Ramiz Məmmədovdan AFFA və PFL-ə xüsusi İNKİŞAF KONSEPSİYASI

10:22 - 11 Yanvar 2017

"10 ildən artıq məşqçilik həyatındayam. Azərbaycanla yanaşı, Qazaxıstan və İran klublarında çalışmışam. Müqayisə etsək, deyərdim ki, ölkə çempionatı həmin dövlətlərdə keçirilir, bizdə isə Bakı birinciliyidi" - bu sözləri Pro kateqoriyalı mütəxəssis Ramiz Məmmədov deyib.


2010-cu ildə Azərbaycanın "ən yaxşı" baş məşqçisi seçilən R.Məmmədov Premyer Liqanın səviyyəsinin get-gedə aşağı düşdüyünü bildirib. Onun fikrincə, əyalət klublarının dağılması və ya zəifləməsi elitada rəqabəti xeyli azaldıb: "Qəbələ"də iki dəfə baş məşqçi olmuşam. Üst-üstə 6 il bu komandanı çalışdırmışam. 2012-ci ildən bu tərəfə hələ belə zəif çempionat görməmişəm.

 

O vaxtlar 5-6 komanda çempionluq uğrunda mübarizə aparırdı. "Bakı", "Xəzər Lənkəran", "MKT-Araz", "Karvan" var idi. "Simurq" çempionata rəng qatırdı. Mən hələ "Neftçi", "İnter" və "Qarabağ"ı demirəm. Hazırda qızıl medala yalnız "Qəbələ" ilə "Qarabağ" iddia edir. Üçüncü yerə cəmi 1-2 komanda göz dikib. Qalanları elə-belə oynayır, qarşılarına konkret hədəf qoymayıb. Premyer Liqada 8 klub varsa, biz bunu Premyer Liqa adlandıra bilmərik.

 

"Qarabağ" daha Quzanlıya getmir, onları hardasa başa düşmək olar. Bəla bundadı ki, "Kəpəz" də Gəncəyə oyundan-oyuna gedir. "Qəbələ" əksər hallarda Bakıda məşq edir. Bakının bu başından o başına 30-40 dəqiqəyə çatırsan, belə çempionat olmaz ki…İranın ikinci liqasında 36 komanda çıxış edir. Çempionatı 3 zonaya bölüblər. Hər qrupda ilk 4 yeri tutanlar final mərhələsinə vəsiqə qazanır. Bu, hələ ikinci liqadı, İranın bütün bölgələri orda təmsil olunur. Əvvəl Tehranda 10-a yaxın komanda var idi, sonra federasiya qərar qəbul etdi, şərait yaratdı, bir çoxu ətraf şəhərlərə köçürüldü.

 

Ölkə çempionatı paytaxtdan kənara çıxmalıdı. Azarkeş rayonlardadı, bölgələrdədi. AFFA prezidenti Rövnəq Abdullayev bir neçə il qabaq istəyirdi ki, Bakı klubları regionlar arasında bölünsün. Gözəl ideyadı. Fikrimcə, AFFA yenidən bu təklifə baxmalı və reallaşdırmalıdı. Onsuz da Bakıda azarkeş stadiona gəlmir, gələnlər də klublar arasında parçalanıb. Legioner boş tribunaları görür, həvəsdən düşür, məsuliyyət hissini itirir. Onu oyuna kökləmək baş məşqçiyə çox çətindi. Nə qədər desən ki bizi çətin oyun gözləyir, mütləq qələbə qazanmalıyıq, boş tribunalar önündə istədiyini ondan ala bilmirsən. Onlar belə görməyiblər, həmişə dolu stadionda oynayıblar.

 

"Hicran" tamaşası yadınızdadı? Mərhum Səyavuş Aslan, Hacıbaba Bağırov və Nəsibə Zeynalova o tamaşanı əbədiləşdirib. Həyatda bir-birləri ilə danışmayan 3 sənətkar "Hicran" kimi şedevr əsər qoyub ortalığa. Bilirsiz niyə? Çünki bu sənətkarlar böyük auditoriya qarşısında rol alıblar. Təbii ki, zal boş olsaydı, o cür möhtəşəm tamaşa alınmazdı.

 

AFFA və PFL Bakıda uzağı 2 komanda saxlayıb, qalanlarını rayonlar arasında bölüşdürməlidi ki, Premyer Liqanın azarkeş problemi olmasın. Bakıda 200-300 adam gəlir stadiona, çoxu da azarkeşlik eləmir, vaxt keçirir. Yevlax, Tovuz, Mingəçevir, Qazax, Şəmkir, Bərdə, Şirvan, İmişli və digər rayonlar Premyer Liqada təmsil olunmasa, normal çempionat təşkil etmək qeyri-mümkündü. Tovuzdan AFFA-da 1-2 adam çalışır deyə, federasiya yalnız "Turan"a kömək etməməlidi.

