Şahin Diniyev: "Bazası olmayan klubun avrokuboklara yollanması cinayətdir" MÜSAHİBƏ

13:25 - 19 Yanvar 2017

Premyer Liqanın 3-cü dövrəsinin startına çox qalmayıb. Mövsümün ikinci yarısına ölkə xaricində hazırlaşan da var, imkansızlıqdan Bakıda toplanış keçən də. Cəmi 2 elita klubu qış fasiləsində ölkəni tərk etmədi. Onlardan da biri Azərbaycanın 2-ci ən titullu klubu olan “Kəpəz”dir.

 

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçi Şahin Diniyev Newsport.az-a müsahibə verib:

 

“Büdcəmiz transfer etməyə imkan vermir”

 

- Təlim-məşq toplanışı necə keçir?
- Yanvarın 11-dən məşqləri bərpa etmişik. İki gün yüngül məşq etdik. Bundan sonra əsas hazırlıq prosesi start götürdü. Gündə iki dəfə məşq edirik. Səhərlər fiziki hazırlığa, axşamlar toplu çalışmalara üstünlük veririk. Əsas istəyimiz fiziki durumu qaydasına salmaqdır. Bir çox klublar heyətini gücləndirib. Büdcəmiz transfer etməyə imkan vermir. Məcburuq ki, öz futbolçularımızı gücləndirək. Bu səbəbdən ağır yüklənmədən istifadə edirik. Komandadan çox razıyam. Futbolçular başa düşür ki, 3-4-cü dövrələr bizim üçün daha çətin keçəcək. Ona görə də daha çox çalışmalıyıq. Artıq geriyə yol yoxdur. İtirəcəyimiz bir şey qalmayıb. Ölkə kubokunda mübarizəni dayandırdıqdan sonra ümidimizi çempionata bağlamışıq. Mənə elə gəlir ki, Avroliqaya vəsiqə qazanmaq üçün daha çox çalışmalıyıq. Futbolçular da bunu başa düşür. Birinci dəstə klublarıyla yoxlama oyunları keçirərək toplanışı başa vuracağıq. Sauna, hovuz və masaj vasitəsilə yüklənmədən sonra bərpa olunacağıq. İki günlük istirahətdən sonra “İnter”lə oyuna hazırlaşacağıq.

 

- Dario Federiko və Renanı məşqdə görmədik. Bunun səbəbi nədir?
- Onların bileti ayın 10-na idi. İstanbuldakı kəskin hava şəraiti uçuşların ləngiməsinə səbəb oldu. Məndə olan məlumata görə, Rio de Janeyrodan İstanbula 300-dək reys dayandırılıb.

 

- Federiko bu mövsüm də zədədən qaça bilmədi. Ancaq ötən mövsümlə müqayisədə tez sıraya döndü. Əvvəlki formasını bərpa edə bilib?
- Yox. Ona lazımdır ki, yaxşı toplanış keçsin. Fiziki hazırlığını tam qaydasına salmalıdır. Bu məqsədlə onunla fərdi işləyəcəyik.

 

“Uğursuzluğun səbəbini özümdə axtaracağam”

 

- Komandadan nə gedən var, nə də komandaya gələn. Bunun müsbət tərəfi çoxdur, ya mənfi tərəfi?
- Real danışsaq, hər məşqçi istəyər ki, zəif mövqeləri gücləndirmək üçün bir neçə transfer etsin. Buna ehtiyac vardı. Ancaq maliyyə durumumuza görə həyata keçirə bilmədik. Bəzi mövqeləri gücləndirməliydik. Ümid edirəm ki, komandadakı futbolçular məsuliyyəti dərk edəcək. Böyük iclasımız oldu və futbolçularla söhbət etdim. Məncə onlar da vəziyyəti başa düşür. Daha məsuliyyətlə çalışıb zəif nöqtələri aradan qaldıracağıq. 

 

- Transferlərin həyata keçirilməməsi qarşıda qoyulan hədəfə çatmağa problem yaratmayacaq?
- Doğru yanaşmadır. Tamamilə razıyam. Oyun başlayana qədər nəsə səbəb axtarıram. Ancaq oyun başladısa, heç bir səbəb axtarmıram. Mövsüm başlayanda baş məşqçi hədəfi boynuna götürübsə, heç bir bəhanə göstərmədən buna doğru addımlamalıdır. Məsuliyyəti üzərinə alıbsa, axıra kimi işləməlidir. Əlbəttə, transfersiz çətin olacaq. Ancaq mövsümün sonunda hədəfimizə çatmasaq, bunu səbəb göstərməyəcəyəm. Uğursuzluğun səbəbini özümdə axtaracağam.

