"Zirə" - "Qəbələ" matçının hakiminə 5 oyunluq cəza

12:53 - 16 Fevral 2017

Beynəlxalq dərəcəli hakim Zeynal Zeynalov Azərbaycan Premyer Liqasının XVIII turunun "Zirə" - "Qəbələ" matçında səhvlərə yol verdiyi üçün cəzalandırılıb.

 

Sportal.az-ın  "Report"a istinadən yaydığı xəbərə görə, bu barədə AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib. O, yan xətt hakiminin qarşıdakı 5 görüşdən kənarda qalacağını açıqlayıb. Görüşün baş hakimi Əliyar Ağayev isə heç bir cəzaya məruz qalmayıb.

 

Xaqani Məmmədovun fikrincə, FİFA referisi həmin görüşü yüksək səviyyədə idarə edib: "Baş hakim üçün epizodu görmək çətindirsə, o, laynsmanın səhvinə görə məhsuliyyət daşımır. Bu səbəbdən, Zeynal Zeynalov ağır cəzaya məruz qalıb".

 

Xaqani Məmmədov bildirib ki, artıq Premyer Liqa matçlarında səhvə yol vermiş hakimlər əvəzedicilərin çempionatına və ya I Divizionun oyunlarına təyinat almayacaqlar: "Bu ildən cəzaları ağırlaşdırmışıq. Əvvələr Premyer Liqada səhvə yol verən hakimləri formalarını itirməmək üçün əvəzedicilərin çempionatına və ya I diviziona göndərirdik. Daha belə hallar olmayacaq. Səhvə yol verənlər 5 oyunluq cəzalanacaqlar. Yəni, nöqsanı olan təxminən 1 ay kənarda qalacaq. Bunu da qonorara çevirəndə, 3 minə yaxın pul edir".

 

Qeyd edək ki, Zeynal Zeynalov "Qəbələ" ilə qarşılaşmanın uzatma dəqiqələrində "Zirə"nin bərabərlik qolunu vurduğu epizodda qayda pozuntusunu qeydə almayıb. "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Zeynal Zeynalovun dəfələrlə "qırmızı-qaralar"a qarşı qərəzli davrandığını açıqlayıb.

Xəbər xətti