Futbol agentləri Ramil Şeydayevin "Samsunspor"a keçidindən danışdılar: "Neftçi"yə 30 yaşında da gələ bilər"

15:48 - 2 Yanvar 2017

Mövsümün əvvəlində “Zenit”dən ayrılıb “Trabzonspor”a keçən Ramil Şeydayev üçün əvvəl-əvvəl hər şey yaxşı idi. Yoldaşlıq matçlarında iştirak eləyirdi, qollar da vururdu. Lakin çempionat başlayandan sonra millimizin forvardı dərin ehtiyata göndərildi. Uğursuz keçən yarım mövsümün ardından Ramil PTT I Liqa klubu “Samsunspor”a icarəyə verilib mövsümün sonuna qədər. Hərçənd, onun “Neftçi”yə qayıtmaq variantı da var idi. Bundan başqa Portuqaliya çempionatına yollanacağı da ehtimal olunurdu.

 

Bəs, Ramil Şeydayevin I Liqanın autsayderlərindən olan “Samsunspor”a keçməsi nə qədər doğru addımdı? “Neftçi”yə gəlsəydi, daha yaxşı olardımı onun üçün? Başqa çempionatda çıxış edə bilərmi? Bu suallara aydınlıq gətirmək üçün Sportal.az saytı ölkəmizin tanınmış futbol agentlərinə müraciət eləyib.

 

Tural Əsgərov: “İlk növbədə onu deyim ki, Ramilin Rusiyadan Türkiyə keçməsi yanlış qərar idi. Və digər tərəfdən gənc futbolçu üçün “Trabzonspor”a keçmək riskli addım idi. Çünki bu klub daim nəticəyə oynayır və məşqçiyə də, futbolçuya da vaxt verilən yer deyil. “Trabzonspor”da onun karyerasının alınıb-alınmaması Allahın ümidinə qalıb. “Samsunspor”la bağlı seçiminə cavab vermək üçün həmin keçidin ətrafında baş verənləri dəqiq bilmək lazımdı. Bəlkə məşqçi gəlib özü onunla görüşüb, təminat verib. Belədə ilk baxışdan pis görünən transfer sabah xeyirli ola bilər. Misal üçün, Şeydayev gedib orada 10 qol vursa, onun karyerasında ciddi dönüş olacaq.

 

Mənə elə gəlir ki, doğru eləyib “Neftçi”yə gəlməyib. Bu yaşda xaricdə özünü sınamalıdı, çalışıb orada möhkəmlənməlidi. Ramil Şeydayev “Neftçi”yə 30 yaşında da gələ bilər. Belə baxanda, “Neftçi”yə gəlməyin özü də bir riskdi. Qışa qədər olan dönəmdə də göründü ki, Elxan Abdullayev əlində olan futbolçulardan komanda yığmaq bacarığına malik deyil. Məşqçi var ki, əlində olan futbolçulardan komanda qurur, məşqçi də var ki, transferlər sayəsində komandanı gücləndirir və uğurlu alınanda, komanda da onu dartır. Elxan Abdullayevi mən ikinci kateqoriya məşqçilərə aid edirəm. Yəni, “Neftçi”nin yeni transferləri uğurlu alınarsa, komanda oynayacaq. Əks halda Elxan Abdullayev yaxşı komanda yarada bilməyəcək. Belə durumda isə Şeydayevin “Neftçi”yə gəlməsi yanlış olardı.

 

Ramil Şeydayevin müəyyən keyfiyyətləri var ki, müxtəlif çempionatlarda çıxış eləyə bilər. Mən onun canlı bir neçə oyununa baxmışam. Həmin oyunlarda gözümə bir qədər ləng görünüb. Bəlkə sürət bir qədər aşağı olan çempionatlarda oynaya bilər. Amma elə yaşdadır ki, hər yerdə özünü sınaya bilər. Sadəcə, Türkiyədə az qala 18-ci yerdə gedən komanda da avrokuboklara düşmək haqqında danışır. Ona gənclərə şans verilən çempionat lazım idi. Yunanıstana, Polşaya, Çexiyaya yollana bilərdi. Amma bu ölkələrin çempionatarında əcnəbilərə limit var. Bəlkə Norveç və ya İsveç. Lakin indi demək olmaz ki, orada necə alınardı. Hər halda ortabab çempionata getməliydi. Birdən-birə güclü komandaya getməsi lazım deyildi.

 

Erkin İbrahimov: “Trabzonspor”a qayıtmaq istəyirsə, “Samsunspor” əla variantdı. Samsun Trabzona yaxın şəhərdi, klublar arasında münasibətlər də yaxşıdı. Şübhəsiz ki, hər oyun onu izləyəcəklər. Bu 6 ayda özünü göstərsə, Türkiyə futboluna alışsa, təzədən “Trabzonspor”a qayıda bilər. Rusiya futbolu ilə Türkiyə futbolu arasında ciddi fərqlər var. Ramil gənc futbolçudu, ilk dəfədi ki, Rusiyadan kənara çıxıb. İndi adaptasiya olması üçün vaxt lazımdı. “Trabzonspor”da oynaya bilmədiyinə görə, panika qaldırmaq lazım deyil. Əsas odur ki, Ramil yolundan dönmək istəmir.

 

Azərbaycana qayıtmaq ən axırıncı variant olar onun üçün. Onsuz da Rusiya mətbuatında hər dəfə Ramilə qarşı atmacalar var. Lağ edirlər ki, “Zenit”i, yuvasını qoyub Türkiyəyə getdi, orada isə oynamır. Təsəvvür eləyin Azərbaycana gəlsə, nə yazacaqlar. Məncə, “Samsunspor” idael variandı. Böyük ehtimalla, ora “Trabzonspor”un tövsiyəsi ilə gedib”.

 

Vaqif Heydərli: “İşin içində olmayanda həmin məsələ haqqında fikir bildirmək bir az çətin olur. Amma nəticəyə uyğun deyə bilərəm ki, “Samsunspor”a getmək uğurlu seçim deyil. Bu gün Ramilin potensialı imkan verir ki, Super Liqada “Kayserispor”, “Rizespor”, “Qaziantepspor” “Adanaspor” kimi klublarda rahat oynasın. Ən pis halda isə PTT I Liqanın iddialı klublarına “Göztepe”, “Sivasspor”, “Eskişehirspor”a keçə bilərdi. I Liqanın autsayderi olan kluba keçməsi mənə də qəribə gəlir. İşinə qarışmaq kimi olmasın, PTT Liqasının autsaderinə getməkdənsə, “Neftçi”yə gəlsəydi, daha yaxşı olardı. Düzdü, ola bilər ki, “Trabzonspor” onu ora göndərib, amma futbolçu istəməsə, getməzdi. Məncə, Avropanın ikinci dərəcəli çempionatlarında top qovacaq səviyyədə futbolçudu. Bütün hallarda ona uğurlar arzulayıram. Hələ gəncdi, irəlidə karyerasında uğurlu qrafik cızıb milli komandaya xeyir verəcəyinə inanıram”.

 

Qeyd edək ki, Ramil Şeydayev yarım mövsüm ərzində “Trabzonspor”da 3 oyun keçirib və 1 qol vurub. 

Xəbər xətti