Yaşar Vahabzadə: "Komanda özünü çox yaxşı tərəfdən göstərdi" MÜSAHİBƏ

21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Yaşar Vahabzadə Finlandiya ilə oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

 

Sportal.az təcrübəli mütəxəssisin müsahibəsini təqdim edir:


- Bu gün U-21 millimiz Avropa çempionatının seçmə mərhələsindəki son oyununda səfərdə Finlandiya ilə qolsuz bərabərliyə nail oldu. Görüşlə bağlı nə deyə bilərsiz?
- Uşaqların hamısından razı qaldım. Əllərindən gələni etdilər. Bu gün qələbə qazanmalı idik. 90 dəqiqə ərzində kifayət qədər qol epizodumuz oldu. Hətta son dəqiqədə təkbətəkdən də yararlana bilmədik. Komanda özünü çox yaxşı tərəfdən göstərdi.

 

- Bugünkü oyuna əsasən demək olar ki, Finlandiyadan Bakıda alınan məğlubiyyət təsadüf idi?
- Oyundan öncə bu haqda futbolçularla danışığımız olmuşdu. İlk görüşdə rəqibin qol epizodları var idi. Amma Bakıda Finlandiyaya heç nədən uduzmuşduq. Həmin oyunda xatırlayırsınızsa, heyətlə bağlı ciddi problemlərimz var idi. Yenə də həmin matçda uduzmamalıydıq. Bu gün isə Finlandiyanı udmalıydıq. Kifayət qədər qol epizodu yaxalasaq da, son nöqtəni qoymaq mümkün olmadı.

 

- Komandanız əvvəlki matçda Bakıda Farer adaları ilə heç-heçə oynamışdı. Bu nəticə isə birmənalı qarşılanmamışdı. Həmin görüşdən sonra komandanı çətin səfər matçına psixoloji cəhətdən hazırlamaq nə dərəcədə çətin oldu?
- Çətin idi. Uşaqlarla söhbətimiz olmuşdu. Sağ olsunlar, futbolçular da oyunun mahiyyətini dərk etdilər. Bakıda Farer adalarını udmalıydıq. Çox istəsək də, alınmadı. Əvəzində bu matçda qalib gəlməyi çox istəyirdik. Oyunçular verilən tapşırıqları yerinə yetirdilər. Elə futbolçular var idi ki, bu gün xəstə-xəstə oynayırdılar. Rahilin, Orxanın tempraturu olsa da, əllərindən gələni etdilər. Buna görə onlara təşəkkür edirəm.

 

- Bu oyundan öncə Almaniyada keçdiyiniz təlim-məşq toplanışı sərfələni nəticənin qazanılmasında nə dərəcədə rol oynadı?
- AFFA rəhbərliyinə təşəkkür edirəm. Sağ olsunlar ki, bizim üçün belə şərait yaratdılar. Biz də çalışdıq Almaniyadakı toplanışdan səmərəli istifadə edək. Futbolçuların psixoloji durumunun qaydaya salınması üçün əlimizdən gələni etdik. Komanda ilə həm fərdi, həm də kollektiv şəkildə söhbətlər apardıq. Bütün bunların nəticəsini Finlandiya ilə matçda gördük.

 

- “Qəbələ”nin yetirməsi, hazırda “Sumqayıt”da çıxış edən Yusif Nəbiyevə ilk dəfə şans verdiniz. Onun oyunundan razı qaldınız?
- Yusif Nəbiyev start heyətində yer almışdı. Ehtiram Şahverdiyev, Sərtan Taşkın sonradan meydana daxil oldular. Kimisə tərifləmək istəmirəm (gülür). Bütün komandadan razı qaldım. Yusiflə bağlı suala belə cavab verim ki, çempionat matçlarında necə çıxış edirdisə, bu gün də elə oynadı.

 

- Rəhbərliyiniz altında U-21 seçmə mərhələni 9 xalla tamamladı. Bu nəticəni uğurlu saymaq mümkündür?
- Kiminçünsə uğurlu nəticədir, kiminçünsə uğursuz. Məncə daha çox xal yığa bilərdik. Yığdığımız 9 xal köhnə rekordu. 14 ildən sonra eyni nəticə təkrarlandı.

 

- Keçirilən oyunlardan ən çox hansı xal itkisinə təəssüflənirsiniz?
- Bakıda Finlandiya və Farer adalarına qarşı keçirdiyimiz görüşlərə. Finlandiyaya uduzmamalıydıq. Farer adalarını isə məğub etməliydik. Digər matçların çətin olacağı əvvəldən də məlum idi.

Tarix: 8 Oktyabr [00:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 May 2017
21  May 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio