Volkan Üst: "Qurban Qurbanov Fatih Terimdən sonra türk dünyası üçün önəmli futbol adamıdı" MÜSAHİBƏ

“CBC Sport” telekanalının baş direktoru Volkan Üstün müsahibəsi

 

- Kanalınız geridə qalan yarım mövsümdə nələri bacardı, nələri bacarmadı?

- “CBC Sport”un əslində bacarmadığı heç bir şey olmadı. Hətta hədəflərimizdən daha irəli getdik. Bir ili tamam olmamış kanal çox sayda yarışları işıqlandırdı. U-17 Avropa çempionatının yayımı, Fransada keçirilən AÇ-2016-nın oyunları və Parisdən canlı yayımı təşkil etdik. Bütün bunların yanında bir çox verilişlər də efirə getdi. Biz təkcə futbolla kifayətlənmədik. Cüdo, voleybol, tennis, basketbol kimi oyunlara da yer ayırdıq. Tamaşaçılarımızdan da təşəkkür məktubları alırıq. Bacarmadığımız şey isə odur ki, ölkənin iqtisadi durumuna uyğun olaraq bəzi şeylərdə önümüz kəsildi. Bunlara uyğun da tədbir görəcəyik. 2017-ci ilə daha yaxşı start verəcəyik. Ən önəmli şeylərdən biri də bizim Azərbaycan Premyer Liqasını işıqlandırmağımızdır. Bu çempionata gətirdiyimiz yeniliklər göz önündədir. Bu il də sürprizlər davam edəcək.

 

- Azərbaycan çempionatının səviyyəsinin aşağı olması keyfiyyətli yayıma nə qədər mane olur?

- Bu, hamının ortaq düşüncəsidir ki, komandaların sayı çox olsa, çempionat daha da gərginləşəcək və keyfiyyət artacaq. Amma bunu həll etmək bizim vəzifəmiz deyil. Bizim düşüncəmiz odur ki, yayımı keyfiyyətli təşkil edək və kanalı izləyən xarici ölkə vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar razı qalsınlar. Azərbaycan komandaları “Qarabağ” və “Qəbələ” bu il Avropada yaxşı çıxış etdilər, milli komanda DÇ-2018-in seçmə mərhələsində 4 oyuna 7 xal yığdı. Bunları kanal işıqlandırarkən keyfiyyət çox yaxşı olur. “İdman Azərbaycan” kanalı ilə birlikdə uğur qazanmağa doğru irəliləyirik.

 

- Azərbaycanda şərhçilik problemi daim aktual mövzu olaraq qalır. Ümumiyyətlə, bu yöndə inkişaf üçün bizdə nə çatmır?

- Bu, Türkiyədə də daimi problemdir. Şərhçilərini ən çox sərt tənqid edən bəlkə də bizik. Şərhçilik insanın özəl durumudur. İnsanların həyatında baş verənlər şərh etdikləri oyuna da çox yansıyır. Ən yaxşısı şərhə girdiyin zaman hər şeyi qapının önündə buraxmaqdır. Bunun dünyada çox yaxşı örnəkləri var. Rusiyada, Türkiyədə şərhçilər var ki, onları izləmək lazımdır. Harda daha çox emosiyalarla danışmaq, harda təhlilə üstünlük verməyi öyrənmək lazımdır. Bizim hər həftə burada toplantımız olur. Bu barədə çox danışırıq. Daxili şuramız da var. Bu mövzularda çox müzakirələr olur. Matçların ardından necə hakim qərarları müzakirə olunursa, bizdə də şərhçilərin danışıqları təhlil edilir. Hər kəsə tapşırıqlar verilir. Şərhçilik insani keyfiyyətlərlə bağlıdır. Bizə yaxşı gələn şeylər digərlərinə xoş gəlməyə bilər.

 

- Son zamanlar “CBC Sport”da maliyyə problemlərinin ciddi hal aldığına dair söz-söhbətlər var...

- Yox, bu düzgün deyil. Biz bütün işçilərin maaşını vaxtında veririk. Sadəcə yeni ilə girərkən bəzi tədbirlər gördük. Hər yerdə olan iqtsadi durumu nəzərə alaraq, biz ehtiyatlı addım atdıq. Bizim böyük bir PTS-imiz var idi. Onu Türkiyəyə yolladıq, əvəzində isə başqa biri hazırlanır. Yayımın keyfiyyətli olması üçün bundan sonra da əlimizdən gələni edəcəyik. Lakin o PTS-i göndərdiyimiz üçün bəzi işçilərimizlə yollarımız ayrıldı. Bu işdən çıxarılma kimi görünsə də, əslində işimiz üçün etdiyimiz dəyişikliklərdir. Şirkət olaraq hər şey öz yerindədir. Sadəcə iqtisadi tədbirlərimizi davam etdiririk.

 

- İkinci dövrənin son oyunlarında az matçlardan yayım verdiniz. Bəs, mövsümün geri qalanında necə olacaq?

- Bacardığımız qədər çox oyunları, iki PTS-lə yayımlayacağıq. Ötən il 5 saatlıq yayım etdiyimiz kubok finalı üçün bu il daha böyük sürprizlər düşünmüşük.

 

- Əslində bizi bu müsahibəyə sövq edən səbəb sizin canlı yayımda keçmiş həyat yoldaşınıza etdiyiniz evlilik təklifidir. Bu necə baş verdi?

- Bu barədə ilk dəfə sizə danışıram. Heç Türkiyə mətbuatına da açıqlama vermədim. Keçmiş həyat yoldaşımla 11 il evli olmuşuq. Onunla bir ara münasibətlərimizdə problemlər oldu. Düşünmək üçün bir ara ayrı yaşamaq qərarına gəldik. Amma fiziki olaraq ayrılmamışdıq. Çünki mənim bir əlim həmişə onların üstündə idi. İki gözəl övladımız da var. Övladlarımdan birinin özəl problemləri var. O bizi daha çox bir yerə gəlməyə vadar edirdi. Düşündüm və bu qədər ayrı qalmağımızın yetərli olduğuna qərar verdim. Özgə Uzunun həmin gün Çağla Şikel və Alişanın verilişində qonaq olacağını bilirdim. Verilişin rejissoru dostumdur və ondan xahiş etdim ki, belə bir fikrim var. İcazə aldım və o sürprizi etmək qərarı verdim. Onun xəbəri olmadan bunu etdim. Ən çoxu da dediyindən yayınmasın, sözündən qaçmasın deyə canlı efirdə evlilik təklif etdim.

 

- Öz aranızda ona evlilik təklifi edib “yox” cavabı almışdınız, yoxsa?..

- Birbaşa canlı yayımda bunu etdim. İlk dəfə.

 

- Türkiyəyə bunun üçün getmişdiniz?

- Yeni il üçün getmişdim. Amma belə bir fikrim var idi. Canlı yayıma çıxması işimi asanlaşdırdı. Əgər elə olmasaydı, başqa sürpriz fikirləşməli idim. Hər kəsin göz önündə təklif etdim, cavabımı aldım. Bunun geri dönüşü yoxdur.

 

- Toy nə zamandır?

- Azərbaycanda toy edəcəyəm. Bunun qonaqlıqığını verməmək olmaz.

 

- Stadionda toy mərasimi oldumu heç?

- Yox, olmadı. Hər halda ilk biz edəcəyik.

 

- Evlilik təklifi etmişkən bəlkə toyu da maraqlı məkanda edəsiniz?

