Elxan Abdullayev: "Tam hazır olduğumuzu desəm, yalan olar, vaxt lazımdır" MÜSAHİBƏ

18:27 - 24 Yanvar 2017

"Neftçi"nin baş məşqçisi Elxan Abdullayevin Sportnet.az-a müsahibə verib.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- Antalya toplanışını necə dəyərləndirərdiniz?
- 16 gün toplanışda olduq. İlk 10 günü futbolçuların fiziki hazırlığına sərf etdik. Bu da çox vacibdir. Qalan günləri isə texniki və taktiki hazırlığa ayırdıq. Hazırlıq müddətində 5 yoxlama matçı keçirdik və kifayət qədər güclü klublara qarşı oynadıq. Xüsusi olaraq, komandanın gücünü yoxlamaq üçün elə rəqiblər seçdik. Baxmayaraq ki, yüklənmə vardı, komanda sona qədər tapşırıqları yerinə yetirdi. Ümumilikdə toplanışın yaxşı keçdiyini demək olar. Yeni transferlərimiz də həmin oyunlarda çıxış edirdi.

 

- 5 yoxlama oyunun 3-də bərabərlik, 2-də məğlubiyyət aldınız. Bu mənada transferlərdən nə dərəcədə razı qaldınız?
- Futbolçulardan razıyam. Düzdür, çatışmayan cəhətləri var. Ancaq onların səviyyəsini çempionat göstərə bilər. Nəticələr önəmli deyil. Bu matçlar hazırlıq xarakterlidir. Əlbəttə, yeni transferlər də var və ona görə uyğunlaşmaq üçün vaxt lazımdır. Bir çox futbolçunu fərqli mövqedə sınadım. Əsas olan çempionatdır. Orada məğlub olmaqdansa, hazırlıq oyunlarında problemlərimizi görməyim yaxşıdır. Bu, yüksək yüklənməli məşqdir. Son oyunları Premyer Liqanın reqlamentinə uyğun heyət qurmağa çalışırıq. Ancaq hər bir futbolçunu yoxlayırsan.

 

- Paraqvaylı hücumçu Ramon Kardozonu 2 görüşdə sınadınız. Bir görüşdə 90 dəqiqə meydanda oldu, digər oyunda isə 1 qol vurdu. Onu hansı xüsusiyyətinə görə bəyənmədiniz?
- Kardozo keçmişdə güclü futbolçu olub, amma uzun müddətdir futbol oynamır. Paraqvay millisində oynamış futbolçu olsa da, artıq peşəkarlığını itirib. Oyunlar zamanı gördüm ki, bu futbolçu bizə kömək edə bilməyəcək. Ona görə də müqavilə imzalamadıq. Yoxlanışa gələn futbolçu həmişə hazır olmalıdır.

 

- Pavel Paşayevin transferi son anda baş tutmadı. Səbəb nə idi?
- Son ana qədər Paveli gözləyirdik. Amma çıxış etdiyi Ukrayna "Stal"ında dəyişikliklər oldu. Yeni baş məşqçi Leonid Kuçuk Paveli buraxmadı. Paşayevin komandadan ayrılmasını istəmədi, dedi ki, mənə lazımdı.

 

- "Neftçi"nin hücumçu problemi nə zaman həll olunacaq? Artıq transfer pəncərəsinin bağlanmasına az qalıb...
- Bəli. Transfer müddətinin sonuna - fevralın 1-dək heyətimizə 2 əcnəbi hücumçu cəlb edəcəyik. Ancaq adlarını açıqlaya bilməyəcəm. Çünki bizimlə hələ münasibətləri rəsmiləşdirməyib. Hansısa klubda çıxış edirlər. Sabah alınmasa, niyə söz-söhbət olsun?

 

- Araz Abdullayev heç də aşağı səviyyəli futbolçu deyil. İstər texnika, istərsə sürət baxımından yaxşı oyunçudur. Onun "Neftçi"dən getməsinə təəssüflənirsiniz?
- Sizinlə razıyam, Araz yaxşı futbolçudur. Onu buraxmaq fikrimiz yox idi. Sadəcə, "Qəbələ"də oynamaq isdədiyini bildirdi. Səbəbini Arazdan soruşsanız, daha yaxşı olar. Son vaxtlar azarkeşlərlə bir az problemi vardı. Psixoloji təsirlə üzəşirdi. Hansı komandada oynamasından asılı olmayaraq, ona uğurlar arzu edirəm. Təki azarkeşləri sevindirsin.

 

- Artıq bir neçə gündən sonra Premyer Liqada fasilə bitir. Amma "Neftçi"nin xeyli yeni transferi var. Uyğunlaşma müddətini nəzərə alsaq, komandanızın vəziyyəti necə olacaq?
- Bizim başqa yolumuz yoxdur. Yeni futbolçu gəlirsə, bir-birini başa düşməlidir. "Qarabağ" və "Qəbələ" nədənsə şikayət edirsə, deməli, bizdə daha çox problem var. Qurban Qurbanov deyir ki, komanda tam hazır deyil. Orada belədirsə, demək bizdə daha çox problem var. Komandanın tam hazır olduğunu desəm, yalan olar. Bunun üçün vaxt lazımdır ki, öyrəşsinlər.

