Rahid Əmirquliyev: "Çalışacağıq ki, səfərdən də 3 xalla qayıdaq" MÜSAHİBƏ

01:03 - 21 Oktyabr 2016

Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ" öz meydanında Yunanıstanın PAOK klubunu 2:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Qarabağ"ın ikinci qolunun müəllifi Rahid Əmirquliyev jurnalistlərin suallarını cavablandırıb:
 
"Mən deməzdim ki, PAOK-la oyun həlledici idi. Bizim qarşıda üç oyunumuz var. Düzdü, PAOK-a uduzsaydıq şanslar azalırdı. Bizim üçün çox çətin oyun keçdi. Rəqib bu il keçirdiyi oyunlarda demək olar ki, məğlub olmurdu. Ona görə oyuna çox yaxşı hazırlaşmışdıq".
 
- Bu qələbəni PAOK-la səfər oyunundan öncə komanda üçün əlavə stimul saymaq olar?
- Düzdü, qələbə həmişə stimul verir. Ancaq PAOK-dan öncə bizim "Neftçi" ilə oyunumuz var. İndi "Neftçi" barədə düşünürük. "Neftçi" ilə oyundan sonra Saloniki səfəri haqda danışmaq olar. 
 
- Ot örtüyünün vəziyyəti necə idi?
- Keçən oyunlara nisbətən bu gün daha yaxşı idi. 
 
- Qol epizodu zamanı zərbəni vurmağa gecikdin. Nə fikirləşirdin?
- Qapıçını keçmək istəyirdim. Sonradan gördüm ki, müəyyən boşluq var. 
 
- Bu gün PAOK-u daha yaxşı tanıdınız. Bu komandanı səfərdə də məğlub etmək olarmı?
- Çalışacağıq ki, səfərdən də 3 xalla qayıdaq. 
 
- Etiraf edək ki, 1:0 sürüşkən hesabdı. Hesab 2:0 olandan sonra qələbə qazandığınızı hiss edirdin?
- Düzdü, ikinci qol son dəqiqələrdə gəldi. PAOK çox təhlükəli komandadı. Bu komanda ilə sona qədər oynamaq lazımdı. Biz də sona qədər belə oynadıq. İstəmirdik ki, qol buraxaq. 
 
- Rəqibin "Qarabağ"dan üstün cəhətlərdi hansılardı?
- Deməzdim ki, onlar bizdən üstün oynadı. PAOK komanda oyunu oynayır. Rəqibin heyətində sürətli oyunçular var. Ancaq bu gün onlara oynamaq imkanı vermədik. 

Xəbər xətti