- Stadionun direktoru Cavid bəy verərsə, edərik. Ola bilər. Sadəcə bunun üçün yayı gözləmək lazımdır. Amma mən gözləyə bilməyəcəm, qışda toyu edəcəyəm. Hər halda şadlıq sarayı tutacağam. İki səbəblə Azərbaycanda toy etmək istəyirəm. Birincisi, Azərbaycan mənim həyatımda önəmli yerə sahibdir. İkincisi, mən artıq burada yaşayıram və toyu bura adət-ənənələri ilə etməyi düşünürəm. Çox maraqlı olacaq. Bilirəm ki, Türkiyədən çox dostum gələcək. Onlara ölkəni də tanıdacağam. Azərbaycanı tanımadan insanlar fikir söyləyirlər. Amma bura bambaşqa ölkədir.

 

- Azərbaycanda telekanal rəhbərləri mətbuatdan qaçır. Amma siz mətbuata çox açıqsız...

- Mən də sizin kimi müxbir olmuşam. Ona görə də sizə cavab verməmək özünə xəyanətdir. Həm də nə varsa, özüm aydınlıq verə bilirəmsə, niyə bunu etməyim?! Digər tərəfdən, eyni məslək sahibləriyiksə, haqqımız var soruşmağa və cavab almağa.

 

- Bakıda oteldə qalırsınız...

- Qalırdım. Bu gün səhər ev tutmuşam. Həyat yoldaşım da 15 gün sonra bura gələcək. Birlikdə yaşayacağıq. Birdəfəlik bura köçürlər. Amma 1 il oteldə qalmışam.

 

- Azərbaycana gələrkən yerli telekanalların durumuna baxmışdınız? İndi izləyirsiniz?

- Əlbəttə. Hər zaman kanallara baxıram. “Xəzər TV”dən seriallara baxıram, ATV-dən xəbər izləyirəm. Bəzən musiqili verilişləri izləyirəm. Son zamanlar ARB kanalı diqqətimi cəlb edir. Azərbaycan və Türkiyə kanallarını qarşılaşdırdıqda fərqlər ortaya çıxır. Türkiyədə özəl televiziyanın 30-35 illik tarixi var. Azərbaycanda bu, 20 ildir. Həmin aradakı zaman fərqi yayıma, keyfiyyətə təsir edir. İnanılmaz şəkildə aradakı fərq yox olur. Məsələn, seriallarda keyfiyyət fərqi yoxdur. “Xəzər TV”dəki “Futbol saatı” verilişi mənim çox diqqətimi cəlb edir. Orda dostlarımız var. Çox maraqlı müzakirələr gedir. Ümid edirəm ki, məni də ora dəvət edəcəklər. Biz onları “CBC Sport”a çağırırıq. Ən çox “Futbol saatı”na baxıram.

 

- Seriallar arasında ciddi fərq olmadığını dediniz. Amma Türkiyədəki keyfiyyət həddən artıq yüksəkdir...

- Bu, reklam bazarı ilə əlaqəlidir. Məsələn, Azərbaycanda reklam bazarında 50 milyon manat varsa, Türkiyədə bu 5 milyarddır. Nə qədər çox pul qazanılsa, keyfiyyət o qədər də yüksələcək. Əminəm ki, burdakılar da fərqli kameralar istəyir. Amma maddi baxımdan problemlər olur. Amma filmlərdəki keyfiyyət Türkiyə ilə eynidir. Məsələn, mən “Bozbaş pictures”i, “Ər arvad”ı izləyirəm. Çox keyfiyyətlidir.

 

- Yayımladığınız ən yaddaqalan oyun hansıdır ki, tam istədiyiniz kimi olub?

- Hər halda ötənilki kubok finalı. Çünki möhtəşəm olmuşdu.

 

- Klublarımız oyunlarını yayımlamadığınıza görə sizə şikayət etdibmi heç?

- Onlar bizə çox iradlar bildirirlər. Bundan heç də narahat olmuruq. Ən çox oyunların saatlarının dəyişdirilməsinə görə narazılıq edirlər. Xoş, narazılıqsız yayımladığımız matç olur. Klub rəsmiləri gəlib soruşurlar ki, bizim oyun niyə az yayımlanır? Səbəbini də izah edirik. Bu bir az da klublardan asılıdır. Stadionda şərhçilər üçün yaradılan şərait bəzən çox zəif olur. Adını çəkməyəcəyim bir stadion var ki, biz orada pilot kameraları və operatoru iplə bağlayırıq ki, külək uçurmasın. Soyuq, qarlı havada bizə problem yaranır. Amma problem deyil. Bu qışı da belə yola verdik (gülür).

