Rəşad Sadıqov: "Hakim səhv penalti təyin etsə, yenə vurmayacağıq" MÜSAHİBƏ

17:25 - 17 Fevral 2017

"Qarabağ"ın və milli komandamızın kapitanı Rəşad Sadıqov Futbol11.az saytına müsahibə verib.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- Artıq rəsmən məşqçilik karyerasına başlamışız. Bu fikir necə yarandı və özünüzü bu sahədə necə hiss edirsiz?

- Düzü, ilk fikrim oxumaq, maariflənmək idi. B kateqoriyasına yiyələnmək üçün kurslara qatıldım və bunu əldə etdim. Ondan sonra nə belə bir fikrim var idi, nə də bunu ağlımdan keçirmişdim. Avstriyada təlim-məşq toplanışında idik. Elə oldu ki, U-19 yaş qrupumuzda baş məşqçi postu boş qaldı. Məşqdən sonra restoranda Qurban müəllim, Elçin Rəhmanovla birlikdə çay içirdik. Qurban müəllim dedi ki, "bəlkə məşqçi elə sən olasan?" Mən də dedim ki, ciddisiz? Qurban müəllim də "hə" cavabını verdi. Və beləcə bu söhbət yarandı. Məşqçiliyə başlayandan sonra da "A"-nı oxudum. İndi də görürəm ki, artıq bu işin içindəyəm. Öyrənirik, maariflənirik, mənim üçün təcrübədir. Amma bilmirəm, gələn il davam etdirəcəm, yoxsa yox. Sadəcə olaraq, bu iş çox enerjimi və vaxtımı alır. Çalışıram ki, bir işi öhdəmə götürdümsə, ona məsuliyyətlə yanaşım. Fikirləşirəm ki, hələlik pis alınmır.

 

- Öz məşqçilik potensialınızı necə görürsüz?

- Hələ bu barədə danışmaq çox tezdi. Mənim hələlik futbolçu, kapitan potensialım var. Məşqçiliyə keçidi görək nə dərəcədə effektli alınacaq. Kənardan hamı deyir ki, pis alınmamalıdı. Amma bu, ayrı bir peşədi. Düşünürəm ki, bu peşənin incəliklərini də yaxşı öyrənməliyəm. Əks halda gələcəkdə problemlər yaşaya bilərəm. 

 

- O fikirlərlə razısızmı ki, Rəşad Sadıqov meydanda oynayan məşqçidir?

- Xeyr. Bir çox klublarda lider, aparıcı, kapitan futbolçular olur. Onlar da meydançada məşqçinin verdiyi tapşırıqları təkrarlayır. Dünya standartında olan bir şeydi, yeni deyil. Mən futbolçuları daha çox motivasiya edirəm. Taktiki bir şey desəm də, bu, Qurban müəllimin tapşırığıdır. 

 

- Rəşad Sadıqov məşqçiliyə başlayarkən futbolçu ikən ona öyrədilənləri tətbiq edir, yoxsa tələbələrinə müasir futbolun incəliklərini mənimsədir?

- Daha çox müasir futbol düşüncələrini həyata keçirirəm. Ferqyussonun qızıl bir deyimi var: "mənim əsas üstünlüyüm odur ki, futbol daima dəyişirdi, mən də o futbolla birlikdə dəyişirdim". Bir məşqçi eyni taktika, oyun üslubu üzərində dayansa, uğur qazana bilməyəcək. Futbol dəyişir və buna uyğun addımlar atmalısan. Mən də çalışıram ki, müasir futbolun elementlərindən daha çox istifadə edim. İşimi belə qurmuşam.

 

- Məşqçi kimi necəsiz, futbolçu olduğunuq qədər əzmkar, mübariz, yoxsa daha fərqli?

- Hələ ki, meydanda futbolçu olaraq tanıdığınız Rəşad kimi məşqçiyəm. Bəlkə gələcəkdə nəyisə dəyişəcəm. 

 

- Ferqyusson, Konte, Mourinyo, Enrike və Qvardiola kimi məşqçiləri sadəcə, virtual olaraq izləyə bilirik. Ən yaxınınızda olan isə Qurban Qurbanovdu. Ondan nələri öyrənmisiz?

