"Neftçi"nin futbolçusu: "Bizim üçün pis nəticədir" MÜSAHİBƏ

11:11 - 19 Fevral 2017

Azərbaycan Premyer Liqasının XIX turunda baş tutan “Neftçi” – “Kəpəz” oyununda hesab açılmayıb.

 

Sportal.az xəbər verir ki, matçdan sonra meydan sahiblərinin futbolçusu Pavel Dareksa əməkdaşımızın suallarını cavablandırıb:

 

- Birinci hissəyə yaxşı başlamadıq. Amma sonradan oyuna qayıda bildik. Bir neçə şansımız var idi ki, ondan istifadə edə bilmədik. Nəticədə də qələbə qazana bilmədik. Bu, bizim üçün pis nəticədir.

 

- Oyunun ilk dəqiqələrində qalmaqallı epizod oldu. Sənin fikrincə, orda “Kəpəz”in qapısına penalti təyin edilməli idi?

- Mən həmiz epizodu görə bilmədim, sözün açığı. Amma ilk hissədən və oyundan sonra uşaqlar soyunub-geyinmə otağında penalti olduğunu dedilər. Lakin hazırda bu barədə danışmaq lazım deyil. Referi penalti epizodunu görmədi və vermədi.

 

- Qış fasiləsindən sonra “Neftçi” yüksəlişdə, “Kəpəz” isə enişdə idi. Rəqibdən belə müqavimət gözləyirdiniz?

- Təbii ki, “Kəpəz”dən belə bir oyun gözləyirdik. Hər bir rəqibi oyundan qabaq təhlil edirik,  baş məşqçimiz də oyundan qabaq “Kəpəz” haqda bizə hər şey demişdi. Amma problem qol vurmamağımızda idi. Əgər qol vursaydıq, “Kəpəz” daha açıq futbol oynayacaqdı və daha çox şansımız olacaqdı.

 

- Qol vura bilməməyinizə səbəb nədir?

- Bu gün əsəbi idik. Düşünürəm ki, aqressiv olmamağımız qol vura bilməməyimizə səbəb oldu.

 

- Əsəbi olmağınıza səbəb nədir? Bəlkə tribunaların boş olması sizə pis təsir edib...

- Futbolda belə hallar baş verir. Məsələn, bu gün bundan əvvəl keçirdiyimiz oyunlara nisbətən daha zəif çıxış etdik. Bu gün əsəbi idiksə, geridə qalan oyunlarda işimiz daha yaxşı alınırdı. İndi nə alınmadı, niyə alınmadı deyə bilmərəm. Oyunu təhlil etdikdən sonra bütün səhvlərimiz üzə çıxacaq.

Xəbər xətti