Tüdora Robert Prosineçki nümunəsi

10:51 - 15 Fevral 2017

Baş məşqçisi Yan Olde Riekerinklə yollarını ayıran "Qalatasaray" digər Superliqa təmsilçisi "Karabükspor"un çalışdırıcısı İqor Tüdorla anlaşıb. 

 

Sportal.az xəbər verir ki, "Karabükspor"da uğurlu mövsüm keçirən Tüdor "Qalatasaray"la anlaşmaqla tənqid hədəfinə çevrilib. Belə ki, Türkiyənin bir neçə tanınmış idman yazarı 37 yaşlı xorvatiyalı çalışdırıcının ünvanına xoş olmayan ifadələr səsləndiriblər. Onlar Tüdorun "Karabükspor"u yarıyolda buraxmasını düzgün hesab etmirlər. 

 

Qardaş ölkə mətbuatı bu durumda Tüdora hazırda millimizdə çalışan həmyerlisi Robert Prosineçikini misal gətirib. Məsələ burasındadır ki, Prosineçki "Kayserispor"da uğurlu mövsüm keçirdiyi zaman İstanbul nəhəngi "Beşiktaş"dan təklif alsa da, həmin təklifi dəyərləndirməkdən imtina etmişdi. Prosineçki həmin vaxt "Kayserispor"a olan sevgisini belə nümayiş etdirmişdi: "Pul mənim üçün o qədər də önəmli deyil. Mən Türkiyəyə "Kayserispor" klubunun rəhbərliyinin təşəbbüsü ilə gəlmişəm və burada yaxşı karyera qurmuşam. Ona görə də, "Beşiktaş"a getməkdən imtina edirəm". 

 

Əlavə edək ki, Prosineçki bir müddət əvvəl "Bursaspor"dan gələn təklifi qəbul etməmişdi və yığmamızda qalmağa üstünlük vermişdi.

Xəbər xətti