- Çox şeyi var. Məşq üslubu, səbrli olması, tatikası... Keçmişdə işlədiyim məşqçilərdən də nələrisə mənimsəmişəm. Prosineçkinin futbolçularla ünsiyyət qurmaq bacarığı var. Bunu çalışıram ondan oğurlayım. Mənim üçün ən böyük üstünlük və təcrübə Qurbanovla Prosineçkidir. Əcnəbi məşqçilərdən də oyun üslubuna görə Yurgen Kloppu bəyənirəm. Konteyə çox hörmət edirəm. Amma beşli müdafiə sisteminə görə, oyun üslubunu xoşlamıram. Simeone və Kloppun həm oyun üslubu, həm də meydanın kənarında futbolçularla ünsiyyəti və münasibətini xoşlayıram. Qvardiolanın bəzi şeyləri "Mançester Siti"yə gəldikdən sonra məni açmadı. Düşünürəm ki, bir məşqçi düşdüyü vəziyyətə görə oyun qurmalıdı. Amma o, "Barselona"da oynatdığı futbolu sərgiləməyə çalışdı. Nəticədə onun qurbanına çevrildi. Gərək əlində material olsun. Görürsən ki, o da oyun fəlsəfəsini dəyişib. "Vest Hem" üzərində 4:0 hesablı qələbə qazandı, 3 qolu əks-hücumda vurdular. Öyrəşmişik ki, Qvardiola daima dominant, kombinasiyalı futbol oynatsın. Bütün bunları yaxından izləyirəm.

 

- Bilirik ki, "Qarabağ"da özündənrazı futbolçu ola bilməz. Çünki Qurban Qurbanov üçün intizam bir nömrəli şərtdir. Bəs, siz necə düşünürsüz? Uğur qazanmaq üçün intizam bir nömərlidirmi?

- İntizam ən vacib amillərdən biridir. Mən U-19-u yeni götürəndə əsas gücü intizama vermişdim. İntizam olmayan yerdə heç vaxt nəticə olmayacaq. Gec-tez hardasa partlayacaq. 

 

- Bəs, super oynayan futbolçu intizamsız olsa?

- Birinci mərhələdə çalışaram komandada saxlayım. Hər məşqçinin öz metodları var. Çalışram onunla dil tapım, futbolçunu ələ alım. Görsəm ki, alınmır, kollektivə ziyanı var göndərərəm. Onsuz da intizamsız futbolçu sənə faydalı olmayacaq. Bir oyun yaxşı oynayacaq, digərində zəif, növbəti matçda "qırmızı" alacaq, kollektivi pozacaq.

 

- Uzun illərdi Qurban Qurbanovla çiyin-çiyinə çalışırsız. Sabahsı gün başqa bir komandanın baş məşqçisi olaraq, onunla üz-üzə gəlsəz, Qurban bəydən öyrəndikləriniz müəlliminizə qalib gəlməyə kömək edər?

- Oyun fəlsəfəmiz bir balaca Qurban müəllimin taktikası ilə fərqlənir. Düzünü bilmək istəyisizsə, bir məşqçi kimi heç vaxt onunla qarşılaşmaq istəmərəm. Hələ ki, belə düşünürəm.

 

- Güclü məşqçi olduğu üçün, yoxsa dostluq münasibətdinən irəli gəldiyinə görə?

- Güclü məşqçidir. Bilirəm ki, onun komandasına qarşı oynamaq çətin olacaq. Mən də məğlub olmağı sevmirəm. Bundan başqa yaxın münasibətlərimiz var. Mən də ki, meydandan kənarda çılğın olmağa çalışıram. Çalışıram deyəndə ki, bu, özümdən asılı deyil. Fikirləşirəm ki, meydandan kənardakı çılğınlığım Qurban müəllimi əsəbləşdirəcək. Mən də sussam, bilirəm ki, komandam yaxşı oynamayacaq. Bəlkə də fərqli olacaq. Amma çox istəyərəm ki, ona qarşı oynayım. Yoldaşlıq görüşü istəyərəm, amma rəsmi matç bilmirəm. İstəyərəm ki, iki heyət olsun. O bir heyət, mən bir heyət. Öz inkişafım üçün belə şeylər istəyərəm. 

 

- Futbol peşəkarların oyunudu və sizin də nə qədər peşəkar olduğunuza hər kəs bələddi. Yəni, sabahsı gün bir-birinə rəqib olmaq da var. Məsələn, bir vaxtlar eyni komandanın uğuru üçün çalışan Fatih Terimlə Bülənt Qorxmaz da məşqçi kimi üz-üzə gəliblər.

- Təbii ki, mən sabah hansısa komandanın "sükanı arxası"na keçsəm və rəqib olaraq meydana çıxsaq, qırğın olacaq. Orda variant yoxdu ki, kimsə kiməsə güzəşt etsin. Buna əminəm. Bilsəm ki, Qurban müəllimin çempionluğu bu oyundan asılıdı, son damlama qədər mübarizə aparacam. Biz çalışırıq ki, hər şeyi halallıqla edək. Qismətimizdə varsa, olacaq, yoxdusa, olmayacaq. Onsuz da bugünə qədər əyriliklərə əl atan heç nədən xeyir görməyib. 

 

- "Qarabağ"ın əsas komandasına köməkçi məşqçi kimi işləməyiniz Qurban müəllimin gələcək planlarına daxildirmi?

- Düzü, planımda elə Qurbanovun köməkçisi olmaqdı. Gələcəkdə necə olacaq, indidən deyə bilmərəm. Ondan öyrənəcək çox şey var. Düzü, indi başqa təklif də yoxdu. Bəlkə, futbolçu karyeramı başa vurandan sonra başqa bir təklif olacaq? Amma bu gün görsənən odur ki, Qurban müəllimin yanında köməkçi işləmək istəyirəm. Tələsmək lazım deyil. Gecə-gündüz əziyyət çəkirəm ki, sabahsı gün mənə başqa klubdan təklif olsa, buna hazır olum. Boşuna U-19-la uğraşmıram, boşuna oxumuram, maariflənmirəm ki, "yox" deyə bilməyəcəyim təklifə hazır olum.

 

- İndi isə keçək kapitanı olduğun "Qarabağ"a. Bundan sonra komandanın çempionluq şanslarını necə dəyərləndirirsiz?

- "Qəbələ"ni bir balaca da olsa, daha şanslı görürəm. Çünki "Qarabağ"ın heyətində çoxsaylı itkilər oldu. Aparıcı futbolçularımızı itirmişik. Bu gün heyətinə görə "Qəbələ" bizdən daha güclüdür. Mübarizə aparacağıq, əlimizdən gələni edəcəyik. Əsas rəqibimiz də çox artırıb, güclənib. Heyətləri bizimkindən geniş olduğuna görə, ola bilər ki, çempionatın sonlarına yaxın onlara daha faydalı olsun.

 

- Ayın 19-dakı oyunu finala bərabərə qarşılaşma hesab etmək olar?

- Çox önəmli oyundu. Oyundan sonrakı nəticəyə bağlıdı. Ola bilər ki, qırılma nöqtəsi olsun, və ya əksinə çempionat daha da qızışsın. Hər üç nəticədə bir şeylər baş verə bilər. Çempionatın bəlkə də ən önəmli oyunudur. 

 

- Oyunöncəsi atmacalar sizə mənfi təsir etmir?

- Biz çalışırıq ki, bu şeylərə fikir verməyək. Bu məsələdə yetərincə təcrübəmiz var. İlk dəfə deyil ki, bu durumla qarşılaşırıq. 

 

- "Qarabağ"ın bu məsələdə tam peşəkarlaşdığını demək olar?

- Tam olmasa da, maksimum çalışırıq ki, peşəkar mövqe göstərək. Ucuz-ucuz dialoqlara, atışmalara getmərək. Çalışırıq ki, komandanın adına layiq davranaq.

 

- Çempionluq uğrunda mübarizə apardığınız bir zamanda Reynaldonun "Adanaspor"a transfer olunması doğru addım idi?

