"Neftçi"nin gecikən qərarı YAZI

23:20 - 26 Oktyabr 2016

Tanınmış idman jurnalisti Tural Xudiyev Sportline.az saytında “Neftçi”nin futbolçusu Katalin Tiranın azarkeşi vurması mövzüsünda yazıb. Sportal.az həmin yazını təqdim edir:

 

22 yaşlı rumıniyalının matçın sonlarında “çıxardığı hoqqaya” çox ad vermək olar. Tərbiyəsizlik, ədəbsizlik,  şərəfsizlik və s. Azərbaycanlıların daha çox "bizlik" yox, "sizlik" ifadəsini layiq gördüyü hərəkətə bütün neqativ anlayışları uzlaşdırmaq elə də, xüsusi bacarıq tələb etmir. Azarkeşə əl qaldırmağa inanmıram kimsə müsbət yanaşma tərzi tapsın.

 

Bəli, hətta, ən ağır cinayətlər belə affekt vəziyyətdə törədildiyi sübuta yetirilsə, cəza yüngülləşir. Amma, bu məqamın Katalin Tira “şousu” ilə heç bir əlaqəsi yoxdur. Onun törətdiyi qələt məhkəmə predmetindən çox, satira mövzusudur. Azərbaycana yalnız pul qazanmaq məqsədi ilə gələn, bunun müqabilində, faydalı iş əmsalı da sıfıra bərabər birinin, komandaya "can yanğısı"ndan “havalandığı” qətiyyən inandırıcı deyil. Ümumiyyətlə, bu epizoda haqq qazandırmağa cəhd göstərməyin faydasını sıfıra bərabər qiymətləndirmək olar. Ya, zəlzələdən, ya, vəlvələdən, futbolçu azarkeşə əl qaldırıb. Hətta, komanda üçün ən faydalı simalardan olsa belə, onunla yolların elə stadiondan ayrılması alqışlanardı.

 

Əksəriyyət, klub rəhbərliyi tərəfindən dərhal lazımı reaksiya gözləsə də, “Neftçi” hələlik, “qəhrəmanı” məşqlərdən kənarlaşdırmaqla kifayətlənib. Görünür, istirahət verilib. Yekun qərarın isə, yaxın günlərdə açıqlanacağı bildirilir. İstidə də, soyuqda da sevimli komandalarının yanında olan “Neftçi” fanatları üçün həmin gün keçdi artıq. Klub rəhbərliyinin qəti addım atmaqda, kimi və nəyi gözlədiyinin, yəqin ki, onlara heç bir “istisi-soyuğu” yoxdur. Daldan atılan daş isə, yenə də, topuğa dəyəcək. Bəzi gözlərin baxış bucağını kiçildən “tiri” çıxarıb atsaydılar daha yaxşı olardı...

 

Xəbər xətti