 

Çalışmalıdılar ki, "Karvan" da fəaliyyətini bərpa etsin. UEFA Kubokunda mərhələ keçən ilk Azərbaycan klubu "Karvan"dı, ənənəsi olan, Avropada tarix yazan Yevlax niyə futbolsuz qalmalıdı? Preymer Liqanın 4-5, I Divizionun demək olar, bütün klubları AFFA və SOCAR tərəfindən maliyyələşir. Aydın məsələdi ki, AFFA bütün klublara eyni səviyyədə baxa bilməz. Klublara fərdi sponsorların, şirkətlərin cəlb olunması qaçılmazdı. Məsələn, İranda, Qazaxıstanda şəhər merləri, bələdiyyələr, yerli şirkətlər onların bölgəsini təmsil edən komandaları saxlayırlar. Həmin şəhərdə iş görmək istəyən əcnəbi investorlara da şərt qoyurlar ki, futbola sərmayə yatır. Müəyyən güzəştlər qarşılığında onlar buna razılıq verirlər.

 

Azərbaycanda kifayət qədər iş adamı, böyük şirkət fəaliyyət göstərir. Futbol biznes dairələrinə maraqlı gəlməlidi ki, klublar sponsorsuz qalmasın. Şübhə eləmirəm ki, AFFA da, Peşəkar Futbol Liqası da istəyər ki, Azərbaycanda klubların sayı çox olsun.


AFFA və SOCAR "yüklənməməlidi", yoxsa PFL də bu çətinliklərdən qurtula bilməyəcək. Futbolda maliyyə sürətlə azalır və belə getsə, Premyer Liqada 2-3 klub qalacaq. AFFA hər il müxtəlif kateqoriyalar üzrə məşqçi kursları keçirir, onlarla şəxsə lisenziya verir. Klublar olmayacaqsa, bu qədər məşqçi harda işləyəcək? Heç fikirləşən var onları? AFFA artıq ikinci divizion barədə də düşünməlidi. Necə ki İranda, Türkiyədə və başqa ölkələrdə bu var. Futbolçu 22-23 yaşa çatır, limitə görə özünə klub tapa bilmir. Onun oynayan vaxtı indidi.

 

Bir çox tanınmış futbolçular görmüşük ki, məhz 23-24 yaşdan sonra parlamağa başlayıb. Azərbaycanda isə yüzlərlə gənc limit üzündən futbolu atmaq məcburiyyətində qalır, gedib başqa işlərlə məşğul olur, daş daşıyır, fəhləlik edir. Hər gəncin bəxti limit məsələsində gətirmir. Deməli, cavanlığını futbola qurban vermiş o uşaqlar heç kimə lazım olmur. Biri xəstələnir, biri ağır zədə alır, birinin ailəsində hansısa problem yaranır - belə çıxır ki, həmin müddətdən sonra onlara bir də şans verilməməlidi?

 

Arif Daşdəmirovu yadınıza salıram. Səhv etmirəmsə, ilk dəfə "Qəbələ"də oynayanda 22 yaşı var idi. Onda güclü soyuqdəymədən əziyyət çəkirdi. Mən onu 2 aylıq Dağıstana – inandığı, yaxından tanıdığı həkimin yanına göndərdim ki, müalicəsini etdirsin. Əgər Arifin sağalıb qayıtmasını gözləməsəydim, futbolumuz bundan itirəcəkdi və o, bu gün millimizin formasını geyinəcək səviyyəyə çatmayacaqdı. 
  
Gənclərin pis vərdişlərdən, tüfeyli həyatdan, narkomaniyadan uzaq olmasını istəyiriksə, ikinci divizionu yaradıb, onu bölgələr üzrə keçirmək lazımdı. "Lester"i İngiltərə çempionu edən Ceymi Vardi bizə örnək olmalıdı. "Lester" bu hücumçunu 5-ci diviziondan tapıb üzə çıxarmışdı. "Arsenal"ın baş məşqçisi Arsen Venger həmişə aşağı liqalarda, 7-ci divizionda hətta futbolçu axtarır.

 

İkinci divizion yaradılsa, 300-400 manat verib, futbolu atmış gəncləri yenidən geri qaytarmaq olar. Birinci və ikinci divizion arasında bir o qədər fərq olmamalıdı. Azərbaycan kuboku rəqabətsizlik üzündən adi bir yarışa çevrilib. Aşağı dəstə təmsilçiləri ilk mərhələdəcə mübarizəni tərk edir. Halbuki İranda ikinci dəstə klubları yarımfinala vəsiqə qazanır. Bunları ona görə demirəm ki, kiminsə xoşuna gəlsin. Mən də mütəxəssisəm, istəyirəm ki, Azərbaycan futboluna bu işlərdə köməyim dəysin".

 

Mənbə: Sportinfo.az

Xəbər xətti