Rövşən Babayev: "Qazaxıstan və Litvanı uda bilmiriksə, deməli, geri gedirik" MÜSAHİBƏ

00:16 - 17 Yanvar 2017

"Simurq", "Rəvan" və "Sumqayıt"ın sabiq məşqçisi və son olaraq "Vətən"də çalışmış Rövşən Babayev Sportal.az-a müsahibə verib. Mütəxəssis U-19 millimizin FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə  həsr olunmuş 29-cu beynəlxalq turnirdəki uğursuz çıxışı haqda verilmiş sualları cavablandırıb.


- 19 yaşlılardan ibarət milli komandamız Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirin qrupunda qaldı. Milliləşdirilmiş futbolçularla qrup mərhələsində 1 xalın qazanılmasını necə hesab edirsiz?
-  Bizim uşaq futbolumuzda yaxşı oyunçular var. Amma onları yoxlayan yoxdur. Problem budur. Yaxşı olardı ki, belə turnirlərdə öz oyunçularmıza şans verək, türklərə yox. Yaxşı türk futbolçu Azərbaycanda deyil, Türkiyə millisində oynayar. Gedib belə uduzmaqdansa, öz uşaqlarımız məğlub olsun. Təcrübələri də artsın. O legionerlər inkişaf edəndən sonra bizi tərk edib gedəcəklər, qalacağıq baxa-baxa və oyunçu axtarmağa başlayacağıq.

 

- Sizcə, milliyə tapşırıqla dəvət alanlar var?
- O barədə nəsə deyə bilmərəm. Həqiqətən də bilmirəm. İstəmərəm ki, belə bir şey olsun. Amma deyim ki, “Vətən” klubunda milliyə dəvət olunası uşaqlar var idi. Digər komandalarda da yaxşı futbolçular var. Bu futbolçuları yoxlamaq lazımdı. Həmin uşaqlar heyətdəki legionerlərdən gerdi qalmırlar. İstedadlı oyunçular var ki, dəvət almırlar. Millidəki məşqçilər diqqət yetirməlidirlər. Bu uşaqları sınamaq lazımdı.

 

-  U-17, U-19, U-21 millilərində məşqçilər dəyişmir. 3-4 nəfərdən başqa Azərbaycanda məşqçi yoxdur?
-  Qərarı AFFA rəhbərliyi verir. Tək öz adımdan danışmıram. Bizə də bir seçmə mərhələdə şans verilsin. Cavan məşqçilər arasında araşdırmalar aparılsın, görsünlər ki, kim daha çox oyunçu yetişdirib? 1 xalı hamı qazana bilər. Aşağı yaş qruplarında və əvəzedicilərdə çalışan mütəxəssisləri də sınamaq lazımdır. Digər məşqçilərin özünü göstərməsi üçün şans verilməlidir. Elə bir adama vermək lazımdır ki, məsuliyyəti öz üzərinə götürə bilsin. Düzdür, millidəki həmin məşqçilər də işləyir, çalışırlar. Çox istərdim ki, mümkündürsə, bizi də bir dəfə çağırıb, fikirlərimizi öyrənsinlər. Hər dəfə uduzandan sonra deyirlər ki, Azərbaycanda futbolçu yoxdu və legionerlər dəvət olunur. Son zamanlar uğur qazanan məşqçiləri çağırsınlar və tələb etsinlər. Millidəki həmin məşqçilər haqda heç nə deyə bilmərəm. İşlərinin peşəkarıdırlar. Amma Qazaxıstan və Litvanı uda bilmiriksə, deməli, geri gedirik.

 

- Əgər millidə olsaz, uğursuzluqdan sonra istefa verərsiz?
- Hazırda işləyirik, davam edirik. İstəyirik ki, futbolu inkişaf etdirək. Əlbəttə, uğursuzluqdan sonra istefa verməlisən. Mən belə edərdim. Demək istəyirəm ki, eyni oyunçularla qabağa getmək olmur. Həmin legionerlərlə nəsə alındı? Onlardan bizim futbolçular heç nə öyrənə bilmədi. Eyni adamları uzaqlaşdırmaq və yeniləri dəvət etmək lazımdı. Düzgün seleksiya işləri apararaq futbolçu dəvət etmək lazımdı.

Xəbər xətti