 

- Gəlin, bu məsələni qətiləşdirək. Pəncərə bağlanana kimi heç bir transfer olmayacaq?
- Bunu ilk dəfə sizə deyirəm. Əli Nuri adlı gənc futbolçu var. U-21 yığmamıza çağırılırdı. Son 2 ayda “Kəpəz”də məşq edirdi. Ola bilər, gənc futbolçu kimi heyətə qataq. Perspektivli futbolçuya oxşayır. Amma onu da böyük transfer saymıram. Gələcəyə hesablanmış addım kimi bu keçidi reallaşdıracağıq.

 

“Orta xətdə problemlərimiz var”

 

- Əvəzedici heyətdən əsas komandaya kimlərisə cəlb etmisiniz?
- İkinci komandadan 6 futbolçu rəhbərliyim altında məşq edir. Hazırlıq prosesində onlara daha çox tapşırıq verirəm. Onların potensialı var. Gələn il “Kəpəz”də gəncəli futbolçuların çoxalmasını istəyirəm. İndi buna çalışıram. Bu gənclərlə də söhbətimiz olub. Onlara şans vermişik. Çalışacağıq ki, onlar növbəti mövsüm əsas komandanın üzvlərinə çevrilsinlər. Hər oyunda əsas komandaya əvəzedicilərdən kimisə cəlb edirəm ki, bu ab-havanı görsün, hiss etsin. Bunlar Əli Səmədov, Fərid Məmmədov, Emin Zamanov, Yusif Cəfərov, Qaraxan Əliyev və Elcan Rəhimovdur. Qarşıdakı dövrələrdə ehtiyac olsa, əvəzedici heyətin bu üzvlərinə də şans verəcəm.

 

- Julien Ebah bu mövsüm qol duyumunu itirib. Onunla fərdi söhbət etmisiniz?
- Bəli. Problemin kökünə getsək, qol vurmadığı üçün təkcə hücumçunun üzərinə getmək doğru deyil. Gəlin, baxaq ki, Ebah qol vurmaq üçün komanda yoldaşlarından nə qədər məhsuldar ötürmə alıb. Bunu analiz etmişəm. Mərkəzdən çox az hallarda topla təchiz olunub. Bu da pleymeyker sarıdan problemin olduğunu göstərir. Vurduğu 4 qol komandanın real durumundan xəbər verir. Orta xətdə problemlərimiz var. Bu gün yalnız Ebahda yox, komandanın özündə hücum qurmaqda problem var. Biz indi bunun üzərində işləyirik ki, çatışmazlığı minimum səviyyəyə endirək. İnanıram ki, mövsümün ikinci yarısında Ebah daha hazırlıqlı olacaq və qollarının sayını artıracaq.

 

“Bazası olmayan klubun avrokuboklara yollanması cinayətdir”

 

- Toplanışı niyə süni örtüklü meydanda keçirsiniz? Axı ev oyunlarınızı təbii örtüklü stadionda keçirirsiniz? Bu, sonra komanda üçün problem yaratmayacaq?
- Bu gün ölkəmizdə həm təbii, həm də sünii qazonlu stadionlar var. 3-cü dövrənin ilk oyununu “İnter”ə qarşı oynayacağıq. “İnter Arena”nın ot örtüyü süni olduğundan hazırlığı sintetik qazonu olan meydanda keçirik.

 

- Çempionatda məqsədiniz nədir?
- 4-cü yeri tutmağı hədəfləmişik. Bu yolla Avroliqaya vəsiqə qazanmaq istəyirik. Avrokubok həyəcanını yenidən yaşamaq pis olmazdı. Gəncəli azarkeşlərə yenidən bu sevinci yaşatmağı arzulayırıq. Yaxşı olardı ki, stadion təmir olunsun və Avroliqadakı rəqibimizi Gəncədə qəbul edək. Doğma azarkeşlər önündə oynamaq möhtəşəm olardı.