 

- Səmimi cavab verin, ən çox kimin şərhini bəyənirsiz?

- Buna cavab versəm, mən bu qapıdan çıxa bilmərəm (gülür). Hər birinin fərqli özəllikləri var. Rüstəm Əfsərlinin ayrı, Rövşən Binnətlinin ayrı, Gündüz Abbaszadənin, ayrı, Emin Abbasovun ayrı özəlliyi var. Amma bir az da olsa, Rüstəm Əfsərli və Gündüz Abbaszadəyə üstünlük verərdim.

 

- Türkiyədə şərhçilər daha çox emoisionallığa üstünlük verir, Rusiyada isə təhlil üzərində qurulur. Azərbaycanlı şərhçilərin hansı özəlliyi var?

- Azərbaycan şərhçiləri türkiyəlilərdən daha emosionaldır. Daha çox təhlil və statistika baxımından irəliləməyə ehtiyacımız var. Daha çox analizi necə edə bilərik, rəqəmsal olaraq nəyə nail ola bilərik deyə düşünürəm. Bunu növbəti mövsümdə inkişaf etdirməyə çalışacağıq. Ekran yenilikləri də olacaq. Xəritələrlə və rəqəmlərlə statistikalar vermək fikrimiz var.

Növbəti mövsüm bunu sınayacağıq. Məsələn, şərhçilərdən biri “Qəbələ”nin, biri “Neftçi”nin azarkeşi olacaq. Bəlkə də onun keyfiyyəti çox olacaq.

 

- Ofisinizin stadionda yerləşməsi sizin üçün üstünlükdür?

- Üstünlük də deyil, pis də deyil. İdman kanalı olduğumuz üçün bir-biri ilə üst-üstə düşür. Strateji məqamlar var. Burda beynəlxalq oyun olduğunda biz də onun bir hissəsi oluruq.

 

- Sizdən öncə bir xeyli türk məşqçi burada işlədi. Onlarla danışırdınız?

- Mustafa Dənizli, Oğuz Çətinlə çox söhbətimiz olmuşdu. İndi də münasibətlərimiz var. Onu tez-tez Bakıya dəvət edirəm. İmkan olsa, gələcək. Onlar qiymətli, önəmli türk futbol adamlarıdır. Qurban Qurbanov Fatih Terimdən sonra türk dünyası üçün önəmli futbol adamıdır. Onun daha böyük uğurlar qazanacağına inanıram.

 

- “Beşiktaş” və “Qarabağ” arasında oyun olmalı idi. Amma bu, baş tutmadı. Siz hər iki tərəflə münasibəti olan biri kimi belə oyunu təşkil etməyə cəhd etmisiz?

- İndi komandalar hamısı mövsümün ikinci yarısına hazırlaşırlar. Ona görə də vaxt azlığı problemi var. “CBC Kuboku”nu təşkil etmişdik. Bu dəfə də eynisini düşündük. Amma komandalar hazırlaşdıqlarını və yalnız əvəzedicilərlə ora qatılacaqlarını bildirdi. Hava şəraiti də yaxşı olmadı. Ona görə alınmadı. Belə bir fikrimiz var ki, futbol veteranlarını üz-üzə gətirək. “26-cı dəqiqə” filmindən sonra bunu da düşündük. Azərbaycan – İsveçrə oyunundakı qolun eynisini çəkmişdik. Növbəti mövsüm 4 komandalı çempionat keçirmək fikrimiz var. Hazırlıq üçün lazım olan oyunlar təşkil etməyi düşünürük. (Qafqazinfo.az)

 

Tarix: 10 Yanvar [18:04]
Oxunub: 606 dəfə
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Yanvar 2017
16  Yanvar 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio