Sabiq "Qəbələ"lidən şok açıqlama: "Başqa klub zənn edərək müqavilə imzaladım"

11:49 - 14 Fevral 2017

"Qəbələ"nin sabiq futbolçusu Serj Cehua maraqlı açıqlaması ilə diqqət çəkib.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı hücumçu 2014-cü ildə səhvən başqa kluba keçdiyini bildirib. Belə ki, kot-d-ivuarlı forvarda Türkiyənin "Cizrəspor" klubu təklif göndərib. Cehua isə "Cizrəspor"u "Rizəspor" zənn edib və təklifi qəbul edib:

 

"Türkiyənin "Cizrəspor" klubundan təklif almışdım və bunu qəbul etdim. Çünki "Cizrəspor"u "Rizəspor" başa düşmüşdüm. Hava limanında ayılmışdım. Biletimin üzərinə diqqətlə baxanda gördüm ki, Rizə deyil, Cizrə yazılıb. Hara olduğu haqda artıq dəqiq məlumatım yox idi. Cizrəyə gedəndə məni ən böyük futbolçu kimi qarşıladılar. Ancaq orada az oynadım. Məlum hadisələrdən sonra ayrılmaq qərarına gəldim, qorxmuşdum".

 

Xatırladaq ki, Cehua 2011/12-ci il mövsümündə "Qəbələ"də çıxış edib. O, 9 oyuna 2 qol vurmağa müvəffəq olub.

 

Əlavə edək ki, Türkiyənin "Antalyaspor", "Boluspor" kimi klublarında çıxış edən Serj Cehua hazırda karyerasını aşağı liqa təmsilçisi olan "İğdır Arasspor"da davam etdirir.

Xəbər xətti