"Qəbələ"nin qış planı məlum oldu

“Qəbələ”nin qış hazırlıq planı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan kubokunun 1/4 final mərhələsinin AZAL-la dekabrın 21-də keçirilən oyunundan sonra istirahətə buraxılan “qırmızı-qaralar” 2017-ci il yanvarın 9-da bir araya gələcək.

 

Həmin gün komanda təlim-məşq toplanışı keçirmək üçün Türkiyəyə yollanacaq. “Qəbələ”nin legioner futbolçuları da komandaya Antalyada qoşulacaq.

 

Roman Qriqorçukun yetirmələri yanvarın 9-dan 25-dək qonşu ölkədə hazırlıq keçəcək. “Qəbələ” hazırlıq müddətində Belek bölgəsində “Gloria Sereniti” otelində məskunlaşacaq.

 

“Qırmızı-qaralar” toplanış zamanı 5 yoxlama oyununda qüvvəsini sınamağı planlaşdırır. Artıq bu qarşılaşmalardan üçündəki sınaqçı rəqiblər və oyunların tarixi bəllidir.

 

Yanvarın 13-də komanda Albaniyanın “Partizani” klubu ilə görüşəcək. 15 dəfə ölkə çempionu olan bu klub ötən mövsüm yarışı 2-ci pillədə başa vurub. Buna baxmayaraq, cari mövsümə UEFA Çempionlar Liqasında başlayan albaniyalılar UEFA Avropa Liqasının pley-offunda mübarizəni dayandırıb.

 

“Qəbələ” 5 gün sonra Rumıniya təmsilçisi “Qaz Metan”la üz-üzə gələcək. Rəqib ötən mövsüm aşağı dəstənin çempionu olmaqla, yenidən yüksək liqaya yüksəlib.

 

Komanda ayın 23-də Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq. Sonuncu rəqib 2000-2001-ci illər mövsümündə Makedoniya çempionu olub. Ötən mövsüm ölkə çempionatını 2-ci pillədə başa vuran komanda UEFA Avropa Liqasının cari mövsümündə pley-offa qədər irəliləyib.

Tarix: 27 Dekabr [00:03]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Avqust 2017
21  Avqust 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio