Cavid İmamverdiyev: “Baş məşqçininin verdiyi qərardan küsən deyilik ki” MÜSAHİBƏ

22:22 - 18 Fevral 2017

Azərbaycan Premyer Liqasının XIX turunda baş tutan “Neftçi” – “Kəpəz” oyununda hesab açılmayıb.

 

Sportal.az xəbər verir ki, matçdan sonra “Neftçi”nin futbolçusu Cavid İmamverdiyev əməkdaşımızın suallarını cavablandırıb:

 

Çox yaxşı oyun oldu. Fikrimcə, qələbəyə layiq komanda biz idik. Amma “Kəpəz”in də haqqını yemək olmaz, yaxşı mübarizə apardılar. Gördüyünüz kimi, bir neçə imkanımız olsa da, istifadə edə bilmədik. İlk hissənin əvvəlində hakim təmiz penaltimizi vermədi. Hakimin qərarı ədalətli deyildi. Hakimlik haqqında danışmaq istəməsəm də, penalti olduğunu hər kəs gördü. Yəqin ki, rəhbərliyimiz hakim idarəçiliyi ilə bağlı lazım olan qurumlara müraciət edəcək.

 

- “Neftçi” bu gün heç də yaxşı futbol sərgiləmədi...

- Bildiyiniz kimi, özüm zədəyə görə iki həftədi oynamırdım.  Ruslanın zədə alması gözlənilməz oldu və mən isinmədən oyuna daxil oldum. Fikirləşmirəm ki, komanda zəif oynadı. Məncə, yaxşı oynadıq, imkanlarımız oldu, zəif oynasaydıq, imkanlarımız da olmazdı.

 

- Epizodların birində topun xətti keçib-keçməməsi qalmaqala səbəb oldu. Bu haqda nə deyə bilərsən?

- Onu görə bilmədim.Çünki topu vurduqdan sonra yıxılmışdım. Yəqin ki, videotəkrardan sonra baxacağıq.

 

- Amma penalti epziodu zamanı açıq-aşkar etiraz etdiniz...

- Bəli. Həmin epizodda aşkar penalti var idi.

 

- Düşünmək olarmı ki, “Neftçi” hazırda legioner futbolçulardan asılıdır...

- Deməzdim.  Düzdü, yaxşı legionerlərimiz var.  Amma sizin dediyiniz fikirlə razı deyiləm.

 

- Amma komandanı çiynində daşıya biləcək yerli futbolçu yoxdur...

- O qədər oyunçularımız var ki...Rəhman, mən, Namiq...Keçən oyunda Namiqin necə futbol sərgilədiyini gördünüz. Kimin oynayıb-oynayamayacağı baş məşqçimizin qərarından asılıdır. Baş məşqçininin verdiyi qərardan küsən deyilik ki...Elxan müəllim həmişə deyir ki, ehtiyatda oturan oyunçu zəif deyil. Sadəcə, baş məşqçimiz belə məsləhət görürsə, belə də olmalıdır.

 

- Bəzi ehtiyatda oturan futbolçular baş məşqçidən narazılıqlarını üstüörtülü şəkildə bildirirlər. Amma sən həmişə danışanda baş məşqçinizi tərifləyirsən...

- Mənim ehtiyatda oturmağım zəif olmağımdan irəli gəlmir. Sən hər dəqiqə şansını gözləməli və əlinə düşən imkandan yararlanmalısan. Əgər baş məşqçiyə etiraz edəcəksənsə, gəl baş məşqçinin yerində işlə. Mən ardıcıl bir neçə oyunda ehtiyada otursam belə, heç vaxt bu barədə danışmaram. 

Xəbər xətti