 

- Transfer etməyən, bazası olmayan klubun bu hədəfə çatması nə dərəcədə realdır?
- Futbol prizmasından baxsaq, bazası olmayan klubun avrokuboklara yollanması bir tərəfdən cinayətdir, bir tərəfdən qəhrəmanlıq. Qaraçı kimi ora-bura qaçaraq, orda-burda oynayaraq Avroliqaya yollanan komandanın hər bir futbolçusuna abidə ucaltmaq lazımdır. Amma bu gün reallığı qəbul edib bununla addımlamalıyıq. Çünki başqa çıxış yolumuz yoxdur. Hər gün Allaha üz tutub “nə qədər problemim var” deyə şikayətlənən insan deyiləm. Əvvəlki Şahin Diniyev deyiləm. İndi daha təmkinliyəm. Reallıqla barışmışam. Amma komanda sona kimi vuruşacaq. Zəif adamlar səbəb axtarar. Güclü insanlar qarşısına qoyduğu məqsədə çatmaq üçün bütün maneələri darmadağın edib keçməlidir. Başqa yol yoxdur.

 

“Kəpəz” büdcəsinə görə Premyer Liqanın 7-ci klubudur”

 

- Göygöldə sizin üçün baza tikilirdi. Onun aqibəti necə oldu?
- Hazırda bu bazadan xəbər-ətər yoxdur. İşlər nə yerdədir, onu bilmirəm. Bu işlə rəhbərlik məşğul olur. Mənim işim komandayla bağlıdır. Futbolçuları pik nöqtəyə çatdırmağı düşünürəm. Məndə olan bəzi məlumatlara görə, yaxın aylarda stadionumuzda müsbətə doğru dəyişikliklər olacaq.

 

- Stadion AGİN-in balansındadır. Stadionun təmiri üçün nazirliyə müraciət ünvanlanıb? Bu gün klub rəhbərliyi stadionu təmir etdirər, sabah AGİN deyər ki, arenanı tərk edin. Bəlkə rəhbərlik bundan çəkinib stadionda iş görmür.
- Bu sualı klub rəhbərliyinə ünvanlamaq lazımdır. Mən komandayla bağlı məsuliyyət daşıyıram. Bütün maneələrə baxmayaraq irəliləməliyik. Əlbəttə, bizim üçün çətin olacaq. Ancaq çətin qazanılan şey daha şirin olur. Problemlər olmasa, həyat maraqsız olar.

 

- “Neftçi” heyətini xeyli gücləndirib. Məqsədi kuboku qazanıb Avroliqaya yollanmaqdır. Belə olan halda 4-cü yer sizi qane edəcək?
- Bu variant da ola bilər. Hər şeyi zaman göstərər. Kiminsə bədbəxtliyi üzərində xoşbəxtliyimizi qurmaq istəmərik. Əslində “Neftçi” 4-cü yer uğrunda da mübarizə apara bilər. “Sumqayıt” və “Zirə” də həmçinin. Heç AZAL-ın da şansları sıfıra bərabər deyil. Hətta “İnter”ə çatmaq da mümkünsüz deyil. 3 xallıq sistemdə xal fərqini əritmək çətin deyil. Amma biz ilk növbədə öz oyunumuzu, öz nəticələrimizi fikirləşməliyik. Rəqiblərin necə oynaması, nəticələri bizim üçün önəmli rol oynamamalıdır. Hər oyuna 3 xal qazanmaq üçün çıxmalıyıq. Nəyəsə nail olacağımızı zaman göstərər.Mövsümün ilk yarısında oyun baxımından heç bir komandadan geri qalmamışıq. Futbolçuların ustalıq səviyyəsinə, fərdi səhvlərə görə bu gün yuxarı pillələrdə deyilik. “Qarabağ” və “Qəbələ”yə qarşı da başa-baş oynamışıq. Ancaq fərdi ustalıq sözünü deyib. Sizə açıq deyəcəm. “Kəpəz” büdcəsinə görə Premyer Liqanın 7-ci klubudur. Amma büdcə uğursuzluğa səbəb olmamalıdır. Büdcənin kasadlığına, bazanın yoxluğuna görə ağlamamalıyıq. Gəncəli azarkeşlər bizdən nəticə tələb edir. Buna da haqları çatır. Futbolda qazanılan uğur 47 faiz fiziki hazırlıq, 21 faiz taktiki-texniki ustalıq, 20 faiz ənənə, 12 faiz isə psixologiyadan asılıdır. Ənənə deyəndə nəyi nəzərdə tuturam? “Real”ın, “Qarabağ”ın ənənəsi var. Bu komandalar daxili çempionatlarda daim mükafatçılar sırasında yer alır. “Kəpəz”in də ənənəsi var. 3 dəfə çempion olub, 4 dəfə kuboku qazanıb. İndi bu ənənəni davam etdirməliyik. Əsas vəzifəmiz fiziki hazırlığı qaydasına salmaqdır. Çünki az öncə uğurda 47 faiz bu cəhətin rol oynadığını dedim. Əsas məsələ toplanışı harda yox, necə keçməkdədir.