- Ümumiyyətlə, bizim məşqçilər korpusunun atdığı bütün addımları dəstəkləyirəm. Boşuna bu klubda heç vaxt addım atılmır. Bəzən açıqlamalar olur ki, düzgün addım deyildi, getməməli idi, daha əvvəl satılmalıydı. Bu barədə bir balaca açıqlama verim. Reynaldoya görə, 2,5 milyonluq təklif olanda, satmadıq. Amma bir ay sonra "Yanq Boyz"la oyunlara çıxdıq. Reynaldo həmin oyunlarda möhtəşəm oynadı və qalib gəldik, qrupa düşdük və 3,5 milyon pul qazandıq. Bəzən insanlar danışır, amma məsələyə daha geniş, daha peşəkar yanaşmırlar. Reynaldonu daha əvvəl satsaydıq, önəmli qarşılaşmalarda oyunçumuz olmayacaqdı. Bəlkə də qrupa düşə bilməyəcədik. Yəni, 2,5 milyonu artıqlaması ilə çıxartdıq. Meyvə yetişəndə artıq onu dərmək lazımdı. Mən də fikirləşirəm ki, indi Reynaldonun getmək, başqa çempionatda oynamaq vaxtı çatmışdı. Bir az dəyişikliyə ehtiyac var idi. Futbolçular elə olur ki, bəzi çempionatlardan, eyni titullardan doyur. Qurban müəllim də bu addımı boşuna atmadı. 

 

- Onunla bağlı hansı xatirələriniz var?

- Çox maraqlı oyunçu idi. Xarakterli futbolçuydu. Qələbə qazanmaq üçün rəqiblərdən çəkinmirdi. Yeni gələndə zaraftçıl idi. Ən gülməli hadisə ilk oyunu idi. Məşqçilər korpusu onu sol yarımmüdafiəçi qoymuşdu. O isə sağda oynayırdı. Onu sağdan sola gətirə bilmirdik. Hamımız bir-birimizə baxırdıq ki, bu niyə belə edir? İkinci hissədə isə əvəzləndi. O zaman çox tənqid olunurdu. Tədricən ağıllı futbol oynamağa başladı. Öz fərdi keyfiyyətlərini inkişaf etdirməklə yaxşı oyunçuya çevrildi.

 

- Azarkeşlər ona "king" deyirdi. Razısız bu fikirlə?

- Azareşlər belə düşünürsə, deməli, onların fikri ilə razılaşmaq lazımdı. Biz futbolu onsuz da onlar üçün oynayırıq.

 

- Dino Ndlovu ilə müqayisə aparsaq?

- İki fərqli futbolçudu. Dino daha çox fərdi gücə üstünlük verir. Bizim həmişə belə tipli hücumçuya ehtiyacımız olub. Çünki hücumda rəqib müdafiəçilərə qarşısında cılız qalırdıq. Amma Reynaldo daha sürətli, driblinqli futbolçu idi. Hər ikisinin öz yeri var.

 

- Amma, iki qoçun başı bir qazanda qaynamadı...

- Sadəcə, Qurban müəllim belə qərar verdi ki, Reynaldo satılsın. 

 

- Riçard Almeyda rahatlıqla daha güclu çempionatda oynaya bilər. Komandanızda daha kimlər bu gücə sahibdir?

Miçeldi, Bədavidi. Ansi artıq mənim kimi qocalıb, gecdi. Bu futbolçular digər çempionatlarında rahatlıqla oynaya bilər. Qara Qarayevlə də bu barədə söhbətimiz olub. Yaxşı potensialı var. İşinə ciddi yanaşır. Tək-tük yerli futbolçulardandı ki, peşəkarlığı yüksək səviyyədədir.

 

- Almeydanın "Qarabağ" üçün önəmli futbolçudu. 4 oyunluq cəzalanandan sonra nə düşündüz?

- O cəza çox idi. Orda 4 oyunluq cəza üçün bir şey yox idi. İndi bu barədə danışmaq istəmirəm. Birinci dəfədi görürəm ki, Azərbaycan çempionatında iki futbolçunun baş-başa toxunmasına 4 oyunluq cəza verirlər. Bizim üçün böyü itki idi. Hər bir komandada belə anlar olur. Aparıcı futbolçunun yoxluğunda çətinlik çəkirsən. 

 

- Azərbaycan futbolunun cikini də, bikini də bilirsiz. Sizcə, sakit çempionatın keçməsi yaxşıdı, yoxsa qalmaqal, ajeotaj olmalıdı?

- Ehtiyac varsa, qalmaqal olsun. Amma bu, süni şəkildədisə, tərəfdarı deyiləm. 

