxanada tələbə, müəllim söhbəti yoxdur. Söz ehtiyatına baxır. İndi də Portuqaliyada vatsapla səs yazısı göndərir ki, təzə qafiya açmışıq. Vatsap üzərindən deyişirik. Deyirəm ki, əl çəkmədin də məndən. Portuqaliyaya da gedib məni “boğaza yığıb”. Səs yazısı göndərir bilirəm qafiyədir. Arada saat fərqi var və bizdə gecə 02:00,03:00 olur. Ona görə də baxmıram. Səhər durub açıram ki, yazıb qaqa təzə qafiyə var deyək? Gecə baxsam, yuxum qaçır. Nə qafiyə? Camaat yatır.

 

- “Kim öyrədib belə futbol sənə?” qafiyəsini kim açmışdı? Məşhur deyişmənizdir...
- Məşqdə idik. Orda elə açıldı qafiyə. Dedik ki, gedək səs yazısı studiyalarının birinə. Meyxanaçılarla məsləhətləşdik və dedilər yaxşı olar. Onunla da “partlatdıq”. İndi də uşaqlar futbol barədə soruşmaqdansa, deyirlər ki, “kim öyrədib belə futbol sənə?”. Deyirəm ki, qoyun kənara meyxananı, mən futbolçuyam.

 

- Meyxana bədahətən deyilən sözlərdir. Futbol isə tapşırıqlar üzərində qurulub. Məşqlərdə tapşırıq almaq sıxmır səni?
- Yox. Futbolla meyxana fərqli sənətlərdir. Meyxanaçı futbol oynaya bilməz, amma futbolçu meyxana deyə bilər. Futbol başqa aləmdir. Onu bacarmaq üçün illərlə əziyyət çəkməlisən. Məşqçi meyxanaçıya tapşırıq versə ki, çıx bunu elə, mümkün deyil. Meyxananı da hər adam bacarmır. Toylarda kimsə dəvət eləsə, “canavar” şairlər orda olsa, gedib demərəm. Mən asan vəznlərdə meyxana deməyi bacarıram. Namiq Qaraçuxurlu ilə meyxana demişik radioda. Belə Pərviz Bülbülə, Rəşad Dağlı, Vüqar Biləcəri ilə meyxana dediyim vaxt olub. Amma bu o demək deyil ki, mən ustadam. Onun videosu var. Amma qoymuram ki, internetə yerləşdirsinlər.

 

- Sizi toya meyxanaçı kimi dəvət edib qonorar təklif edən olub?
- Kamran Ağayevə olub. Amma demişik ki, bizlik deyil. Biz futbolçuyuq. Başımıza iş açaq ayrıca? Hamı bizdən danışsın. Təklif olsa da, getmərəm.

 

- Futbol karyeranı bitirəndən sonra meyxanaçı kimi tanına bilərsən...
Ola bilər. O da ikinci çörək ağacıdır.

 

- Rəşad Sadıqov “Favorit” verilişdə bildirmişdi ki, Kamran Ağayevlə Ruslan Əmircanov bir yerdə olanda çox yalan danışırlar...
- O, başqa mənada deyib. Yəni hansısa lazımi sözü yalan demirik. Sadəcə hər hansı hadisəni danışanda o tərəfin, bu tərəfin bəzəyirik ki, gülməli olsun. Yoxsa belə danışdın nə mənası? Yalana gələndə Kamran özü ən böyük yalançıdır. Onun yanında mənim adım gedir. Sadəcə söhbətlərin gülməli alınmasına görə olur belə şeylər.

 

- Bizim futbolçular məşqdən sonra ya əylənməyə gedir, ya da dinə meyl edirlər. Sən hansı yolu seçmisən?
- Hər kəsin öz seçimi var. Dini sevənlərə də hörmət edirik, digərlərinə də. Namaz İslamın vacib əməllərindən biridir.

 

- Futbolçular adətən ölkədə baş verən hadisələr münasibət bildirmir. Amma başqa ölkələrdə bütün futbolçular fikirlərini açıqlayır...
- Hardasa bədbəxt hadisə baş verəndə hamımız üzülürük. Hamımız danışırıq. Məsələn, Binəqədidə baş verən yanğında hamımız üzüldük. Futbolçunun işi siyasətə qarışmaq deyil. Hərənin öz sənəti var.

 

"Qafqazinfo" / Elsevər Məmmədov

Xəbər xətti