 

- Buna qədər rəhbərliyin sizə etirazı yox idi. Çünki heyəti siz yığmamışdınız və vaxt lazım olduğunu deyirdiniz. İndi isə istədiyiniz futbolçular "Neftçi"dədir. Sabah yenə uğursuzluq olsa, necə olacaq?
- Mən "Neftçi"yə gələndə klub pis vəziyyətdə idi. O vəziyyətdə komandanı kim götürərdi? O zaman dedim ki, mənə vaxt lazımdır. Futbolçular gətirmişəm, amma nəticə üçün də zamana ehtiyacımız var. Qarşımıza avrokuboka vəsiqə qazanmaq məqsədi qoyulub və buna da çalışacağam. Bundan sonra rəhbərlik işimə qiymət verəcək.

 

- Demək olarmı ki, "Neftçi" gücünü ölkə kubokuna verəcək? Çünki indiki halda Premyer Liqadan Avropa Liqasına yüksəlmək çox çətin olacaq...
- Niyə kubok? 4-cü yeri tutsaq da, avrokuboklara gedirik. Kubok ən qısa yoldur, amma çətindir. Çünki rəqiblər - "Qarabağ", "Qəbələ" və "İnter" komandaları güclüdürlər. Biz əvvəlki oyunlarda lazımsız xallar itirdiyimiz üçün onu geri qaytarmalıyıq. Bu gün "Sumqayıt" 14 oyuna 17 xal yığıbsa, sən 30 xal yığ. İnanmasaydım, burada işləməzdim.

 

- Ruslan Abışovun transferi ilə bağlı nə deyə bilərsiniz? Müxtəlif söz-söhbətlər yayıldı. Amma məsələ bir gecənin içində həll olundu...
- Ruslan bizim klubda oynamaq istəyini bildirdi. Çünki onun beli ilə bağlı problemləri var. Süni meydanda həmişə zədələnir. Hər gecə iynə vururdu. "İnter"in stadionu da süni örtüyə malikdir. Əlbəttə, istərdik ki, bu cür futbolçu bizdə oynasın. Bundan sonra rəhbərlik səviyyəsində danışıqlar oldu.

 

- Həm "Neftçi"nin, həm də Ruslan Abışovun azarkeşlərlə problemləri var...
- Elə düşünürəm ki, heç bir problem yoxdur. Biz toplanışdan qayıdanda da azarkeşlər hava limanında bizi qarşıladı. Onlarla söhbətimiz də oldu. Azarkeşlər Ruslanın keçmişdə "Xəzər Lənkəran"a getməsindən narazı idilər. Ancaq başa düşmək lazımdır. Bəlkə ciddi səbəbləri var? Elə götürək Robert Prosineçkini. Həm "Real Madrid"də, həm də "Barselona"da oynayıb. Bizdə isə belə addımlar atanlara düşmən gözü ilə baxırlar. Bu, düzgün deyil. Azarkeşləri də başa düşürəm. Onlar komandaya görə əsəbiləşirlər. Bütün problemlər uğursuzluqdadır. Hər şey yenə bizdən asılıdır.

 

- Həftəsonu "Qarabağ"la matçınız var. Bu oyun haqda nə düşünürsünüz?
- "Qarabağ" hazırda Azərbaycanın ən güclü klubudur, amma biz də "Neftçi"yik. Bizim də adımız var, qələbə üçün oynayacağıq. Oyuna ciddi hazırlaşır, rəqibə hörmətlə yanaşırıq. Biz çalışırıq ki, bütün oyunlarda mübarizlik nümayiş etdirək. "Qarabağ"ı udmaq istəyirsənsə, daha da güclü və ciddi hazırlaşmalısan.

 

- Jonas Pesallinin gedişi ilə bağlı nə düşünürsünüz? Dedi Braziliya klubundan yaxşı təklif var və getdi. Ancaq birinci liqada çıxış edəcək..
- Pesalli vətəni Braziliyaya qayıtmaq istəyirdi və keçmiş məşqçisi onu öz klubuna dəvət etdi. Bizimlə də müqaviləsi bitmişdi. Biz onu məcburən saxlaya bilməzdik. Çünki bizimlə olan müqaviləsi bitmişdi. Ona "Neftçi"yə göstərdiyi kömək üçün təşəkkür edirik.

 

- Millinin məşqçisi kimi "Bursaspor"dan Robert Prosineçkiyə ünvanlanan təklif barədə nə düşünürsünüz?
- Prosineçkiyə təkliflərin olması normaldır. Yaxşı məşqçiyə təkliflər olur. Mən bu işə yaxşı baxıram. Çünki hər kəs komandasında yaxşı məşqçi görmək istəyir. Prosineçkinin millimizlə müqaviləsi var və işinə hörmətlə yanaşır. İnanmıram ki, Robert harasa getsin. Çünki o, xarakterli və işinə məsuliyyətlə yanaşan adamdır. İnanmıram ki, Prosineçki millini bu vəziyyətdə qoyub getsin.

Xəbər xətti