Kamal Quliyev: "AFFA milli komandalara baş məşqçiləri "karusel" sistemi ilə təyin edir" MÜSAHİBƏ

00:39 - 14 Yanvar 2017

Milli komandamızın sabiq futbolçusu Kamal Quliyev Sportal.az saytına müsahibə verib. Son olaraq "Neftçala" klubunda çalışmış mütəxəssis U-19 millimizin FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə  həsr olunmuş 29-cu beynəlxalq turnirdəki uğursuz çıxışı haqda verilmiş sualları cavablandırıb.

 

- 19 yaşlılardan ibarət milli komandamız Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turniri 1 xalla başa vurdu. Milliləşdirilmiş futbolçularla 1 xalın qazanılmasını necə hesab edirsiz?

- Milliləşdirilmiş futbolçuların milli komandada ürəkdən oynaması, can qoyması çətin məsələdi. 17 yaşlılar arasında Avropa çempionatı göstərdi ki, milliləşdirilmiş futbolçulara ehtiyacımız yoxdu. Öz gənc futbolçularımız ustalıq cəhətdən geri qalsalar da, milliyə daha çox kömək edə bilərlər. Çünki, onlar sonadək mübarizə aparırlar. Bu yaxınlarda Fuad Musayevin müsahibəsini oxudum. Mənim düşündüklərimi, demək istədiklərimi deyib. Əgər biz futbolun inkişafını istəyiriksə, başqa ölkələrdən milliyə dəvət etdiyimiz futbolçulardan əl çəkməli, özümüz futbolçu yetişdirməliyik. Az olsun, amma özümüzünkü olsun. Udanda da, uduzanda da öz futbolçularımız olsun. 

 

- U-17, U-19 millərində məşqçilər dəyişmir. Buna necə baxırsız?

- AFFA milli komandalara baş məşqçiləri "karusel" sistemi ilə təyin edir. Bütün məşqçilərə hörmətim var. Heç kəs məndən inciməsin. Onlar hamısı yaxşı bilirlər ki, futbolun qanunudu, kim nəticə vermədisə, istefa verməlidi. Mənə elə gəlir ki, digər məşqçilərə də şans vermək lazımdı. Yalnız bir məşqçidən tutub getmək lazım deyil.

 

- Sizcə bu uğursuzluqdan sonra Təbriz Həsənov postundan getməlidi?

- Bu hazırlıq xarakteri daşıyan bir turnirdi. Ona görə də mən istefa verməli olduğunu düşünmürəm. Amma dünya və Avropa çempionatlarının seçmə mərhələsində qarşıya qoyulan vəzifəni yerinə yetirməyən məşqçi qrup mərhələsi başa çatdıqdan sonra mütləq istefa verməlidi. Vəssalam! Digəri gəlməlidi onun yerinə. Bəlkə başqa məşqçilərin potensialı var? İnanmaq, güvənmək lazımdı. 

Xəbər xətti