Adil Şükürov: "Komandaya yeni güc, yeni nəfəs lazımdı" MÜSAHİBƏ

18:39 - 28 Dekabr 2016

"Zirə"nin sabiq baş məşqçisi Adil Şükürov müsahibə verib.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- Klubdan ayrılmağınız bir qədər gözlənilməz oldu. Bu, öz qərarınız idi, yoxsa rəhbərlik belə qərar verdi?
- Klub rəhbərliyi ilə oturub müzakirə edəndən sonra belə qərara gəldik.

 

- Rəhbərlik komandanın çıxışından narazı idi?
- Əsas narazı qalınan məqam komandanın qeyri-sabit çıxış etməsi idi. Bu, məni də narahat edirdi.

 

- Komanda ötən mövsümü 2-ci pillədə başa vurdu. Ancaq ötən mövsümlə müqayisədə heyətdə bir neçə dəyişiklik də olmuşdu. Qərar veriləndə bu nəzərə alınmadı?
- Yerli futbolçuların əksəriyyəti, legionerlərdən də Viktor İqbekoyi, Yovan Krneta komandada qalmışdı. Bunlar hamısı nəzərə alındı.

 

- Ortaq qərar verildiyini dediz. Amma bu məsələdə rəhbərlik daha istəkli idi, yoxsa siz?
- Ümumi qərar idi. Uzun müddət müzakirə etdik və sonda komandanın inkişafı üçün bunun daha məqsədəuyğun olması qərarına gəldik.

 

- Komandanın baş məşqçi postundan ayrılmağınızda kubokun 1/4 finalında “Neftçi”yə məğlubiyyətin nə dərəcədə rolu oldu?
- Təkcə “Neftçi”ylə oyunlara görə yox, ümumi nəticələrə əsasən belə qərara gəldik. Təbii ki, bu oyunun da qərarda rolu oldu.

 

- Sizin əvəzinizə baş məşqçi postuna Ayxan Abbasov təyin edildi. Necə düşünürsüz, Ayxan bəy hazırkı heyətlə daha yaxşı nəticəyə nail ola bilər?
- Yəqin ki, qış fasiləsində bəzi dəyişikliklər ola, yeni futbolçular cəlb edilə bilər. Necə ki, mən baş məşqçi olduğum zaman bəzi dəyişikliklər olmuşdu, eləcə də Ayxan Abbasov da yəqin bəzi dəyişikliklər edəcək.

 

- Yeni futbolçular cəlb ediləcəkdisə, sizə ən azı mövsümün sonuna kimi şans vermək olmazdı?
- Birlikdə belə qərara gəldik ki, komandaya yeni güc, yeni nəfəs lazımdı. Biz bu yeni nəfəsi Ayxan Abbasovda gördük.

 

- Sizcə, yeni futbolçular cəlb edilməsə, indiki heyət avrokuboklara vəsiqəyə imkan verər?
- Məncə, imkan verir. Heyətdə elə oyunçular var ki, onlar bu gücə malikdilər. Sadəcə, komandada bəzi çatışmazlıqlar var ki, onları da inşallah, Ayxan Abbasov aradan qaldırar.

 

- Bundan sonra klubun akademiyasında koordinator vəzifəsində çalışacaqsız. Burda əsas işiniz nədən ibarət olacaq?
- Orda əsasən akademiyanın inkişafı ilə məşğul olacağıq. Öz təcrübəmlə akademiyanın inkişafına kömək edəcəm. Burda futbolun sirlərinə yiyələnən uşaqların daha yaxşı inkişafı üçün əlimdən gələni edəcəm. Pro kateqoriyası üçün oxuyanda “Fənərbaxça” klubunun akademiyasının iş strukturunu öyrənmişdim. Orda öyrəndiyim bəzi şeylər var, planım var ki, bunları bizim akademiyamızda da tətbiq edək. (Komanda.az)

Xəbər xətti