Şahin Diniyev: "Kəpəz" heç bir liderdən geri qalmır"

18:23 - 23 Oktyabr 2016

"Yaxşı oyun izlədik. Azarkeşlər yüksək sürətli, qarşılıqlı hücumlar şəraitində keçən bir qarşılaşmaya şahid oldular. Komanda rəqibə təzyiq edirdi. Ancaq "İnter" etibarlı müdafiəsi ilə seçilən bir komandadır".

 

Sportal.az xəbər verir ki, bu fikirləri Sportnet.az-a açıqlamasında "Kəpəz"in baş məşqçisi Şahin Diniyev bildirib. Azərbaycan Premyer Liqasının IX turunun açılış matçında "İnter"lə ev matçında qolsuz bərabərliyə qalan gəncəlilərin çalışdırıcısı yetirmələrinin oyunundan razı qalıb: "Komandamız mövsümdə ən yaxşı oyunlarından birini nümayiş etdirdi. Qələbəyə daha yaxın idik, ancaq "İnter"in də əziyyətini yerə vurmaq istəmirəm. Yüksək səviyyəli futbolçulardan təşkil olunmuş bir komandadır. Onun müdafiəsini yarmaq çətindir. Bugünkü matçda heyətlə bağlı problemlərimiz çox idi. Buna baxmayaraq, meydana çıxan hər bir futbolçumuz var gücüylə oynamağa çalışdı. Meydançada vuruşdular. Futbolçularına təşəkkür edirəm".
 
"İnter"in baş məşqçisi Zaur Svanadze oyunla bağlı fikirlərini qələbəyə daha layiq olduqlarını bildiirb. Bəs görəsən, onun azərbaycanlı həmkarı bu haqda nə düşünür?: "Mən rəqibin baş məşqçisinin fikirlərini təhlil etmək istəmirəm. Bu, onun fikridir. Televiziyadan canlı yayımlanan qarşılaşma da onu göstərdi ki, bu gün "Kəpəz" "İnter"dən üstün oynadı. Mənə elə gəlir ki, hər iki komanda 1 xala layiq idi. Heç bir komanda xal itirmədi, əksinə, qazandı".
 
"Kəpəz" artıq 6 ildir rəqibinə qalib gələ bilmir. Təcrübəli mütəxəssis buna belə münasibət bildirib: "Hər şey yavaş-yavaş olacaq. Ötən mövsüm "İnter"ə qol vura bilmirdik. Bu il artıq ilk qarşılaşmada 2 dəfə rəqib qapısına yol tapdıq. Komandamızın qələbələri hələ qabaqdadır. Bu oyun bir daha onu göstərdi ki, "Kəpəz" öz oyun dəst-xəttinə görə heç bir liderdən geri qalmır".

 

Xəbər xətti