"İnter"in prezidenti: "Neftçi" Ruslan Abışova görə transfer məbləği ödədi" MÜSAHİBƏ

19:14 - 12 Yanvar 2017

Bakının "İnter" klubunun prezidenti Azər Əliyevin müsahibəsi

 

- Necə oldu ki, Ruslan Abışov bir neçə gün əvvəl "İnter"də qalmağa razılaşdığı halda, bu gün "Neftçi"yə transfer oldu?
- Bəli, elə məsələ vardı. Amma belə alındı. Əvvəlcədən planımız başqa idi. Sonra hərtərəfli fikirləşdik və getməsinə razı olduq.

 

- Abışovun "Neftçi"yə keçmək istəyi klubun qərarında nə dərəcədə rol oynadı?
- Xeyr, o qalmaq istəyirdi və bizim də Abışovu komandada saxlamaq fikimiz var idi. Ev oyunlarımızı keçirdiyimiz "İnter Arena"da süni örtüyü təbii ot örtüyü ilə dəyişməyi planlaşdırırdıq. Bu da Ruslan üçün çox vacib məsələ idi. Ancaq bu il həmin məsələ alınmayacaq. Abışov da Azərbaycan futbolu üçün önəmli oyunçu olduğundan, onu saxlamamağa qərar verdik. Ruslana uğurlar arzulayıram.

 

- Amma önəmli oyunçu təkcə Ruslan Abışov deyil. "İnter"in heyətində kifayət qədər səviyyəli yerli oyunçu var ki, heç də Abışovdan zəif deyillər...
- Bilirsiniz, o biri futbolçular üçün təbii ot örtüyü elə də böyük problem deyil. Abışovun problemi var, ot örtüyünə görə çətinlik çəkirdi. Bu səbəbdən dedik ki, getsin, sonrasına baxarıq.

 

- Ruslan Abışovun da transferi yəqin ki, Ağabala Ramazanov kimi pulsuz olmadı...
- Bu rəsmi şəkildə oldu. "Neftçi" transfer məbləği ödədi.

 

- Sirr deyilsə, "Neftçi" klubunun Abışov transferi üçün nə qədər məbləğ ödədiyini deyə bilərsiniz? Həmin məbləğə ən meydanın örtüyünü dəyişmək olar?
- Miqdarı deyə bilmərəm. Amma örtüyü dəyişəcək qədər böyük məbləğ deyil. Buna kifayət etmir.

 

- Örtüyün dəyişilməsi fikrindən daşınmağınıza nə səbəb oldu?
- Maliyyə məsələləri. Büdcə, maliyyə planlaşdırılması rol oynadı. Örtüyü dəyişmək üçün çoxlu pul lazımdır. Ancaq düşünürük ki, bu il alınmayacaq.

 

- Əsas heyətdən iki futbolçu getdi. Artıq demək olarmı ki, avrokuboklara vəsiqə şansınızı itirirsiniz...
- Ola bilsin... Amma indi bu barədə nə isə deyə bilmərəm.

 

- Bəlkə strategiyanızı dəyişmək fikriniz var?
- Xeyr. Hər şey eyni şəkildə qalır. Hazırda heç nə dəyişmir. Sadəcə, strategiya üzərində işləyirik. Strategiya dəyişməsi ilə strategiya üzərində iş fərqli məsələlərdir.

 

- SOCAR-ın klubu himayəsinə götürəcəyi, bundan sonra "İnter"in Azərbaycan Beynəlxalq Bankından ayrılacağı məlumatları yayılıb. Bu məsələlərə aydınlıq gətirərdiniz...
- Özümdə də elə dəqiq məlumat yoxdur. Ona görə də bu barədə danışmaq istəməzdim. Dəqiq nə isə olan kimi ictimaiyyətə ətraflı məlumat veriləcək. 

 

- Demək, özünüz də bu barədə eşitmisiniz?
- Mən bu kluba gəlməmişdən əvvəl bunu eşitmişdim. Hər yerdə yazırdılar, danışırdılar. Amma özümdə dəqiq məlumatım yoxdur.

 

- Bank rəhbərliyində belə məlumat var?
- Onlar mənə nəsə deməyiblər.

 

- Kluba nə vaxt Müşahidə Şurasının sədri təyin olunacaq?
- Bu barədə müzakirələrimiz olmayıb. Çünki hazırda cari məsələlərlə məşğul olur, maliyyə planının üstündə işləyirik. Bu səbəbdən, Şura haqda düşünməmişik. Bəlkə bankın fikri var, deyə bilmərəm. Müşahidə Şurası nə mənə çətinlik yaradır, nə də köməklik edir.

 

- Büdcə həminki kimi qalacaq?
- İnanmıram, çünki hər yerdə qənaət etməyə çalışırlar, büdcəni sıxışdırırlar. İnanmıram ki, eyni səviyyədə qalsın. 

 

- Amma digər tərəfdən, manat devalvasiyaya uğrayır...
- Biz Azərbaycanda yaşayırıq. Gəlirlərimiz də, xərclərimiz də manatladır. Gəlirimiz dollar olsa idi, deyərdik ki, köməklik edir. Amma bizdə hər şey manatla olduğundan, istər-istəməz büdcəmizə təsir edir. (Report.az)

Xəbər xətti