"Neftçi" kimi köklü klubun nəticəsi heç də bizdən yaxşı deyil"

17:42 - 21 Oktyabr 2016

“Futbolçulara olan ödəmələr barədə heç bir problem yoxdu. Maaşlarda gecikmələr hər yerdə var, biz də danmırıq. Amma bunun büdcə, maddi imkanlarla heç bir əlaqəsi yoxdu”.

 

Sportal.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında AZAL klubunun vitse-prezidenti Fikrət Hüseynov deyib.

 

Azərbaycan Premyer Liqasının cari mövsümündə ilk 8 turdan sonra aktivində cəmi 2 xal olan “təyyarəçilər” turnir cədvəlində sonuncu pillədə qərarlaşıblar.

 

Komandanın cari mövsümdəki çıxışı ilə bağlı danışan Hüseynov əvvəlcə klubdakı maddi vəziyyətdən söz açıb. O bildirib ki, futbolçular onlara çatmalı olan pulları ala bilirlər: “Hər bir oyunçu AZAL-a gələndə ona nə qədər maaş alacağı deyilir və müqavilə bağlanılır. Həmin futbolçu da müqavilə şərtlərini yerinə yetirməyə borcludu. Çox şükür, bizdə bu sahədə problem yoxdu, hamı öz işinə vicdanla yanaşır. Komandanın üzvlərindən razıyıq. Vəziyyət də mətbuatda yazıldığı kimi deyil. Kimsə maddi problemlərdən şikayət etməyib. Biz özümüz maaş və digər ödəmələrdə sabitlik yaratmağa çalışırıq və yaxın zamanlarda buna nail olacağıq. Büdcəmiz formalaşarkən orada hər bir məqam öz əksini tapıb. Yəni biz əvvəldən bilirik ki, əsas komandanın xərci nədi, infrastruktur, uşaq futboluna nə qədər vəsait ayrılacaq, təşkilati işlər üçün nə lazımdı. Bunların maaşla nə əlaqəsi? Yeni strategiyamız bir neçə mövsümü əhatə edəcək. AZAL klubunun rəhbərliyi öz seçimini iki il əvvəl edib. Biz bu vəsait hesabına klubu saxlamaq və idarə etmək istəyirik. Gələcəkdə büdcədə nə artım olacağı isə görülən işlərin nəticəsindən və bazar şərtlərindən asılı olacaq”.

 

Hüseynov AZAL-ın ötən mövsümdəki çıxışını yada salıb. Onun sözlərinə görə, klub bu gün fəaliyyət göstərirsə, deməli, keçən il seçilən strategiya düzgün olub: “Komandamız ötən il, sözün əsl mənasında böyük fədakarlıq göstərdi, bəlkə də mümkünsüzü bacardı. Tamamilə yenidən qurulan və az maaşa qane olan futbolçulardan ibarət heyətin hətta sonda avrokuboklara şansı da yarandı. Bu bizim üçün bir qədər gözlənilməz olsa da, idarəçilikdə yeni təcrübə idi. Yeni büdcə ilə siyasət və strategiyamıza uyğun klub qura bilmək qabiliyyətimizi göstərdik. Heyətə gənc və təcrübəli, amma oyun praktikasından əziyyət çəkən futbolçular dəvət olunsa da, AZAL oyun və nəticə baxımından heç kimdən geri qalmadı. Əlbəttə, buna görə baş məşqçimiz Tərlan Əhmədova borcluyuq. Məhz onun belə bir ağır məsuliyyətin altına girib bizimlə birgə işləməsi nəticəsində güclü kollektiv qura bilmişdik. İdarəçilik baxımından da keçən il böyük nailiyyətlərimiz oldu. Ən azı, məhdud imkanlarla komandanı yaşatdıq, AFFA və PFL-in tələbləri səviyyəsində idarə edə bildik. Klub bu gün fəaliyyət göstərirsə, keçən il seçdiyimiz və ağılla həyata keçirdiyimiz strategiyamızın düzgün olduğunu deyə bilərik. Bu yolla yenə də gedəcəyik, fikirlər, planlarımız yenə də eynidi. Sadəcə, bu mövsümün əvvəlində bəzi futbolçuları saxlaya bilmədik. Stanislav Namaşko, Rail Məlikov, Murad Səttarlı və Aleksandr Quruli ilə maddi məsələlərdə anlaşmaq mümkün olmadı. Onlara da haqq verirəm. Ötən mövsüm cüzi maaşa oynadılar və gözəl çıxış etdilər. Daha yaxşı müqavilə şərtləri tələb etmək haqları var idi. Təəssüf ki, büdcəmiz onları komandada saxlamağa imkan vermədi. Bunlar isə transfer prosesi zamanı bizə çətinlik yaratdı və gedənlərin yerini doldura bilmədik. Bu mənada, hazırda AZAL-ın çempionatda çıxışını və əldə olunan nəticələri qanunauyğun saymaq olar. Amma biz indiki durumumuzla barışmırıq və komandanın gücünə inanırıq. Əsas odu ki, oyun var. Geridə qalan 8 turda mübarizə və oyun baxımından heç kimdən geri qalmamışıq. Sadəcə, bəzi futbolçularda təcrübə çatmır, bu da zamanla aradan qalxacaq. Elitada qalmaq bizim əsas məqsədimiz olsa da, mövsümü daha yaxşı yerdə bitirməyə çalışacağıq”.

 

Klub rəsmisi söhbət əsnasında cari mövsümdə uğursuz çıxışı ilə diqqət çəkən digər klub – “Neftçi” barədə də fikirlərini bölüşüb. Eyni zamanda, o, “təyyarəçilər”də baş verən son yeniliklərdən söhbət açıb: “Komandamızın gücünə, məşqçilər korpusunun bacarığına olan inam bizə nikbinlik verir. Hələ 8 tur arxada qalıb. Qarşıda 20 oyunumuz var. Ad çəkmək istəmirəm, amma heyət və oyun baxımından bizdən geri qalan komandalar var. Bu gün “Neftçi” kimi köklü klubun nəticəsi heç də bizdən yaxşı deyil. Turnir cədvəlinə baxın, büdcəsi AZAL-dan qat-qat çox olan “Neftçi”dən bizi bir qələbə ayırır. Hesab edirəm ki, bir neçə həftədən sonra öz mövqeyimizi möhkəmləndirəcəyik. Üstəlik, qış “transfer pəncərəsi”ndə heyəti daha da gücləndirmək imkanlarımız var. Qış fasiləsinə qədər də axtarışdayıq və bir neçə futbolçunun heyətə qatılması mümkündü. Artıq keçmiş kapitanımız Rəşad Abdullayev bizə qoşulub. Onunla müqavilə bağlanılıb. “Bakı”da çıxış etmiş Qeyrət Əliyev də transfer olunub. Digər tərəfdən, növbəti çempionatda iştirak edəcək komandaların say tərkibi ilə bağlı müzakirələr də gedir. Burada da hər an lehimizə olan qərarlar çıxa bilər. Bir sözlə, AZAL-ı heç kim siyahıdan silməsin və biz elitada qalıb klubumuzu daha yaxşı səviyyəyə çatdıracağıq. Buna yetərincə kadr potensialımız, infrastruktur imkanlarımız var”.

Xəbər xətti