 

“Bu komanda ötən ilkindən güclüdür” 

 

- Şahin Diniyevin kuboka sevgisi niyə yoxdur? Halbuki Avroliqaya ən əsan yol kubokdan keçir.
- Yaxşı və yerində verilmiş sualdır. Pafoslu danışmaq olar. Bu gün sizinlə elə danışaram və sabah saytda elə yazarsız ki, mən qəhrəmana çevrilərəm. Amma bu sözün arxasında dayanmaq çox vacibdir. Gərək dediyini edəsən. Ötən mövsüm komandamın heyəti 2 cəbhədə vuruşmağa imkan vermirdi. Bilirdim ki, çox uzağa gedə bilməyəcəyik. Ən yaxşı halda yarımfinalda ya “Qarabağ”, ya da “Qəbələ” bizi mübarizədən kənarlaşdıracaqdı. Sonda hər iki cəbhədə hədəfimizdən uzaq düşəcəkdik. Amma kubokda çıxışımızı erkən başa vurmaqla bütün gücümüzü çempionata qoya bildik. Bu il tam fərqli idi. Hər iki cəbhədə vuruşacağımızı demişdim. “İnter”lə oyunda 1 dəqiqəyə 2 qol buraxmağımız hər şeyi sıradan çıxardı. Gəncədə nə qədər hücum etsək də, rəqibi üstələyə bilmədik. Ötən mövsüm ikinci “skripka” kimi oynayırdıq. Oyunu əks-hücum üzərində qururduq. Ancaq bu mövsüm oyunumuzu hücum üslubunda qurmuşuq. Hətta “Qarabağ” və “Qəbələ” ilə matçlarımızın müəyyən hissələrində də hücum edən tərəf olmuşuq. Düzdür, hələ bütün oyunu “Qarabağ” kimi hücumda keçirmək iqtidarında deyilik. Bəzi azarkeşlər, jurnalistlər elə fikirləşir ki, ötən ilki “Kəpəz” bu ilkindən güclü idi. Ancaq komandanın içində mənəm. Bu komanda ötən ilkindən güclüdür. Sadəcə, ötən mövsüm rəqiblər bizi ciddiyə almırdı. Hesabı açandan sonra 9-10 futbolçuyla müdafiə olunurduq. Belədə müdafiə xəttini yarmaq çətin olurdu. İndi elə futbolçularım var ki, birinci “skripka” kimi oynaya bilərəm. Evdə meydanın durumuna görə itirdiyimiz xallar rəqiblərlə müqayisədə daha çoxdur. “Sumqayıt”, AZAL və “İnter”lə evdə heç-heçə etmişik. Halbuki bir çoxlarını səfərdə udmuşuq. İndiki futbolçularımızın səviyyəsi daha yüksəkdir.

 

- Məşqdə zədələnən Ceyhun Cavadovun durumu nə yerdədir?
- Ciddi zədəsi yoxdur. Sabahdan komandanın məşqlərinə qoşulacaq. Futbolçular elə böyük həvəslə məşq edir ki, sanki dünya çempionatına hazırlaşır. Komanda daxilində rəqabət var. Bu da baş məşqçi kimi məni sevindirir.

 

- Bir neçə dəfə müdafiəçilərə irad bildirdiniz ki, arxadan vurmasınlar...
- Süni örtüklü meydanda məşq edirik. Belə durumda maksimum dərəcədə məşqdə ehtiyatlı oynamalısan ki, zədədən qaçasan. Oyunçu təbii örtükdə arxadan zərbə alanda ayağını qaçıra bilir. Çünki amartizasiya var. Süni örtükdə isə belə deyil. Ayağın yerində qalır və belədə zədən ikiqat ağır olur. Bu gün futbolçu itirmək limitimiz yoxdur.

Xəbər xətti