 

- Son baş verənlər süni şəkildədi?

- Mənə görə bu mövsüm baş verənlərin 60 faizi süni şəkildədi. Bəli, bizim xeyrimizə hakim səhvləri var. Rəqiblərimizin də xeyrinə və ziyanına hakim səhvləri var. 20 ildi ki, futbolun içindəyəm. Görürəm ki, bəzi şeylər sünidir. Çempionatı beş barmağım kimi tanıyıram. Hamılıqla fikrimizi futbola yönəltsək, daha faydalı olar.

 

- "Qarabağ" hakim səhvlərinə görə artıq bir dəfə təyin edilən haqsız penaltini bilərəkdən qapıdan kənara vurub. Bu, xarici KİV-də də öz əksini tapdı və "respect" olaraq qəbul edildi. Düşünmürsüz ki, komandanız ikinci dəfə bu addımı atsa, bir az qeyri-səmimi alınar?

- Açıq-aşkar görsək ki, penalti deyil, biz onu yenə böyük ehtimal bilərəkdən əyri vuracağıq. Bu yaxınlarda belə bir hal oldu. Çox adam bunu görmədi. "Neftçi" ilə oyunda penaltini vurmaq istəmirdik. Fasilə götürmüşdük, məşqçilərimiz təkrara baxırdı. VİP-ə zəng vurub, gözlədik. Deyiləndə ki, xəttin üstüdədi, ondan sonra yerinə yetirdik. Xəttin çölündə olsaydı, vurmayacağdıq. Son qərarı mən vermirəm. Hakim səhv penalti təyin etsə, biz yenə vurmayacağıq. Amma mən onu demirəm ki, birdən bizim qapımıza olmayan penaltini təyin etsələr, rəqiblər vurmasınlar. Bu, artıq cızığından çıxmış hal olar. Hakim o səhvi buraxmamalıdır. Biz ümumiyyətlə, ədalətin tərəfindəyik. Qələbəmizə kölgə salınmasını istəmirik. Son 7-8 ildə Azərbaycanda bizim qədər hakim səhvi ilə qarşılaşan ikinci bir komanda yoxdu. Hərdən bizi qınayırlar ki, niyə danışmırsız? "Anderlext"lə səfər oyununun 45-ci dəqiqəsində 1:2 hesabı ilə geridəyik, Armenterosu cərimə meydançasının daxilində yıxılarlar. "Qırmızı" və penaltidi, qol olsa hesab bərabərləşir və 10 nəfərə qarşı oyanacaqdıq. Udsaq, qrupdan çıxacaqdıq, amma səsimizi çıxarmadıq. Biz nə vaxt hakimlikdən danışmışıq ki? Bizim əsas işimiz futbol oynamaqdı. 

 

- "Qəbələ" və "Qarabağ"ın oyunlarında baş verən hakim səhvlərindən sonra sanki referilər sizə qaşrı aqressiv olublar. Düşünürlər ki, bu komandaların oyunlarına çıxanda onları "sıxacam". Amma əksinə, yenə səhvə yol verirlər...

- Tamamı ilə razıyam. "Qəbələ" və "Qarabağ"ın xeyrinə olan səhvlər ondan irəli gəlir ki, biz dominant futbol oynayırıq. Daha çox rəqib komandanın cərimə meydançasına düşürlər, birə-bir driblinqlərə gedirlər, daha çox zərbələr, asmalar olur. Buna görə də hakimlərin onların lehinə səhv etmə limiti daha çox olur. Bu da normal bir haldı. Oyun ərzində 100 hücum edirəmsə, hakim ikisində səhvə yol verəcək. İngiltərə, İspaniyada, Türkiyədə də belədi. Hakimlər indi çox basqı altındadı. Təzyiqlə üzləşəndə səhvlər artmağa başlayır. 

 

- Hansı hakim oyunuza təyinat alanda "ey vah" deyirsiz?

- Hər komandada belə şey olur. Düşünürsən ki, bu hakim gəldisə, aləmi bir-birinə qatacaq. Elə hakimlər olur ki, psixoloji cəhətdən oyuna hazır deyil. Elə hakim də var ki, oynamağa imkan vermir. Hər dəqiqə fit çalır. 

