"Zirə"nin planları məlum oldu

18:09 - 5 Yanvar 2017

“Zirə” Azərbaycan Premyer Liqasının ikinci hissəsinə hazırlığa start verib. 

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında ilk məşqinə Zirə İdman Kompleksinin stadionunda çıxıb. 

 

Paytaxt klubu yanvarın 9-dan etibarən məşqlərin sayını artırmaqla, gündə iki dəfə hazırlıq keçəcək. Yanvarın 14-də əvəzedici heyətə qarşı keçiriləcək yoxlama oyunundan (saat 14:00) sonra komanda bir günlük istirahətə buraxılacaq.

 

“Zirə” yanvarın 16-da hazırlıq mərhələsinin 2-ci hissəsi üçün Türkiyənin Antalya şəhərinə yola düşəcək. Komanda qardaş ölkədə iki yoxlama oyununda qüvvəsini sınayacaq. Yanvarın 22-də “qartallar” Bolqarıstan təmsilçisi “Lokomotiv”lə (Gorna) üz-üzə gələcək. Yanvarın 18-də keçirilməsi planlaşdırılan yoxlama oyunu üçün isə rəqibin adı yaxın günlərdə məlum olacaq.

 

"Zirə" Türkiyədən yanvarın 23-də dönəcək. Bundan sonra iki gün istirahət edəcək komanda Premyer Liqanın AZAL-la oyununa hazırlığa start verəcək.

Xəbər xətti