Nizami Hacıyev: "Paltarlarımı götürüb gedib Prosineçkiyə deyəcəm ki, gəlmişəm, oynamalıyam" MÜSAHİBƏ

00:47 - 14 Fevral 2017

Azərbaycan Premyer Liqasının XVIII turunda “İnter” səfərdə ”AZAL-ı məğlub edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra “sabiq bankirlər”in kapitanı Nizami Hacıyev əməkdaşımızın suallarını cavablandırıb:

 

- Çətinliklə qələbə qazandınız. Oyun haqda nə deyə bilərsən?

- Həqiqətən də asan oyun olmadı. Oyunun birinci hissəsində topu hiss edə bilmirdim. Bəlkə bu, gecəni narahat yatdığıma və ya oyunun tez başlamasına görədi.  Yaxşı ki, son dəqiqələrdə qələbə topunu vura bildik. Komandamıza qələbə gətirən qolu vurduğum üçün özümü yaxşı hiss edirəm. Bu, təkcə mənim yox, komandamızın vurduğu qoldu.  Komanda yoldaşlarımı, azarkeşlərimizi və bizə inanan hər kəsi təbrik edirəm. Son iki oyunda 5 xal itirmişdik və vəziyyətimiz ağırlaşmaq üzrə idi. Komandada maaşlarla bağlı da problem var. Pulumuz olmasa da, mənliyimiz var. İlk növbədə bunu əsas tuturuq. Meydana çıxanda, pul və ya başqa problemlər yaddan çıxır.

 

- AZAL sonuncu pillədə getsə də, çox çətin qələbə qazandınız. Səncə, bunun səbəbi nədir?

- AZAL yaxşı komandadı. Kimsə fikirləşməsin ki, sonuncu pillədə getdikləri üçün zəifdirlər. Bu gün yaxşı qol vəziyyətləri yaratdılar və layiqli mübarizə apardılar. Onlara gələcək oyunlarda uğurlar arzu edirəm.

 

- Gecə narahat yatmağının səbəbi “İnter”dəki problemlərlə bağlı deyil ki?

- Bu barədə həqiqətən çox fikirləşirəm. Neçə illərdi ki, “İnter”də oynayıram. Kapitan sarğısını mənə həvalə ediblər. Buna görə baş məşqçimiz və mənə güvənən insanlara təşəkkür edirəm. Təbii ki, pulsuz qalmayacağıq. Elə futbolçulara malikik ki, gedib hardasa çörəyimizi qazanacağıq. Ancaq inanın ki, uzun illərdi qurduğumuz imperiya dağılmaq üzrədir.

 

- Məsələ bu qədər ciddidir?

- Mən hər şeyi açıq danışıram. Sağ-sol getməyin mənası yoxdur. “İnter” çempionatda medalçılar sırasına düşməsə, Avrokuboklara vəsiqə qazanmasa, kitabı bağlandı.

 

- Amma nəzərə almaq lazımdır ki, medalçılar sırasına düşmək şansınız çoxdur. O zaman vəziyyət necə olacaq?

- Əlbəttə, şansımız var. Ancaq gələn ilin yayına qədər transfer edə bilməyəcəyik. Futbolçularla da müqavilə başa çatır. Ən azı eyni maaş qalmalı,  futbolçularla yeni müqavilə imzalanmalıdır. Əvəzedici komanda ilə oynamaq real deyil. Bu komandanı Avrokuboklara çıxarmaq, ən əsası hazırkı əsas heyət üzvlərini saxlamaq lazımdır. Futbolçularla yeni müqavilələr imzalansa, bilərsən ki, rahatsan, maaşını alacaqsan. Buna görə də, hazırda “İnter”in məqsədi mükafatçılar sırasına düşməkdir. Bundan sonra klubun ömrünü daha 1 il uzada bilərik.

 

- Bütün çətinliklə zamanı hər şeyi sən açıb-abardırsan. Bu, komandada kapitan olmağından irəli gəlir, yoxsa digər futbolçular danışıb özlərini yormaq istəmirlər?

- Mən komanda yoldaşlarım haqda hər-hansı fikir bildirmək istəmirəm. Kapitanamsa, ilk sözü mən deməliyəm. Həm ictimaiyyətə, həm dostlarıma, həm də komanda yoldaşlarıma. Elə məsələlər olur ki, mənim xəbərim olur, komanda yoldaşımın yox. Belə vəziyyətlərdə nəyisə öz içimdə saxlamağı bacarmıram. Çünki klubda olan problemləri onlara deməliyəm. Mənim üçün hamıdan önəmlisi meydanda olan futbolçulardır, komanda yoldaşlarımdır. Onların hamısı mənim qardaşlarımdır.

 

- AZAL-ın qapıçısı Aqil Məmmədov karyerası ərzində ən gözəl qolu buraxdığını dedi. Dedi ki, Nizaminin qolu mövsümün ən yaxşı qolu seçilə bilər...

- Bu, ilin qolu seçilsə, Aqilə qonaqlıq verəcəyəm.

 

- Oyundan sonra soyunub-geyinmə otağına gedərkən aqressiv idin və millimizin baş məşqçisi Robert Prosineçkiyə maraqlı ismarıclar göndərirdin...

- Bəs, necə olum? Mən millidə oynamaq, bu ölkəni təmsil etmək istəyirəm.

 

- Bəs, sənin milliyə yolunu bağlayan nədir?

- Vallah, hələ də bilmirəm. Kimin çağırmasından asılı olmayaraq, milliyə dəvət gözləyirəm və əlimdən gələni etməyə hazıram.

 

- Bəlkə özün millinin toplanışına formanı götürüb gedəsən...

- Axırda elə olacaq. Paltarlarımı götürüb gedib Prosineçkiyə deyəcəm ki, gəlmişəm, oynamalıyam.

 

- Robert Prosineçkiyə ismarıcınız var?

- Mən ona nə deyim? Allah köməyi olsun. Demək istəyirəm ki, kimlər milliyə layiqdirsə, onları da dəvət etsinlər.

 

- Millimizin baş məşqçisi hansısa futbolçunun dəvət üçün adı hallananda özündən çıxır. Bəlkə bu barədə danışmayasan, sən deməmiş özü dəvət etsin...

- Məni dəvət etmək fikirləri varsa, verdiyim açıqlamalara baxmamalıdırlar. Heç kimin haqqında girmirəm, kimisə təhqir etmirəm və artıq-əskik danışmıram. Sadəcə, Azərbaycan millisində oynamaq istəyirəm. Əgər zəifəmsə, göstərdiyim oyun qaneedici deyilsə, başqa məsələ. Yox, əgər mən istənilən səviyyədə çıxış edirəmsə, bunu özümdən çıxarmıram ki...Hər şey göz qabağındadır. Xahiş edirəm, buna bir çarə tapsınlar. (Futbol11.az)

Xəbər xətti