 

- İngiltərə futbolunda olan sərtliyə bizim hakimlər Azərbaycam çempionatında icazə versə, nə baş verər?

- Bilirəm ki, sərtliyə icazə verilsə, komandalar ağını çıxartacaq. Bir-birilərinə şillə-təpik atacaqlar. Onun da dozasını bilmək lazımdı. İngiltərədə uşaqlıqdan elə böyüyürlər. Sərtliyin, kobudluğun nə olduğunu bilirlər. Bizdə sərtliklə kobudluğu ayıran futbolçular çox nadirdi.

 

- "Qəbələ" - "Qarabağ"ın matçının öhdəsindən hansı hakim gələ bilər?

- Çox istəyərəm ki, əcnəbi hakim olsun. Kim təyin olunsa, təzyiq altında olacaq. Kömək yox, səhv etməkdən qorxacaq. Biz rəsmi təklif etməmişik. Klublar sözü bir yerə qoysa, bizim də komanda bunun tərəfdarı olacaq ki, final, derbi oyunlarına əcnəbilər dəvət olunsun. Ola bilər ki, mənə aid olmayan məsələni danışıram. Bu sahədə təcrübəm yoxdu. Amma ola bilər ki, 5-6 federasiya ilə müqavilə imzalansın və oyuna qədər hakimin haradan olacağı ilə bağlı heç kimin məlumatı olmasın. Mən bununla bizim haimləri tənqid etmirəm. Yaxşı hakim qıtlığı var. Cəmi 7-8 hakim var. Bəzən yorğun, bəzən də psixoloji cəhətdən hazır olmurlar. Bir də görürsən ki, eyni hakim ardıcıl ikinci oyununda fit çalır. Onların da dincəlməyi lazımdı.

 

- Ötən ilin yekunlarına əsasən keçirilən bütün sorğuların nəticəsində "İlin oyunçusu" seçildiz. Yəqin ki, karyeranızın sonuna yaxın belə bir uğur sizə daha da güc verir?

- Əlbəttə. Çox sevindirici haldı. Cavanlıqda bu qədər sevinmirdim. Mənim üçün xoş oldu.

 

- Bunu cavanlarla meydan oxumaq kimi qəbul etmək olar?

- Əslində, cavanlara meydan oxumuram. Çalışıram ki, işimə köklənim. Kiməsə də nəyisə sübut etməyə çalışmıram. Mənə göstərilən ümidləri doğrultmağa çalışıram. Əslində belə bir fədəkarlıq yoxdu. O qədər fədəkar insanlarımız var ki.

 

- Son sual: Bu məsələ sosial şəbəkələrdə çox müzakirə olunur. Niyə əcnəbi futbolçular cəbhə bölgələrinə gedir, hərbiçilərlə, şəhid ailələrlə görüşür, amma bizimkilər yox. Bəlkə də görüşürlər, bizim xəbərimiz yoxdu.

- Kiməsə bir kömək edirsənsə, çətin günündə yanında olursansa, bu məsələ ictimailəşməməlidir. Bu, mənim şəxsi fikrimdi. Allah buyurub ki, sol əlin verdiyini sağ əl bilməmlidi. Deməli, bərəkət də bundadı. Nə qədər ictimaliləşməsə, o qədər yaxşıdı. Bir şeyi edəndə də gərək ürəkdən edəsən, səmimi olasan. Belə olamayanda, gördüyün işin bir mənası, məntiqi qalmır. Cəbhə bölgəsinə gəlincə, bir neçə futbolçu yoldaşlarımızla getmək istəyirdik. Sadəcə, bizə bildirildi ki, buraxılmayacaqsız. Sadəcə, qapıya qədər gedib-gələ bilərik. Amma getməyi çox istəyirik. Bilirəm ki, gedib-gələn uşaqlar, yaxınlıq edənlər var. Bunlar nə qədər gizli qalsa, bir o qədər yaxşıdır.

 

- Bir azarkeş də televiziya vasitəsi ilə sizinlə görüşmək istəmişdi. Görüşünüz necə keçdi?

- O qardaşla görüşdük. Belə bir arzu bildirmədi. Sadəcə, olaraq məni görmək istəyirdi. Mən də səfərdən sonra gələndə görüşdüm.

Xəbər xətti