Təbriz Həsənov: "Baxımlı oynamadıq"

23:51 - 15 Yanvar 2017

“Nəhayət, turnirdə ilk qələbəmizi qazandıq, hərçənd qrupdakı oyunların üçündə də qalib gəlməliydik. Bu gün əvvəlki oyunlarda olduğu kimi baxımlı oynamadıq. Çoxlu top itkisinə yol verdik, müəyyən epizodlarda qarışıqlıq yaranırdı, amma bütün bunlar anlaşılandır: komanda ardıcıl qələbə qazana bilməyəndə uşaqlarda tərəddüd, inamsızlıq yaranır".

 

Sportal.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Təbriz Həsənov Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirə turnirində İrana 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

 

"Rəqib yaxşı müdafiə olunur və pressinq tətbiq edirdi. Artıq bizim üçün hansı pillə uğrunda oynamağımız böyük əhəmiyyət kəsb etmir, əsas özünəinamı qaytarıb öz futbolumuzu oynaya bilməkdir” - deyə o bildirib.

Xəbər xətti