Kamran Ağayev 3 qol buraxdı, komandası liderə məğlub olmadı VIDEO

00:47 - 15 Yanvar 2017

Millimizin üzvləri - Kamran Ağayevlə Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" klubu Portuqaliya çempionatında növbəti oyununu keçirib.
 
Sportal.az xəbər verir ki, Portu təmsilçisi XVII tur çərçivəsində səfərdə lider "Benfika"nın qonağı olub. 

Qarşılaşma 6 qol qeydə alınıb. Belə ki, matçın ilk hissəsi qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ancaq "Boavişta" üstünlüyünü qoruyub saxlaya bilməyib. Oyunun 52-ci dəqiqəsində Jonas 11 metrlik cərimə zərbəsi ilə oyuna start heyətdə başlayan Ağayevi məyus edib. Bu qoldan 15 dəqiqə sonra Fabio Espinyo qapıların yerini səhv salıb. 
 
Kamran Ağayev 75-ci dəqiqədə sarı vərəqə almaqla "fərqlənib". Emin Mahmudov isə sona qədər ehtiyat oyunçular skamiyasında əyləşib.

Beləliklə, 6 qolun vurulduğu matçda qalib müəyyənləşməyib - 3:3.
 
"Boavişta" bu heç-heçədən sonra xallarının sayını 21-ə çatdırıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

 

Xəbər xətti