"Mövsümün sonunda "Kəpəz"in adına layiqli yerdə olacağına ümid edirəm" MÜSAHİBƏ

19:04 - 11 Yanvar 2017

Kəpəz”in əvəzedici heyətinin kapitanı Qaraxan Əliyev klub saytına müsahibə verib.

 

Sportal.az sizi həmin müsahibə ilə tanış edir:

 

- Qaraxan, əvvəlcə istərdim ki, məşq prosesi ilə bağlı fikirlərini öyrənək.
- Məşqlər gözlənildiyi kimi ağır keçir, bir müddət istirahət etdiyimizdən təbii ki, müəyyən çətinlik var. Amma vəziyyətə uyğunlaşmağa çalışırıq. Hazırlıq prosesinin çətin keçməsi, ağır fiziki yükləmələrin olması, əslində başa düşüləndir. Çünki əziyyət çəkməsək, bunun bəhrəsini görə bilmərik. İndi ağır olsa da, yaxşı hazırlaşsaq, çempionatda bizə rahat olacaq. 

 

- Komandanın kapitanı kimi özünün hazırlığını necə qiymətləndirirsən? 
- Bir həftədir ki, məşq edirik, hər şey yaxşılığa doğru gedir. Çatışmayan cəhətlərimiz var və çempionatın startına kimi bunları aradan qaldırmağa çalışacağıq. Komandaya yeni qoşulan yeniyetmələrə və gənclərə baxanda biz köhnələr hardasa təcrübəli sayılırıq. Ona görə də həmin uşaqlara yaxşı nümunə olmalıyıq. Bu səbəbdən də məşqlərdə daha çox öz üzərimizdə çalışmalı, inkişaf etməliyik. Məşqlərə ciddi yanaşmaq, verilən tapşırıqları yerinə yetirmək hər bir futbolçunun borcudur.

 

- Turnir cədvəlində mövqeyiniz heç də yaxşı deyil. İlk iki dövrənin yekunu haqda nə demək olar? 
- Düzdür, turnir cədvəlində yerimiz ürəkaçan deyil. Buna baxmayaraq yaxşı oyun göstərdiyimizi söyləyə bilərəm. Amma çempionatda xalı yaxşı oyuna yox, nəticəyə verirlər. İnşallah, fasilə müddətində ciddi hazırlaşıb, mövsümün ikinci yarısında daha yaxşı nəticələrə imza atmağa çalışacağıq. Hər şeyin düzələcəyinə və komandamızın mövsümün sonunda “Kəpəz”in adına layiqli yerdə olacağına ümid edirəm. 

 

- Ötən il “Kəpəz”in əsas komandasında debüt etməklə arzunu gercəkləşdirdin. Düşünürəm ki, məqsədin mütamadi olaraq əsas komandaya çağırılmaqdır. 
- Bəli, düz deyirsiniz. “Şahdağ”la kubok matçında oynamaq imkanı əldə etdim və buna görə sevincliyəm. Hər bir gəncəli futbolçunun arzusu “Kəpəz”də oynamaqdır. Zamanla arzumuzu həyata keçirməyə səy göstəririk. Fikrimcə, debütüm də pis alınmadı. Qələbə qazanmaqla mərhələ adladıq. Baş məşqçimiz Şahin Diniyevin də oyunumdan narazı qalmadığını düşünürəm. Yenə dəvət gözləyirəm.

 

- Şahin Diniyev “Kəpəz”də yerli futbolçuların oynamasında maraqlıdır. O, bu planda gəncləri daha çox önə çəkməyə çalışır. 
- Elədir, Şahin müəllimin oyun prinsipinə, seçiminə bələdik. Ona görə də öz vaxtımızı gözləyirik, şans qazanmağa çalışırıq. Gəncəli futbolçu kimi doğma meydanımızda, azarkeşlərimizin qarşısında oynamağa çox həvəsliyik. İstəyimiz futbolsevərlərin oyunlarımıza baxıb bizimlə fəxr etməsidir. Şəxsən mənim əsas istəyim budur. Əvəzedici heyətdəki çıxışımla məşqçilərin etimadını qazanıb, əsas komandada möhkəmlənməyi arzulayıram.

Xəbər xətti